Turizm
- mədəniyyətlərarası dialoqu təmin edən amil
Tələbələrin I Beynəlxalq Bakı
Konfransı öz işinə başladı
Dünən Muzey Mərkəzində "Turizm - mədəniyyətlərarası
dialoqu təmin edən amil kimi" adlı Tələbələrin
I Beynəlxalq Bakı Konfransı öz işinə
başladı. Konfransda Azərbaycan Respublikası Prezidenti
yanında Dövlət İdarəçilik Akademiyası,
Bakı Dövlət Universiteti, Azərbaycan Turizm İnstitutu,
Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət
Universiteti, Xəzər və Qafqaz universitetlərinin turizm
fakültələrinin tələbələri, həmçinin
Böyük Britaniya, Fransa, Rusiya, Gürcüstan və
Qazaxıstan kimi ölkələrin tanınmış ali məktəbləri
də təmsil edilirdi.
Konfransı giriş
sözü ilə açan mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev bildirdi ki, tədbirin
başlıca hədəflərindən biri turizmin humanitar
potensialını təşviq etməkdir: «Bu gün biz yeni
bir təşəbbüslə çıxış edirik. Belə
ki, bu tədbiri Azərbaycanın turizm potensialının təbliği
və təşviqi ilə yanaşı, respublikada turizm təhsilinin
inkişafı sahəsində görüləcək əhəmiyyətli
tədbirlərdən biri kimi də qiymətləndirmək
olar. İnkişafda olan hər bir sahə kimi, turizm sahəsində
də irəliləyişə nail olmaq üçün ən
əvvəl kadr potensialı məsələsini həll etmək
lazımdır. Elə bu məqsədlə də bir neçə
il öncə Azərbaycan Turizm İnstitutu (ATİ), Mingəçevir
Turizm Kolleci yaradıldı. Bundan başqa, ölkəmizdə
fəaliyyət göstərən bir çox ali məktəblərdə
ayrıca turizm fakültələri var. ATİ Azərbaycanda
yeganə təhsil ocağıdır ki, öz məzunlarına
ikili diplom verir. Bu institutu bitirən tələbələr həm
Avstriyanın Krems Universitetinin, həm də ATİ-nin diplomunu
alacaqlar».
Nazir üzünü
konfransda iştirak edən xarici tələbələrə
tutub dedi: «Bəlkə sizin təmsil etdiyiniz ölkələrdə
turizm sahəsi daha yaxşı inkişaf edib. Amma son 5 ilə
nəzər salsaq görərik ki, kadr hazırlığı
baxımından bizdə çox böyük işlər
görülüb. Hansı ki, turizmin inkişafına nail olmaq
üçün əsas şərt də budur. Bununla bərabər,
adıçəkilən sahənin ən mühüm
xüsusiyyətlərindən biri də xarici ölkələrin
təcrübəsindən yararlanmaqdır».
Ə.Qarayev tələbələrin
dünyagörüşünün, turizm sahəsi üzrə
biliklərinin artması baxımından konfransın işini
yüksək qiymətləndirdi.
Böyük
Britaniyanın ən böyük QHT-si olan «British Council»in Azərbaycan
nümayəndəliyinin rəhbəri Nikolə Os de
Lalüvye çıxışında ölkəsinin turizm
sahəsi üzrə yüksək təcrübəyə malik
olduğunu və bu təcrübəni hər zaman azərbaycanlı
mütəxəssislərlə bölüşməyə
hazır olduqlarını bildirdi.
Sonra xarici və azərbaycanlı
tələbələr müxtəlif mövzularla
bağlı məruzə etdilər və fikir mübadiləsi
apardılar.
Onu da bildirək ki,
yuxarıda da qeyd etdiyimiz kimi, artıq Azərbaycanın əksər
ali məktəblərində turizm fakültələri
açılıb. Qeyri-neft sektoruna aid sahələr içərisində
turizm perspektivli və iqtisadiyyatın ən gəlirli sahələrindən
biri olduğu üçün ixtisaslı mütəxəssislərin
yetişdirilməsi dövlət tərəfindən bu təhsil
ocaqlarının qarşısında mühüm məsələ
kimi qoyulub. Konfrans iştirakçısı, Azərbaycan
Dövlət İncəsənət və Mədəniyyət
Universitetinin Tələbə Elmi Cəmiyyətinin sədri,
kulturologiya elmləri namizədi Yeganə Əliyeva deyir ki,
çalışdığı universitet sözügedən
ixtisasın tədrisinə böyük önəm verir:
«Bugünlərdə universitetimiz tərəfindən «Beynəlxalq
mədəni əlaqələr» adlı dərslik işıq
üzü gördü. Bu dərsliyin bütöv bir fəsli
beynəlxalq turizmin problemlərinə həsr olunub. Ümumiyyətlə,
biz çalışırıq ki, tələbələrin
turizm sahəsi üzrə daha çox bilgi almasına nail
olaq. Belə tədbirlərin təşkil edilməsini də
yüksək dəyərləndirirəm. Hesab edirəm ki, bu
konfrans Azərbaycana turist cəlb etmək üçün nəzəri-konseptual
əsasların işlənib hazırlanmasında bir töhfədir».
Qeyd edək ki, konfrans Azərbaycan
Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü
ilə reallaşır və iki gün davam edəcək.
Fəxriyyə ABDULLAYEVA
Mədəniyyət.- 2009.- 22 aprel.- S. 8.