"Şeyda" tamaşası bizi
şeyda elədimi?
Hardasa hə, hardasa yox!
Hüseyn Cavidin adı Azərbaycan poeziyası,
dramaturgiyası və teatrı tarixinə qızıl hərflərlə
yazılıb. Cavid dramaturgiyasına müraciət zaman-zaman
istər rejissorlar, istərsə də aktyorlarımız
üçün sənət imtahanı sayılıb və
bu gün də sayılmaqdadır. Aprel ayının 17-də
Azərbaycan Dövlət Opera və Balet Teatrında rejissor Mərahim
Fərzəlibəyovun quruluşunda böyük dramturqun
“Şeyda” pyesinin tamaşasının premyerası növbəti
sənət imtahanı idi.
Cavidin “Şeyda” pyesində
iki əsas xətt var: sevgi və sosial-siyasi həyat. Əsərdə
bu iki xətt üzvi surətdə birləşir və vəhdət
təşkil edirlər. Lakin romantik ədib kimi sevgi mövzusu
Cavidin diqqət mərkəzindədir. Və təsadüfi
deyil ki, o, öz qəhrəmanını Şeyda
adlandırır ki, bu sözün də arxasında vurğun,
aşiq, bir sözlə, klasik şərq ədəbiyyatından
bizə yaxşı məlum olan məcnunluq durur.
H.Cavidin eşq mövzusuna müraciəti
“Şeyda”dan bir neçə il əvvəl qələmə aldığı
“Şeyx Sənan”
faciəsində
özünün daha parlaq ifadəsini tapmışdı. Lakin əgər dramaturq “Şeyx Sənan”da sevgi mövzusuna dini ayrı-seçkilik
fonunda baxırdısa,
“Şeyda”da sosial qarşıdurma prizmasından baxır.
Rejissor tamaşada bu iki xəttin hər ikisini diqqət mərkəzində
saxlayır. Lakin
o, Cavid
dramaturgiyasına yaradıcı yanaşır və ona müasir Azərbaycan ictimai-siyasi həyatı yönündən baxmağa çalışır. Bu, özünün daha qabarıq ifadəsini sosial
problemlərə münasibət məsələsində
tapır. Bunun hesabına
tamaşaçı səhnədə baş
verənlərə sadəcə ötən əsrin ikinci onilliyinin hadisələri
kimi yox, həm də günümüzün olayları kimi baxa bilir.
M.Fərzəlibəyov otuz illik rejissorluq fəaliyyəti ilə Azərbaycan teatr tarixində öz
üslubunu,
öz aktyorlarını, bir sözlə öz teatrını
formalaşdırmış sənətkardır. “Şeyda” tamaşasında baş
rolun respublikanın əməkdar artisti Sabir Məmmədova
həvalə olunması bu baxımdan qanunauyğun görünür.
Çünki S.Məmmədov M.Fərzəlibəyovun
əksər tamaşalarında baş
rolların əsas ifaçılarından biri
kimi tanınır. Məlahətli səsi,
təbii ifası ilə tamaşaçıların rəğbətini
qazanan aktyorun Şeyda rolu da ən ümumi şəkildə
götürəndə pis deyildi.
Amma bu ifanı ən
yaxşı halda minimum
tələblərə cavab verən bir ifa adlandırmaq mümkündür. S.Məmmədov isə
hazırda yaşının və sənətinin elə bir dönəmindədir ki,
tamaşaçının ondan ən
yüksək ifa gözləmək
haqqı var.
Aktyor obrazı iki mərhələdə
oynayır. Birincisi səliqəli geyinmiş, təmkinli, kübar
ədaları ilə yadda qalan
Şeyda; ikincisi, istər
şəxsi həyatı, istərsə də sosial
mühitdə baş verən olaylarla bağlı olaraq daxili müvazinəti tədricən pozulan, az qala
ruhi xəstəlik həddinə çatan Şeyda. Sahibkar tərəfindən
istismar olunan fəhlələri
öz haqları uğrunda
mübarizəyə çağırdığı səhnələrdə
aktyor nə qədər təbiidirsə, Roza ilə romantik sevgi səhnələrində onun
ifası bir o qədər
zəif təsir bağışlayır. Aktyor
məhəbbət səhnələrini yaşamır, məhz
oynayır. Cavidin romantik
sevgi şeirlərini ifa
edən aktyorun səsində, ümumi ifa tərzində
böyük dramaturqun
romantizminə qarşı gizli bir etinasızlıq duyulur.
Sanki bu səhnələri
o öz vəzifə borcunu yerinə yetirirmiş
kimi ifa edir, qəhrəmanın romantik
aləmini bütün gücü,
daxili temperamenti ilə
üzə çıxarmağa çalışmır. Nəticədə
tamaşanın finalına yaxınlaşdıqca onun öz sevgisi
yolunda çəkdiyi əzablar sanki havadan asılı
qalır. Akrtyorun ifasında istər Şeydanın özünə,
istərsə də onun Rozaya
bəslədiyi sevgiyə qarşı gizli
bir ironiya var. Ümumən, qəhrəmanların məhəbbəti
lazımi vüsətiylə açılmadığından
nə Şeydanın əzabları, nə də Rozanın ona xəyanəti lazımınca əsaslandırılmır,
inandırıcı görünmür.
Roza Müller rolunun ifaçısı Məsmə
teatra ilk gəlişindən tamaşaçıların nəzər-diqqətini cəlb edən istedadlı
aktrisadır. Onun
zərif, plastik hərəkətləri,
sevən və sevilən gənc qıza uyğun
şıltaqlığı, düşüncəli
baxışları razılıq doğurur.
Məsmənin Rozası öz təbiəti
etbarilə bir qədər mütərəddid
qızdır. O, romantik, üsyankar
Şeydaya sevgisi ilə
varlı, yaraşıqlı, Avropada təhsil
alıb qayıtmış gənc Əşrəfə
münasibəti arasında tərəddüd edir.
Məsmə iki hissin əlində
qalan Rozanın daxili tərəddüdlərini
bəzən sadəcə baxışları ilə zala çatdıra bilir. Amma aktrisanın uzun
müddətdən bəri kinodublyajda
çalışmasından irəli gələn diksiyası süni təsir bağışlayır. Bundan başqa öz yaradıcılıq təbiəti
etibarilə komediyaya meyilli
Məsmə romantik faciə ampluasına
lazımınca düşə bilmir. Yeri gəlmişkən, kinodublyajdan
gələn danışıq vərdişlərinin səhnə
obrazının canlandırılmasına
açıq-aşkar surətdə mane
olması S.Məmmədovun da ifasında hiss olunur.
Rozanın anası Mariya rolunun ifacısı
Dilarə
kifayət qədər səhnə təcrübəsi olan aktrisadır. O, rolu iki
durumda göstərir. Bunlardan
birincisi yeganə qızını “dəli”,
üsyankar, romantik Şeydaya verməkdənsə, əsilzadə
Əşrəfə vermək istəyən meşşan
alman qadınıdır. Aktrisanın hərəkətləri,
danışığında sanki bir şablon var və bu, ilk baxışdan tamaşaçıya süni görünür.
Amma özünü kübar sayan meşşan qadını bu
cür təqdim etmək əslində məntiqidir.
Aktirsa bu səhnələrdə
əslində rol içində rol oynayır. İkinci Mariya artıq kübar
xanım maskasını çıxarıb. O,
qızını itirmiş anadır. Mariya Rozanın məzarı üstündə
ağlayır, fəryad edir və bu zaman müəyyən əndazəni
qoruyub saxlayır. Aktrisanın hərəkətləri,
davranışı gözəl görünüş
yaradır. Amma bütün
bunlarla yanaşı o
daha çox texniki səs imkanları ilə ötüşür, hiss olunur ki, bu
fəryad, hıçqırıqlar təcrübə
hesabına qazanılan vasitələrlə həyata keçirilir. Və yəqin buna
görə Dilarə Rozanın faciəsinə tamaşaçıları
ağlada bilmir,
tamaşaçı estetik həzzin ən
yüksək həddinə çatmır, səhnədəki
faciə zalda gözlənilən effekti vermir.
Tamaşada uğurla yaradılmış
rollar sırasında əməkdar aktrisa Sevinc Məmmədovanın Ölüm mələyi obrazını göstərmək olar.
Bütün tamaşa boyu
vaxtaşırı səhnəyə çıxan, cilddən-cildə,
dondan-dona düşən bu
obraz ifaçıdan gərgin dinamizm, plastika, klassik romantik vüsət
tələb edir və demək olar ki, aktrisa
öz üzərinə düşən rolu lazımınca yerinə yetirə bilir. Xüsusən tamaşanın
sonlarına doğru gah
öldürülmüş Roza, gah da
Ölüm mələyi kimi
görünən bu obrazın roldan-rola keçidini aktrisa dəyişən səs çaları
ilə zala çatdıra bilir.
Finala yaxın obrazın dinamizmi
yüksəlir, səhnədə fırfıra kimi fırlanan aktrisanın ifasındakı rəqslər
daha bitkin, daha görümlü
şəkil alır və razılıq doğurur.
Finalda
Dilarənin Oktyabr inqilabı və sovet rejiminin simvolu olan oraq-çəkiclərlə
bəzədilmiş, quş
qanadlarını xatırladan geniş qollu, al qırmızı libasda səhnəyə çıxması,
şərin təntənəsini ifadə edən
çılğın, qalibanə rəqslər ifa etməsi tamaşanın yaddaqalan
səhnələrindən hesab oluna bilər.
Xalq artisti Hacı İsmayılovun Müller obrazı hadisələrin inkişafında az yer tutur. Aktyor Müllerin öz arvadı
Mariya ilə birgə qızı
Rozanın qəbri üzərinə gəldiyi və monoloq dediyi səhnəni
daxilən yaşayaraq, amma
həm də müəyyən ölçünü
gözləyərək oynayır. Aktyorun
dolmuş gözləri, titrəyən səsi
gənc qızı faciəli surətdə öldürülmüş
atanın daxili iztirablarını pis ifadə etmir. Amma aktyor tipik
alman xarakterinin müəyyənləşməsi
üçün elə bir
yaddaqalan cizgi, ştrix tapa bilmir.
Tamaşada sosial qarşıdurma xəttinin əsas təmsilçilərindən biri mətbəə
işçisi Musadır. Bu
rolun ifası Rövşən Kərimduxta
həvalə olunub. Orazın
inkişafı iki mərhələdə verilir: yazıq, miskin Musa və intiqam hissiylə
yaşayan çılğın Musa.
Musa istehsalat zamanı şikəst olub, qolunun birini itirib, üstəlik sahibkar evini də onun əlindən alıb. Onun
qardaşı və balaca oğlu
aclıqdan, kasıblıqdan ölüb. Musa intiqam hissiylə
yaşayır. Və intiqamını alır - sahibkarın oğlu Əşrəfi güllə ilə yaralayır,
onun özünü
isə çəliklə boğub öldürür. Amma aktyor çəliyi sahibkarın
boğazına o qədər ehtiyatla qoyur ki, tamaşaçı bu cür incəliklə kimisə boğub öldürməyin
mümkünlüyünə şübhə edir.
Rozanın ölümü də
şübhəli qalır - məlum olmur ki, Musa onu
bilərəkdən vurur, yoxsa
Əşrəfi vurmaq istəyərkən
güllə qıza təsadüfən dəyir.
Bütövlükdə götürəndə, R. Kərimduxtun
ifasında istər Musanın birinci - miskin halı, istərsə də ikinci - üsyankar və
qisasçı halı daha çox zahiri ifadə
vasitələri ilə əks olunur. Aktyor üzdən gedir,
obrazın daxili psixoloji
yaşantılarını lazımınca verə bilmir, nəticədə surət sxematik alınır.
Epizodik qəbirqazan rolunda səhnəyə çıxan və
cəmi bir neçə
kəlmə sözü
olan Əlvida Cəfərov isə göstərdi ki, doğrudan da rolun
böyük-kiçiyi olmur və
aktyor bircə epizodla da yadda qala bilər.
Həddindən artıq mərsiyə və ağlaşma havasına köklənmiş
kütləvi səhnələrin ifacıları
isə bizcə,
tamaşaya ifrat pessimist ovqat gətirirdilər. Onlardan
bəzilərinin nə dediyi isə sadəcə
aydın olmurdu.
Tamaşa patetik bir finalla bitir: aktyorların vətənpərvərlik ifadə edən çıxışlarının müşayiəti ilə Azərbaycanın dövlət bayrağı
bütün səhnə boyu qalxır.
Və bir dəfə qalxan
bayrağın bir daha
enməyəcəyi qənaəti təsdiqlənir. Bu bayrağı öz
qanı, canı bahasına qaldıran Azərbaycan vətəndaşı
xoşbəxt yaşamağa layiqdir. Tamaşadan doğan başlıca qənaət budur. İdeya
öz-özlüyündə gözəldir, amma
bizcə, nə demək və necə demək hələ fərqli
şeylərdir.
Sabutay
Mədəniyyət.- 2009.- 22 aprel.- S. 7.