Azərbaycanda ilk antirepriz tamaşa

 

Elçinin «Şekspir» dramı ilə Azərbaycanda ilk antirepriz tamaşa teatr tariximizə daxil oldu. Tamaşaçılara yeni yaradıcılıq baxımından təqdim edilən tamaşa ötən həftə «Üns» Yaradıcılıq Səhnəsində nümayiş edildi. Dəlilərə və ağıllılara bölünmüş səkkiz personajlı tamaşada antirepriz üsluba uyğun olaraq müxtəlif teatrların xüsusi istedadlı aktyorları iştirak edirdi. İkihissəli «Şekspir» tragikomediyasına səhnə quruluşu vermiş Bəhram Osmanovla da söhbətimiz elə bu tamaşa ilə bağlı idi.

 

- Bəhram müəllim, tanınmış yazıçımız Elçinin yaradıcılığına müraciətiniz hansı zərurətdən doğdu?

- Elçin müəllimlə ünsiyyətim hələ sənətə yeni gəldiyim vaxtlardan başlayıb. O vaxt, təxminən 20 il əvvəl hörmətli yazıçımızın «Ölüm hökmü» romanının səhnə variantını hazırlamaq istəyirdim. Müəyyən səbəblərdən bu arzu baş tutmadı. Amma bundan sonra bir yazıçının və rejissorun bir-birilərinə sarı maraqlı addımlama prosesi başladı. Nəhayət, 2 il əvvəl Elçinin «Şekspir» pyesini hazırladıq, sonra Milli Dram Teatrının səhnəsində onun «Arılar arasında» əsəri ilə çıxış etdik. Bunlardan əlavə, mən Elçinin ədəbi publisistik və bədii yaradıcılığını həmişə xüsusi maraqla izləmişəm. O, yaşadığı dövrün bədii tərəflərini yazmaq bacarığı, məhsuldarlığı ilə fərqlənən yazıçıdır.

- Bəzən, teatr rəhbərləri müasir dramaturgiyamızda boşluğun yarandığını önə çəkirlər...

- Boşluq yoxdur. Dünyanın korifey dramaturqları və onların yaradıcılıqları var. Sözsüz ki, biz milli dramaturgiyamıza xüsusi olaraq müraciət etməliyik. Cəfər Cabbarlıdan İlyas Əfəndiyevə qədər təxminən 50 illk məsafədə yazıçılarımız dramaturgiya sahəsində də əsərlər ortaya qoyublar. 60-cı illər ədəbi nəslinə mənsub yazıçılar ən azı bir neçə dram yazıblar. 70-ci illər nəslinə mənsub məşhur yazıçı və şairlərimiz də dram yaradıcılığına qoşulublar. İndi onlar yaddan çıxıb. 80-ci illərdən isə Elçin, Əli Əmirli öz dram əsərləri ilə yeni səhifə açdılar. Bu pyeslərin səhnə həyatı dövründə həm də yeni aktyor və rejissor nəsli yetişdi. Şəxsən mənim üçün Elçinin, Əli Əmirlinin dramları kifayətedici görünür, teatrlar əsər sarıdan narazılıq edə bilməz. Az-az adamlar dramaturgiyaya müraciət edir və onların sayının çox olması da vacib deyil. Eyni zamanda bu gün həmin sahədə özünü sınamaq istəyənlər və var. F.Mustafa, E.Hüseynbəyli və digərləri də pyeslər yazırlar.Bu sırada olan Əjdər Olun da iki pyesini tamaşaya hazırlamışam. Mən hər ay 4-5 pyes oxuyuram, amma bu o demək deyil ki, hər pyes yazana dramaturq demək olar. Yeni estetika yeni oyun tərzi, yeni üslüb baxımından Elçinin və Əli Əmirlinin əsərlərini qəbul edirəm.

- Keçək bugünkü tamaşaya, «Şekspir» ilk antirepriz tamaşa idi. Rejissor kimi tamaşanıza qiymətiniz maraqlı olardı.

- «Şekspir» əsəri birbaşa «Üns» Yaradıcılıq Səhnəsi üçün yazılıb. Bu sənət layihəsinin müəllifi Nərgiz xanım Paşayevadır. «Şekspir» Azərbaycan teatr sənətində antirepriz tamaşa üslubunda hazırlanan ilk əsər oldu. Bu üsul müxtəlif oyun tərzi, sənət baxışları olan aktyorları bir üslubda birləşdirmə formasıdır. «Üns»ün tam truppası yoxdur. Biz 8 personaja tamaşa üçün müxtəlif teatrlardan, qeyd etdiyim kimi fərqli oyun tərzləri olan 30 aktyor dəvət edib seçim etdik. Onların oyununu vahid üslubda birləşdirmək çətinliyi mövcud idi və bu proses 4 ay davam etdi. Məqsədimiz böyük kriteriyalara cavab verən tamaşa hazırlamaq idi. Sirr deyil ki, bu gün bəzən teatrlarda ucuz tamaşaçı zövqünə hesablanan tamaşalar da göstərilir, vulqarizmə yol verilir. Amma «Üns»də buna qəti qadağan var. İnsani hisslərə cavab verən, qəlblə döyünən və beyinə təsir edən tamaşalara üstünlük verilir. «Şekspir» də bu kriteriyalara cavab verən bir əsərdir. Aktyorlar da yüksək səviyyədə səhnə çıxışı üçün bütün çətinliklərdən keçdilər. Aktyorlardan müəllif yazısına hörmətdən tutmuş, bir çox vacib keyfiyyətlər tələb olunurdu. Tamaşadan sonra aktyor oynu haqqında mübahisə və təriflər söylənilir. Bu, «Üns»ün qələbəsi, ümumilikdə teatr sənətinin qələbəsidir. Teatrın rəhbəri Nərgiz xanım Paşayevanın Azərbaycan teatrını yüksək səviyyədə aparmaq yolunda biz sadəcə olaraq köməkçi olmuşuq.

- Biz tamaşaçılar bu gün yorulmadıq, zövq aldıq. Sizcə, bu ortaya qoyulan ideyayla bağlı idimi?

- Tamaşa bir çox plasları özündə birləşdirir. Biz isə bir ideyanı daha çox önə çəkdik. İnsanın bütün elmi kəşfləri onun özünün əleyhinə çevrilir. Yalnız bir kəşf var, ədəbiyyat, sənət. Şekspir sənəti dünyada qəbul edilmiş bir məbəddir və insanlığa xidmət edir. Bunun üçün tamaşa «Şekspir» adlanıb. Tamaşa insanın insanı qəbul etməsini, müdrikliyi təbliğ edir.

- Rejissor teatrı, aktyor teatrı anlamı var. Bu tamaşa hansının üstünlüyü idi?

- Son 100 ildə teatr rejissor teatrı olsa da, nəticədə tamaşaçı ilə ünsiyyəti aktyorlar qurur. Mən bu tamaşada vahid ansamblın ifasına çalışmışam. Burada hansısa aktyor ön plana çəkilmir. Hamı eyni şövqlə, eyni templə rolunu oynayır.

- Hər bir rejissor dramaturji mətnə dramaturqdan fərqli traktovka verə bilər. Çünki dramaturq pyesin, rejissor isə tamaşanın müəllifdir. Sizin bu tamaşada dramaturqdan fərqli fikirləriniz oldumu?

- Rejissorun dramaturqdan fərqli yozumu olduğu kimi, onların fikri üst-üstə də düşə bilər. Hər hansı bir məsələdə olduğu kimi, bu məsələdə də mütləq qayda yoxdur. Konkret olaraq, “Şekspir” tamaşasında mən dramaturqun fikirlərinin səhnə ifadəsini verməyə çalışmışam.

- “Şekspir” postmodernist tragikomediyadır. Postmodernizm isə dünya bədii fikrinin aparıcı, qabaqcıl istiqamətlərindən biri sayılır. Belə bir əsərin səhnə həllini verərkən qabaqcıl dünya teatrlarının nailiyyətlərindən istifadə etmisinizmi?

- Antirepriz - yəni tamaşada rol alan aktyorların müxtəlif teatrlardan yığılması özü dünya teatrının son nailiyyətlərindən biri hesab oluna bilər və mən də aktyor seçimində bu yolla getmişəm. Bundan başqa, müasir teatr tamaşalarında qabarıq görünən ayrı-ayrı aktyor oyunları yox, ümumən ansamblın uğuru əsas götürülür. Tamaşalar ayrı-ayrı aktyorların oyunu üstündə qurulmur. Fikir vermisinizsə, “Şekspir” ayrı-ayrı aktyorlardan daha çox, əsas rollardan tutmuş epizodlara qədər bütün heyət nəzərə çarpır.

- Dünya teatrları ilə əlaqələr problemini necə həll edirsiniz?

- Rusiyanın müxtəlif yerlərinə, Türkiyəyə qastrol səfərlərimiz olub. Quruluşçusu olduğum “Kral Lir” tamaşası ilə Moskvada keçirilən teatr festivalında iştirak etmişik. Tamaşa Rusiyanın nüfuzlu teatrları tərəfindən rəğbətlə qarşılandı. Fikirlərimdən belə aydın oldu ki, onlar Azərbaycanda belə bir teatrın olduğunu, bu səviyyədə tamaşalar hazırlandığını heç güman etmirmişlər. Türkiyəyə qastrollarımızın nəticələri də uğurlu olub. Bu yaxınlarda isə aldığımız dəvət əsasında Norveçə səfərimiz gözlənilir.

- Bütün gənc istedadlar kimi sizin sənət yolunuz da çətinliklərdən keçib. Bu gün isə siz respublikamızın aparıcı rejissorlarından biri sayılırsınız. Bəhram Osmanovun sənətdə indi hansı problemləri var?

- Sizin dediyiniz çətinliklər artıq arxada qalıb. Amma hər yaş dövrünün öz çətinlikləri olur. Bu gün mənim əsas çətinliyim yaşın gətirdiyi məsuliyyət hissi ilə bağlıdır. Çünki insanın yaşı artdıqca sənətdə məsuliyyət hissi də artır.

- Siz bütün yenilikçi və müasirlik tərəflərinizlə birlikdə həm də klassikaya bağlı rejissor kimi tanınırsınız. Sofoklun “Şah Edip”, Onilin “Qarağaclar altında ehtiraslar”, Şekspirin “Kral Lir” əsərləri əsasında hazırladığınız tamaşaları yada salmaq kifayətdir. “Şekspir” tamaşası rejissorunun klassikaya, özəlliklə də Şekspirə müraciət etmək fikri varmı?

- Klassikaya müraciət mənim üçün maraqlı olduğu qədər də məsuliyyətlidir. “Romeo və Cülyetta”nı hazırlamaq çoxdankı arzumdur. Amma Cülyettanı, yaxud Romeonu oynayacaq aktyorları hələ ki görmürəm. Şekspirin “İkinci Riçard”, “Maqbet”, Alber Kamyünün “Kaliqula” pyesi ilə bağlı arzumu da eyni səbəbdən həyata keçirməyə tələsmirəm.

- Sadaladıqlarınız daha çox mənfi qəhrəmanlı əsərlər oldu. Müsbət qəhrəmanlara inamınız yoxdur?

- Bu məsələdə bizim fikirlərimiz fərqlidir. Məsələn, mən sizdən fərqli olaraq Maqbeti mənfi qəhrəman saymıram. Bu əsərdə mənfi qəhrəman, şərin təmsilçisi Ledi Maqbetdir. Kaliqula, Riçarda gəlincə, sizinlə razıyam. Bu qəbil qəhrəmanlara müraciət etmək arzum isə birbaşa mənim şəxsi istəyimlə bağlı deyil. Müasir dünya və insan özü şər qəhrəmana meyillidir. Teatrın vəzifəsi isə dünyanı əks etdirməkdir.

- Finalda müsahibə adətən, «hazırda nə üzərində işləyirsiniz?» sualını verirlər. Biz də bu məsələdə ənənəni pozmaq fikrində deyilik.

- Hal-hazırda dramaturq Əli Əmirlinin “Sevən qadın”ının məşqləri üzərində çalışıram. Təxminən bir aya tamaşanı təhvil vermək fikrindəyəm. Bundan başqa, Elçinin “Ölüm hökmü” romanını səhnələşdirmək planım var.

- Maraqlı müsahibə üçün sizə oxucularımız adından minnətdarlığımızı bildirir, yeni yaradıcılıq uğurları arzu edirik.

- Sağ olun.

 

 

Söhbətləşdi: Sabutay

 

Mədəniyyət.- 2009.- 22 aprel.- S. 6.