Şərur yallısı
dünyanı gəzir
Üzeyir Hacıbəyovun xeyir-duası ilə fəaliyyətə
başlayan ansambl bu il 80 yaşını qeyd etməyə
hazırlaşır
Xalqımızın
müstəqillik yoluna qədəm qoyduğu indiki şəraitdə
xalq yaradıcılığının, əsrlər boyu
yaranan mənəvi və maddi-mədəniyyət nümunələrnin
öyrənilməsi, ənənəvi sənət sahələrinin
dirçəldilməsi, onların geniş şəkildə
tətbiq və təbliğ olunması mühüm əhəmiyyət
kəsb edir... Azərbaycanın qədim Naxçıvan
torpağında yayılmış el sənəti nümunələri
böyük və zəngin bir tarixi mərhələni, mədəni
inkişaf dövrünü əhatə edir. Qədim
sivilizasiyaya və müasir mədəni inkişafa layiqli
töhfə olan bu yaradıcılıq nümunələri
xalqımıza xas olan milli xüsusiyyətləri və
xarakteri, adət-ənənələri, həyat və məişət
tərzini özündə birləşdirir.
Xalqımızın
igidliyini, qəhrəmanlığını, adət-ənənələrini
özündə əks etdirən Şərur
yallılarının əsrlərdən bəri
yayılması və yaşadılması yurdumuzun bu guşəsinin
həm qədimliyindən, həm də mənəvi zənginliyindən
soraq verir.
Gəlin bir qədər geriyə qayıdaq. 1937-ci ildə böyük bəstəkar
Üzeyir Hacıbəyovun
keçmiş SSRİ Ali Sovetinə
Şərur rayonunun indiki Cəlilkənddən
deputatlığa namizədliyi
irəli sürülür.
Seçiciləri ilə
görüşə gələn
bəstəkarın şərəfinə
klubda bədii özfəaliyyət kollektivi
konsert verir. Səhnədə bir-birini
əvəz edən yallı və rəqslər Üzeyir bəyi valeh edir. Axırda Üzeyir Hacıbəyov bədii özfəaliyyət
kollektivinə xeyir-dua
verir və arzu edir ki,
onlar xalqımızın
qədim yallılarını,
rəqslərini dünya
xalqları qarşısında
nümayiş etdirsinlər.
Əslində Şərurda
yallı qrupu 1929-cu ildən fəaliyyət göstərirdi. Yengicəli
Həsən bəy adlı bir ziyalı
Yengicə, Çərçiboğan,
Çomaxtur, Oğlanqala,
Cəlilkənd və
digər kəndlərin
istedadlı gənclərini
başına toplamış,
unudulmaqda olan yallılarımıza yeni
nəfəs vermiş,
səhnəyə çıxarmışdır.
Elə Üzeyir bəyin qarşısında
rəqs edən gənclərin çoxu da Həsən bəyin yetirmələri idi. Üzeyir bəyin yallı kollektivinə xeyir-dua verməsi rayonun və muxtar respublikanın o zamankı
rəhbərlərinin nəzərini
incəsənətin bu
sahəsinə yönəltmiş,
qədim yallılarımızın,
rəqslərimizin taleyi
üçün onların
məsuliyyətini artırmışdır.
Cəmi bir il sonra, yəni
1938-ci ildə «Şərur» Yallı Ansamblı Üzeyir
Hacıbəyovun təşəbbüsü ilə Moskvada
keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti
dekadasına - ongünlüyünə dəvət alır. Oğlanqala kənd
sakini Səyyub Abdullayevin rəhbərlik etdiyi yallı ansamblı Üzeyir bəyin etimadını doğruldur, Moskvada böyük uğur qazanır. Bundan sonra Üzeyir Hacıbəyov ansamblın
kollektivinə təbrik
göndərir. Beləliklə,
Moskvadakı uğurlu
çıxışları ilə şöhrətlənən
kollektiv tez-tez muxtar respublikanın şəhər və rayonlarına, kəndlərinə
qastrol səfərlərinə
çıxır, rəngarəng
konsert proqramları ilə çıxış
edir. Elə bir bayram tədbiri
olmur ki, yallı qrupu orada öz məharətini
göstərməsin.
Bu gün də kollektiv
kənd-kənd, oba-oba gəzir, qədim rəqslərimizi,
yallılarımızı toplayaraq repertuarını daha da zənginləşdirir.
Hazırda onların
repertuarında 40-dan artıq
yallı və rəqs vardır. «Qaladan-qalaya», «Hoydunərim»,
«Qazı-qazı», «Naxçıvan»,
«İrəvan», «Xələfi»
yallıları, «Üzüm»,
«Bayram», «Fəridə»
rəqsləri tamaşaçıların
böyük rəğbətini
qazanıb.
Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universitetinin
məzunu Kimya Babayeva 1979-cu ildən taleyini birdəfəlik
olaraq yallı kollektivinə bağlamış, səmərəli
fəaliyyətinə görə Azərbaycan
Respublikasının əməkdar mədəniyyət
işçisi fəxri adına layiq
görülmüşdür. O, 2005-ci ildən «Şərur»
Xalq Yallı Ansamblına rəhbərlik
edir. Söhbət zamanı Kimya Babayeva bildirirdi ki, mədəniyyətə
daim qayğı göstərən ulu öndərimiz Heydər Əliyev hələ Azərbaycan KP MK-nın birinci katibi işləyərkən «Şərur»
Xalq Yallı Ansamblını Azərbaycanın
bir çox mötəbər məclislərinə
dəvət etmişdir.
«Şərur» Xalq Yallı Ansamblı bu gün də
diqqət və qayğıdan kənarda deyil. Təsadüfi deyildir ki, bu
qədim ansambl haqqında Naxçıvan
MR Ali Məclisinin sədri
Vasif Talıbov belə bir yüksək
fikir söyləmişdir:
«Naxçıvanın üç
incisi bizim üçün xüsusi
ilə əzizdir. Əshabi-Kəhf, Gəmiqaya
və Şərur yallıları. Biz bu inciləri qoruyub saxlamalıyıq».
Xalqımızın yaratdığı
rəqslər saysız-hesabsızdır.
Əsas məsələ
rəqsin, yallının
milli üslubunu qoruyub saxlamaq, onun təlqin etdiyi fikri, emosional
təsir gücünü
zərif, incə çalarlarla tamaşaçılara
çatdırmaqdır. Bir
vaxtar «Şərur» Xalq Yallı Ansamblının üzvü
olmuş, indi isə onun bədii
rəhbəri kimi fəaliyyət göstərən
Mircəfər Həsənovun
fikrincə, yallının
hər bir növündə xalqımızın
qəhrəmanlıq mübarizəsi
yaşayır.
Bəli, Şərur
yallıları da ilkin insan yaşayış mağarası
olan Əshabi-Kəhfdə insanlar yaşayanda, Gəmiqayada
daşlara öz tarixini köçürəndə
yaranıb. Onu da deyək ki, müxtəlif illərdə
kollektivə məşhur rəqqasələr - xalq artistləri
Əminə Dilbazi, Roza Cəlilova, əməkdar artist Aliyə
Ramazanova və baletmeyster Əli Əşari yaxından kömək
etmiş, rəqqasların ustalığının,
ifaçılıq texnikasının artırılmasına,
repertuarının zənginləşməsinə köməkliklərini
əsirgəməmişlər.
«Şərur» Xalq
Yallı Ansamblı 1972-ci ildə Almaniyada, 1984-cü ildə
Polşada, 2001-ci ildə Misirdə keçirilən Beynəlxalq
Folklor festivallarının laureatı olmuşdur. Bundan əlavə,
ansambl 1980-ci ildə Macarıstanda keçirilən
Azərbaycan mədəniyyəti
və incəsənəti
ongünlüyündə, 1987-ci ildə Türkiyənin İsgəndəriyyə şəhərində
keçirilən folklor
bayramında, 1998-ci ildə
Bayburt şəhərində
«Dədə Qorqud» festivalında maraqlı konsert proqramı ilə çıxış
etmişdir. Ansamblın
mükafatlarının, təltiflərinin
sayı-hesabı yoxdur.
Təkcə onu demək kifayətdir ki, 2005-ci ilin may ayında İstanbul şəhərində keçirilən
folklor festivalında
57 ölkənin folklor
kollektivi arasında «Şərur» Xalq Yallı Ansamblı birinci yeri tutmuş,
festivalın mükafatına
və diplomuna layiq görülmüşdür.
Bəli, vaxtilə böyük Üzeyir bəyin xeyir-dua verdiyi yallı qrupu onun ümidlərini
doğruldaraq indi məşhur ansambl kimi dünyanı dolaşır.
Bu ilin payızında
«Şərur» Xalq Yallı Ansamblının yaradılmasının
80 illiyi tamam olur. Kollektiv öz yubileyinə ciddi hazırlaşır. Bunun üçün geniş tədbirlər planı nəzərdə tutulmuşdur.
Tədbirlər planına
uyğun olaraq rayonun klub və
mədəniyyət evlərində
fəaliyyət göstərən
yallı ansambllarına
baxış-müsabiqə keçiriləcəkdir.
Şərurda
tanınmış bir yallı kollektivi - Çərçiboğan
kənd mədəniyyət evinin nəzdində «Nurani» Xalq
Ansamblı da fəaliyyət göstərir. «Nurani»
1987-ci, 1988-ci illərdə Moskvada keçirilən festivalların, 1998-ci ildə
isə «Şərur» Xalq Yallı Ansamblı ilə birlikdə Türkiyənin
Bayburt şəhərində
keçirilən folklor
festivalının iştirakçısı
olub, ölkəmizi ləyaqətlə təmsil
edib. «Nurani» ansamblının (bədii
rəhbəri Bəxtiyar
Mehdiyevdir) ifa etdiyi qədim yallılarımızda əsasən
igidlik, qəhrəmanlıq
təcəssüm olunur.
Yaşlı kənd ağsaqqllarının ifasında
bütün bunlar tamaçıda bir məğrurluq, qürur hissi oyadır.
Cəfər Əliyev,
«Şərurun səsi» qəzetinin əməkdaşı
Mədəniyyət.-
2009.- 22 aprel.- S. 5.