Kəngərli türk tayfalarındandır
Aparılan son
araşdırmalar göstərir ki, Naxçıvandakı məşhur
Kəngərlilər qədim türk tayfası olub, çox qədim
tarixə malikdir. “Kəngər” sözü Aral və
Balxaş gölləri arasında yerləşən qədim
Kəng (“Avesta”da Xənqxoy, Çin mənbələrində
- Kənquşu) dövlətinin III əsrdə hunlar tərəfindən
işğalından sonra ortaya çıxmış və həmin
dövrdən etibarən yerli əhali ilə hunların
qaynayıb qarışmasından təşəkkül
tapmış hundilli etnos özünü kəngər
adlandırmağa başlamışdır.Kəngərlinin
şimal qonşuları olan pəsənq qəbilələri
də hunlarla qaynayıb qarışdıqlarına və Kəngərli
ilə eyni dövlətdə birləşdiyinə görə
onlarla tayfa ittifaqı yaratmışlar. Tarixi sənədlərə
istinadən qeyd etmək olar ki, VIII əsrdən etibarən bu
tayfa ittifaqına daxil olan etnoslar daha çox peçeneq
adlandırılırdılar.
IX əsrin sonlarında
ruslarla ittifaqa girən guzlar (oğuzlar) kəngərliləri
özlərinə tabe etmiş, peçeneqləri isə
öz yerlərindən qərbə - Don çayının
sahillərinə qədər qovmuşdular.Güman edilir ki, kəngərlilərin
bir hissəsi hələ IV-V əsrlərdə Şimali
Qafqazdan Azərbaycana gələn hunlara qoşulmuşdur. Kəngərlilərin
həmin dövrdən etibarən Naxçıvan ərazisində
yaşamaları haqqında məlumatlar vardır. IX-X əsrlərdə
Cənubi Qafqazın ərazisində yaşayan kəngərlilər
Xarəzmşahların icazəsi ilə bu ölkəyə
köçüb İslam dinini qəbul etdikdən sonra tarixi
mənbələrdə “Kəngli” adı ilə
tanınmağa başlamışlar. IX əsrdə Səlcuq
türkləri Qərbi İranı və Cənubi Qafqazı
tutduqdan sonra “Kəngli” tayfaları da bu yürüşlərdə
iştirak etmiş və oğuz - səlcuqların tərkibində
Azərbaycana gəlmişlər. Səfəvilər dövlətinin
yaradıcısı və banisi Şah İsmayıl Xətainin
1501-ci ildə hakimiyyətə gəlməsi ilə (qeyd edək
ki, Səfəvilər dövrü 1501-1736-cı illərdir) Kəngərlilər
ölkənin siyasi həyatında mühüm rol
oynamışdır. XVII əsrdə Azərbaycan vilayətinə
daxil olan Naxçıvan kəngərlilərin irsi
torpağı idi. XVIII əsrdə Naxçıvan
xanlığının yaradıcısı Hacı xan, Rəhim
xan, Kəlbalı xan Kəngərlilər mühüm rol
oynamışlar. Araşdırmalara və arxiv materiallarına
əsaslanaraq belə qənaətə gəlmək olar ki, kəngərli
tayfasının xan nəslindən olan nümayəndələri
Naxçıvan tuməninin hakimi, bəy nəslindən
olanları isə hakimin vəkili kimi fəaliyyət göstərmişdir.
Xanlıqlar dövründə kəngərlilərin bir qismi
(XVII-XVIII əsrlərdə) Qarabağa
köçürülmüşdü. Ağdam və Tərtər
rayonlarındakı Kəngərli kənd adları da bununla
bağlı idi. 1828-ci il Türkmənçay müqaviləsinə
(2-ci İran-Rusiya müharibəsi - 1826-1828) görə
Naxçıvan xanlığı Rusiya tərəfindən
işğal olunsa da, kəngərlilərin ən nüfuzlu
nümayəndələri 1840-cı ildən “Naib” titulu ilə
vəzifədə olmuşlar. Kəngərlilər arasında
bir sıra görkəmli dövlət, ictimai, siyasi, hərbi
və elm xadimləri olmuşdur. Kəngərlilərin ən
sonuncu xanı Ehsan xan Kəngərli olmuşdur. Qeyd etmək
lazımdır ki, eramızın əvvəllərindən
başlayaraq Naxçıvanda məskunlaşan qədim
türk Kəngər tayfasının adı ilə
bağlı “Kəngərli” məhəlləsi olmuşdur. Vaxtilə
indiki Qala məhəlləsinin bir hissəsi Kəngərli məhəlləsi
adlandırılmışdır. Hazırda, çox təəssüf
ki, bu məhəllə unudulmuşdur. Kəngərli
tayfasının tarixi çox böyükdür. Bütün
bunları bu qısa yazıda açmaq mümkün deyil. Ümid
edirik ki, gələcək nəsillər xalqımızın
tarixində mühüm rolu olmuş Kəngərli
tayfasının hərbi, ictimai, siyasi, mədəni nəslə
aid olan nümayəndələrini aşkar edib,
xalqımıza maraqlı məlumatlar çatdıracaqlar.
Hüseyn Əliyev,
Naxçıvan
Mədəniyyət.- 2009.- 22 aprel.- S. 5.