Simfonik alətlərimizin taleyi necə olacaq?
Nigar Cərullaqızı: «Valtorna, trambon, faqot, turba,
violonçel, kontrabas, altı itirə bilərik»
Qədim Şərq ənənələrinə görə,
dövlətin qüdrəti onun musiqi mədəniyyətinin
səviyyəsi ilə müəyyən olunurdu və buna
görə də böyük dövlət xadimləri onun
inkişafı və tərəqqisi üçün
çalışardılar. Şərqin bir parçası
olan Azərbaycanda Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət
Əmirov, Niyazi kimi dahilərimiz klassik musiqi sənətinin,
simfonik musiqi mədəniyyətinin dirçəldilməsi
üçün əllərindən gələni ediblər.
Zaman-zaman bu dahilərin ənənələrinə arxalanan və
simfonik musiqi mədəniyyətinin keçmiş şöhrətinin
qaytarılması, bərpa edilməsi üçün
çalışan sənətkarlarımız olub. Amma təəssüf
ki, yaşadığımız dövrdə simfonik musiqiyə
maraq getdikcə zəifləyir. Bu, özünü məktəblilər
arasında orkestr alətlərinə həvəsin
azalmasında da göstərir. Nəticədə isə
artıq bəzi orkestr alətlərinin yalnız quruca adı
qalıb. Əslində nə baş verir? Məsələ ilə
bağlı bizi maraqlandıran suallara Bülbül adına Orta
İxtisas Musiqi Məktəbinin direktoru Nigar Cərullaqızı
ilə söhbətdə cavab tapmağa
çalışdıq.
- Sizcə, nə
üçün gənc nəslin nümayəndələri
arasında orkestr alətlərinə həvəs getdikcə zəifləyr?
- Təəssüf ki, bu
gün şou-biznes bütün dinləyici auditoriyasını
öz əlinə alıb və nəticədə də ciddi
musiqiləri dinləyən auditoriyanın miqyası azalıb.
Ciddi musiqini dinləmək üçün yüksək səviyyəli
intellekt lazımdır. Bu intellektin əldə olunması isə
böyük zəhmət tələb edir. Amma bu gün
insanlar asan qazanc dalınca qaçırlar. Təəssüf
ki, bizim istəyib-istəməməyimizdən asılı
olmayaraq bu, yaşadığımız zamanın
qaydalarının diktəsidir. Adi bir misal deyim, sovet
dövründə Fərhad Bədəlbəyli
Portuqaliyanın paytaxtı Lissabonda Birinci Beynəlxalq
müsabiqənin laureatı olmuşdu. Geri dönərkən
onu çox böyük təmtəraqla
qarşıladılar. Bu, Azərbaycan üçün
böyük bir hadisə idi və bütün respublika
sevinirdi. Radio və televiziyada bu haqda verilişlər
hazırlanırdı. O zaman biz F.Bədəlbəyliyə bir
qəhrəman kimi baxırdıq və sevinirdik ki, o, bir ad
qazanıb gəlib.
Gəlin o dövrlə bu
günümüz arasında müqayisə aparaq. Məsələn,
hazırda Bülbül adına məktəbin neçə-neçə
beynəlxalq müsabiqələr laureatları var. Təəssüf
ki, kütləvi informasiya vasitələrində onlar haqda sadəcə
informasiya verirlər. Amma onları qəhrəmana çevirmək,
yaşıdlarına örnək kimi göstərmək
istiqamətində heç bir təbliğat aparılmır.
Məsələn, məktəbimizin
məzunu Günel Mirzəyeva doğrudan da çox yüksək
səviyyəli beynəlxalq müsabiqənin laureatı oldu.
Amma Azərbaycanda bu haqda heç kim məlumatlanmadı.
Heç kəs demədi ki, tez dönsün, onun
üçün konsertlər təşkil edək. Və yaxud
tarzən Eyyub Quliyev Polşada çox ciddi bir beynəlxalq
müsabiqənin laureatı oldu. Bununla da bağlı mətbuatda
(«Mədəniyyət» qəzeti istisna olmaqla) sadəcə bir
neçə informasiya yazıldı. Belə müvəffəqiyyətlərə
laqeyd yanaşanda dinləyici auditoriyasının miqyası da
daralır.
Əksinə, bu gün
televiziya ekranlarında səviyyəsiz əyləncəli
verilişlərə geniş yer verilir. Belə proqramlar
ekranı əlinə götürməməlidir. Anlaya bilmirəm,
evdə oturan insan həmin verilişlərdən nə öyrənir?
Onda hansı intellektual dəyişikliklər baş verir.
Yüngül əyləncənin də vaxtı var axı. O
halda intellektual potensial çox aşağı
düşür. Elə ona görə də bir sıra
simfonik musiqi alətlərində çalmağa gələnlərin
sayı azalmağa doğru gedir.
- Bu alətlərdən
hansıların adlarını çəkmək olar?
Hansıları itirmək təhlükəsi ilə
üz-üzə dayanmışıq?
- Bunlar valtorna, trambon, faqot,
turba, violonçel, kontrabas, alt kimi simfonik musiqi alətləridir.
Məsələn, bu gün violonçeldə çalmağa
Azərbaycanda yaşayan əcnəbilər və ya 1-2 rus ailəsindən
olan uşaqlar həvəs göstərirlər. Çünki
onların bir məqsədi var: Böyüyəndə Azərbaycanı
tərk edib getmək. Aldıqları biliklərə görə
dünyanın hər hansı bir orkestrində 3-4 min dollar pul
qazanacaqlar. Çünki dünya orkestrlərinin belə
mütəxəssislərə böyük ehtiyacı var.
- Amma təhsili Azərbaycandan
aparırlar...
- Təəssüf ki, bu belədir.
Bizim neçə-neçə məzunlarımız Türkiyədə,
İtaliyada çalışırlar. Bilirsiniz ki, İtaliya
incəsənətin mərkəzidir. Buna baxmayaraq, biz
İtaliyadan ölkəmizə konsert verməyə gələn
musiqiçilərin səviyyələrindən heç vaxt
razı qalmamışıq. Amma onlar bizim
pianoçularımızın qarşısında
sözün həqiqi mənasında heyrət edirlər. Və
həmin an dəvət edirlər ki, onların ölkələrinə
gedib konsert proqramı ilə çıxış etsinlər.
Bu musiqiçilərin üzərində
biz həddindən çox zəhmət çəkirik.
Bilirsiniz ki, elitanın öz musiqi zövqü, dinlədiyi əsərlər
var. Azərbaycanda da orkestr musiqisini dinləmək istəyənlər
çoxdur. Məsələn, əgər filarmoniyada ustad sənətkar
çıxış edirsə, biz ora bilet tapa bilmirik. Amma bu
auditoriyanı da qoruyub saxlamaq lazımdır.
- Auditoriyanı da qoruyub
saxlamaq və bu musiqini yaşatmaq üçün mütəxəssislərin
olması vacibdir. Əsası qoyulandan bəri dahi
musiqiçilər yetişdirən Bülbül məktəbi
bu sahədə mütəxəssis və musiqi alətləri
baxımından nə dərəcədə təmin olunub?
- Məktəbimizdə
yuxarıda adlarını çəkdiyim orkestr alətlərindən
bəziləri var. Sadəcə olaraq, bu alətlərdə
ifa etməyi öyrənməyə gələn yoxdur. Mütəxəssis
baxımından da o qədər əziyyət çəkmirik.
Amma əməkhaqqı az verildiyindən bu musiqi alətlərini
tədris edən müəllimləri məktəbdə
saxlaya bilmirik. Məsələn, məktəbimizdə
valtornada çalmağı öyrədən çox
yaxşı Lev İçkolski adlı müəllim var idi.
Yuxarıda dediyim səbəblərə görə Azərbaycanı
tərk edib, xaricə işləməyə getdi. Bu mütəxəssisləri
qorumalıyıq ki, onlar Azərbaycanı tərk etməsinlər.
Ən azı onları digər müəllimlərdən fərqləndirib
yüksək əməkhaqqı verməliyik. Əks halda, biz
yaxın gələcəkdə təhlükə ilə
üzləşəcəyik. Alətlərə gəlincə,
onlar həddindən artıq bahadır. Sovetlər dönəmində
faqot çox ucuz bir alət idi. Bu gün isə bu alət 12
min 500 dollardır. Bu, nəfəsli alətdir və
özünəməxsus gözəl səsi var. Orkestrləşdirilən
hər bir əsərdə faqotdan istifadə olunur. Artıq
faqot məktəbdə yoxdur. Axı onu kim çalsın?
Hansı valideynin imkanı var ki, bu məbləğə musiqi
aləti alsın?
Yadımdadır ki, vaxilə
məktəbimizdə faqot olanda bir yəhudi tələbə
xahiş edirdi ki, bu aləti ona verək, öyrənsin.
Sonradan öyrəndim ki, o, Azərbaycanı tərk edib getmək
istəyir. Ölkəmizi tərk edərkən həm
yaxşı pianoçu oldu, həm də faqot
çalmağı öyrəndi. Demək istədiyim odur ki, əcnəbilər
bu alətlərin dəyərini çox gözəl bilirlər.
Ancaq əfsuslar olsun ki, bizdə belə deyil. Məsələn,
alt musiqi alətində öyrənməyə gələn
yoxdur. Skripkada özünü doğrultmayan şagirdləri məcbur
edirik ki, bu alətdə ifa etməyi öyrənsinlər.
Violonçel, kontrabas kimi simli alətlər yox dərəcəsindədir.
Hazırda alətləri ifa edənlərin özləri də
virtuoz ifaçılar deyillər. Nəfəsli alətlər
arasında klarnetə həvəs göstərirlər.
Çünki klarnetlə toyları idarə edə bilirlər.
Valtorna, turba kimi nəfəsli orkestr alətlərini toylara dəvət
etmirlər axı. Mən onları başa düşürəm.
Çünki indiki halda bu alətlərdə ifa edib ondan
alınan məvaciblə ailə saxlamaq mümkün deyil.
- Bəlkə bu ondan irəli
gəlir ki, Azərbaycanda klassik musiqiyə həvəs getdikcə
azalır?
- Klassik musiqini həmişə
əhalinin az faizi dəyərləndirib. Amma bu auditoriyanı
da nəzərə almaq lazımdır. Ümumiyyətlə,
həmişə tamaşaçılar, dinləyicilərin
zövqləri müxtəlif olub. Tutaq ki, kənd yerlərində
yallı ilə dincəlirlər, yallı oynayırlar, gözəl-gözəl
xalq mahnıları ifa edirlər. Təbiətin qoynunda tütək
çalırlar. Bu onların musiqi zövqüdür və
biz bunu da dəstəkləyib, sevinməliyik. Bunun özü
də incəsənətdir. Musiqinin palitrası çox
genişdir.
Simfonik musiqi elitar təbəqəyə
hesablanıb. Onları xırda mahnılar, bayağılıq
qane etmir. Özlərini əzilmiş hesab edirlər.
Zövqü tapdalamaq olmaz, onu həmişə formada
saxlamalısan. Bildiyimiz kimi, simfonik musiqi ciddi musiqi hesab olunur.
Əgər biz istəyiriksə,
orkestrimiz yaşasın mütləq orkestr alətlərini
yaşatmalıyıq. 70 milyon əhalisi olan Türkiyədə
əvvəllər iki orkestr fəaliyyət göstərirdisə,
indi 40-a yaxın simfonik orkestr təşkil ediblər. Amma Azərbaycanda
eyni musiqiçilər, eyni ifaçılar ailələrini
dolandırmaq üçün həm radio və
televiziyanın simfonik orkestrində, həm Azərbaycan
Dövlət Filormoniyasının orkestrində, həm də
opera orkestrində işləyirlər.
- Son olaraq
çıxış yollarını nədə
görürsünüz?
- Ən yaxşı
çıxış yolu odur ki, musiqi məktəbləri
dövlət tərəfindən bu alətlərlə təchiz
olunsun. Çünki heç bir valideynin bu alətləri
almağa imkanı yoxdur. Sovet dövründə orkestr alətlər
ucuz idi və dövlət məktəbləri təchiz edirdi.
Digər tərəfdən, mənim bir təklifim var.
Bildiyimiz kimi, Heydər Əliyev Fondunun prezidenti Mehriban
xanım Əliyeva internatların ləğv edilməsi ilə
bağlı çox gözəl proqramı var. İstərdim
ki, o uşaqlar ailələrə veriləndə onların
arasından musiqi istedadı olan uşaqlar seçilib
Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə gətirsinlər.
Onlara savad verməklə yanaşı orkestr alətlərində
çalmağı öyrədək və onlar gələcəkdə
öz orkestrimizdə qalıb işləsinlər. Və
bütün bunlar da dövlətin nəzarəti altında
olsun. Bu yollarla da elitar auditoriyanı saxlamış olarıq.
MEHPARƏ
Mədəniyyət.- 2009.- 22 aprel.- S. 4.