Atdır – muraddır
Ona olan məhəbbət də əbədidir
Ötən həftə keçirilən 8-ci Azərbaycan
Beynəlxalq Turizm və Səyahətlər Sərgisində
iştirak edən müxtəlif yerli turizm təşkilatları
arasında Şəkidə yerləşən Respublika
Atçılıq Turizm Mərkəzinin (RATM) təklif etdiyi
turizm marşrutları digər ənənəvi turizm
qurumlarından fərqlənməsi ilə diqqətimizi
çəkdi. Mərkəzin direktoru, ömrünü
atçılıq idmanına həsr etmiş SSRİ idman
ustası, bədən tərbiyəsi və idman əlaçısı
Rafiq Ramazanov ilə söhbətimiz isə əslində Azərbaycanda
atçılığa tarixi münasibətdən
başladı.
- Bizim xalqın ata
münasibəti xüsusidir. Əslində tarixən bizdə
ata üç cür münasibət olub - igidlər,
döyüşçülər ata yoldaş, simsar kimi
baxıblar, zənginlər - zövq, əyləncə mənbəyi,
kasıblar, təsərrüfatla məşğul olanlar isə
köməkçi, hətta tərəfdaş kimi. Hərçənd,
atı bizim qədər, bəlkə də bizdən artıq
sevən Orta Asiya türklərinin ata olan məhəbbəti
bizimkindən fərqlidir. Onlar atın südünü də
içirlər, ətini də yeyirlər.
- Maraqlı məqama
toxunduğunuz. Bu gün də Qazaxıstanda ən hörmətli
qonaqlar üçün, qurbanlığa da dayça kəsirlər.
Amma tarixən bizdə belə hal olmayıb, yoxdur.
- Rafiq müəllim,
maraqlıdır, bəs bu gün bizdə ata münasibət nə
qədər dəyişilib? Təsərrüfat sahiblərinin
münasibəti aydındır, yəni kənd təsərrüfatı
texnikası nə qədər geniş yayılsa da, xüsusən
də dağlıq yerlərdə, ən azı, at ən
yaxşı minikdir. Bəs imkanlı insanların ata, at bəsləməyə
münasibəti necədir? Şəhərdə insanın
yalnız itə, pişiyə münasibətini duymaq
mümkündür. Bəs bu gün Azərbaycanda əhali
arasında at yetişdirmək həvəsində olanlar
varmı?
- Müəyyən
tarixi mənbələrdən belə nəticəyə gəlmək
olar ki, bəlkə də atı ilk dəfə Azərbaycanda
ram ediblər. Buna görə də bizdə
atçılığın tarixi çox qədim və zəngindir.
Çünki, atçılıqla bərabər bir sıra sənət
sahələri də var. Nalbəndlik, sərraclıq... Son on
ildə təkcə Abşeronda təxminən 15
irili-xırdalı atçılıq təsərrüfatı
yaradılıb. Mən belə düşünürəm ki,
getdikcə Azərbaycanda at həvəskarlarının
sayı artacaq.
- Belə bir fikir var ki,
bu gün Azərbaycanda təmiz cins Qarabağ atı tapmaq
mümkün deyil. Ömrünü atçılığa,
atçılıq idmanına həsr etmiş bir şəxs
kimi bu barədə nə deyə bilərsiniz?
- Əlbəttə,
Qarabağ atı Dilboz atından qədimdir. Əslində
Dilboz Qarabağ atlarının törəməsidir. Qarabağ
atının müsbət cəhətləri çoxdur. O, həm
yük, minik, dağ, oyun, idman atıdır. Əvvəlki
müharibələrdə də dözümlüyünə,
sürətli qaçışına görə məhz
Qarabağ atlarına üstünlük veriblər. Qarabağ
atını görünüşünə görə digər
at növlərindən fərqlənirən iki cəhəti
var: dərisinin qızılı rəngi, bir də belində
özündən kəməri. Amma yaddan çıxarmayaq ki,
Şuşa xanları beş qardaş olublar, hər
qardaşın da öz ilxısı varmış. Həmin
ilxılardakı atlar Qarabağ cinsindən olsa da,
ayrı-ayrı tiplər olub. Sonralar, yəni sovet
dövründə Qarabağ atlarının cinsini daha da
yaxşılaşdırmaq üçün ərəb
atının tiplərindən istifadə edilib.
- Rafiq müəllim, gəlin
razılaşaq ki, belə bir tarixi ənənə, milli at
cinslərinin mövcudluğu fonunda bizim atçılıq
idmanı sahəsində göstəricilərimiz o qədər
də ürəkaçan deyil.
- Bizdə maddi-texniki
bazanın zəifliyi üzündən idman
uğurlarımız az olub. Halbuki, vaxtilə hər il həm
Moskvada, həm Azərbaycanda keçirilən auksionlarda bizim
atçılıq zavodlarında yetişdirilən 20-25
baş cins at yaxşı qiymətə satılırdı. Amma
özümüzün qapalı manejimiz yox idi ki, il boyu məşq
edək. Respublika çempionatı keçiriləndə əgər
Gürcüstanda 10-12 komanda iştirak edirdisə, bizdə cəmi
bir komanda yığılırdı. Amma mən ümidsiz
deyiləm. Atçılıq federasiyasının yeni
seçilmiş prezidenti ölkədə atçılıq
idmanının dirçəldilməsi üçün
müəyyən işlərin görüləcəyinə
söz verib.
- Bəs bu gün
bölgələrdə necə, atüstü oyunlara maraq
varmı?
- Bilirsiniz, maraqlananlar
çoxdur. Əgər ilk turnirə 6 komanda
qoşulmuşdusa, ikinci dəfə 13 rayon yarışda
iştirak etdi. Təsəvvür edin, əgər hər
rayonda bir nəfər həvəskar varsa, o da bir neçə
gənci, yeniyetməni öz arxasınca apararsa, bu idman
növünə maraq göstərənlərin sayı artar.
- Maraqlıdır, bu
gün yaxşı cins at, yəni təsərrüfatda
işlədilməyən at neçəyədir? Məsələn,
xarici ölkələrdə at var ki, avtomobildən
bahadır... Bəs bizdə necə, bir neçə
maşını olan adam at sahibi də olmaq həvəsinə
düşürmü?
- At almaq istəyənlər
çoxdur. Mənə müraciət edəndə həmişə
bir sual verirəm: atı nə üçün
alırsınız? Dekorasiya üçün, minik
üçün, cıdır üçün olan atın
qiyməti bambaşqadır.
- Tutaq ki, dekorasiya
üçün, elə bağda saxlayıb əzizləmək,
hərdən bir minib sürmək üçün qəşəng
at neçəyədir?
- Düzdür, at bəyənəndə
də şəxsi zövq böyük rol oynayır, amma hər
halda 2-3 min manata yaxşı at almaq olar. Əgər madyan
atdırsa, ondan bala almaq üçün istifadə ediləcəksə,
deməli, onun qiyməti də baha olacaq, həm də belə
atın seçimində başqa göstəricilər, məsələn,
cinsi, nəsli, seleksiya xüsusiyyətləri nəzərə
alınır.
- Bəs Respublika Atçılıq
Turizm Mərkəzinin vəziyyəti necədir? Bu gün
ölkəmizdə atçılıq turizminə maraq
hansı səviyyədədir?
- At belində səfalı
guşələrdə dincəlmək istəyənlər
üçün bir, ikigünlük xüsusi marşrutlar tərtib
etmişik. Əminəm ki, Daşüz-Daşbulaq-Çorqat
meşəsi, Daşüz-Daşbulaq-Çorqat meşəsi-Su
ambarı-Daşüz, Daşüz-Cumakənd-Daşüz,
Daşüz-Daşbulaq-Acınohur gölü,
Daşüz-Kiş-Marxal-Daşüz, Daşüz-Baş
Göynük-Şin-Daşüz, Daşüz-Baş Kəldək-Daşüz
marşrutları fəal istirahət sevənlərin ürəyincə
olacaq.
Söhbətləşdi:
Gülcahan Mirməmməd
Mədəniyyət.-
2009.- 22 aprel.- S. 3.