İnsanları qaranlıqdan
işığa aparan
nur
Qurani-Kərim bir milyondan artıq insanın etiqad
etdiyi, ərəb ədəbi dilinin ən möhtəşəm
abidəsi, dinlərin sonuncusu olan İslam dininin müqəddəs
kitabıdır. İlahi gözəlliyə malik olan bu kitab
Ulu Tanrının möcüzəsi kimi milyonlarla insanın qəlbini,
onların canına, qanına hopmuş, şüuruna hakim kəsilmişdir.
Quranın ilahi gözəlliyini
təsdiq etməyə lüzum yoxdur. Ərəb dilini bilməyənlər
belə onu dinləməkdən doymur.
Bu müqəddəs
kitab insanlara mənəvi möhkəmlik verir, ürəklərə
işıq saçır. İslam insana düşdüyü
çətinliklərinin həlli
yollarını göstərir,
ona necə yaşamağı izah edir, qəlbin, ağlın, mənəviyyat
və davranışın,
cəmiyyətin və
fərdi həyatın
bütün suallarına
cavab verir. Qurani-Kərim də, onun Allah
tərəfindən nazil
olduğu, Allah tərəfindən də
qorunub saxlanılacağı
zikr olunmuşdur.
Müqəddəs Quran
bəşəriyyətə möcüzə olaraq sonuncu
peyğəmbər Məhəmmədə (ə.s.) vəhy
şəklində Cəbrayıl Mələk vasitəsi ilə
23 il müddətinə göndərilmişdir. Mənası oxumaq, tələffüz etmək
anlamında olan bu müqəddəs kitab 114 surədən, 6236
ayədən və
77934 sözdən ibarətdir.
Kitabın 90 surəsi
Məkkədə, 24 surəsi
Mədinədə nazil
olmuşdur.
Məhəmməd
Peyğəmbər (ə.s.) hədislərinin birində
buyurur: «Elm öyrənmək hər bir müsəlman kişi
və qadın üçün vacibdir».
Quranın hələ də
açılmamış, kəşf edilməmiş ayələri
insan idrakına sığışmayan gələcək elmi
kəşflərdən xəbər verir. Zaman keçdikcə elmi kəşflər, ixtiralar bir-bir həyata vəsiqə aldıqca «Quran» ayələrinin mahiyyəti
tədricən anlaşılır.
Eyni zamanda, həyat, cəmiyyət inkişaf etdikcə bu müqəddəs kitaba ehtiyac və maraq daha
da artır. Baxmayaraq ki, Qurani-Kərimin nazil olmasından 1400 ildən artıq bir vaxt keçmişdir.
Bu həqiqəti aprelin
20-də Şirvanşahlar Dövlət tarixi memarlıq
qoruğu muzeyində «Bakı İslam Mədəniyyətinin
Paytaxtı - 2009» mədəniyyət ili çərçivəsində
Mədəniyyət və Turizm Nazirliyi ilə «Şəms»
Qadınlar Cəmiyyətinin birgə təşkil etdikləri
«Quran kitabları» sərgisi bir daha təsdiq etdi.
Tədbiri giriş
sözü ilə açan sarayın direktoru Rəna Rzayeva
qonaqları salamlayaraq qeyd etdi ki, bu gün burada sərgilənən
Quran kitabları uzun illər ağır zəhmətlər
bahasına toplanmış qiymətli bir xəzinədir. Gələcəkdə də
bu işlər davam etdiriləcək.
Rizvan Bayramov - Mədəniyyət
və Turizm Nazirliyinin Mədəni İrs Şöbəsinin
müdiri: «Sərgi ikinci dəfədir ki, keçirilir. Bildiyimiz kimi, Bakı 2009-cu il İslam Mədəniyyətinin
Paytaxtı elan edilib. Bununla bağlı bir çox tədbirlər keçirilir. Bugünkü
tədbir də bu qəbildəndir. Sərginin məqsədi Quranı mədəni-mənəvi irsimiz, kimi təqdim etmək və onu geniş şəkildə təbliğ
etməkdir».
Sərgidə ölkə
ərazisində ayrı-ayrı şəxslərdən
yığılan qədim və muasir üslubda çap
olunmuş ən kiçik və ən böyük həcmli
200-ə qədər Quran kitabı nümayiş etdirildi. Burada
ən maraqlı və ən möcüzəli guşələrdən
biri də yanğınlar və zəlzələlər
zamanı slamat qalmış və dövrümüzə qədər
gəlib çatmış Quran nüsxələridir.
Nümayiş etdirilən
Quran kitabları içərisində vaxtilə Şuşa
qalasında, Bərdə və başqa rayonlarda evlərin
divarlarına hörülmüş, quyularda gizlədilmiş
kitablar da var. Onların arasında 600 il bundan əvvəl ərsəyə
gəlmiş kitab da təqdim olundu.
Sərgidə həcmcə
ən kiçik təxminən, bir sm ölçüdə
olan Quran da maraqlı eksponatlardan biridir. İnanca görə,
insanlar belə Quran nüsxələrini ciblərində gəzdirirmişlər
ki, şər qüvvələrdən qorunsunlar.
Maraqlı guşələrdən
biri də kiçik lobyanın üstündə surə,
düyünün üstündə isə ayələr
yazılan guşədir.
Sərginin təşkilatçılarının
bildirdiyinə görə, yerin darısqallığından
bütün eksponatları nümayiş etdirə bilmirlər.
Hələ 2 sandıq
eksponat növbə gözləyir. Onların arasında sabah sərgilənəcək Murtuza
Muxtarovun Quran kitabı da vardır. Həmin kitabın ağırlığı
25 kiloqramdır. Və
onun tərtibatında
7 kq qızıldan istifadə edilmişdir.
Sərgiyə xarici səfirliklərin nümayəndələri
də qatılmışdı.
Onlar maral və keçi dərisində saxlanılan
və qızıl suyuna çəkilmiş Quran nüsxələrinə
daha çox maraq göstərirdilər.
Sərgi 2 həftə davam edəcək.
Fərahim Dünyamalıoğlu
Mədəniyyət.- 2009.- 22 aprel.- S. 2.