Kuklaların söhbəti
Mansur Mansurovun nağılı Abdulla Şaiq adına
Azərbaycan Dövlət Kukla Teatrında başlayıb
Həmsöhbətim Azərbaycan Dövlət Kukla
Teatrının aktyoru Mansur Mansurovdur. Deyir, nə az-nə
çox düz 40- ildən çoxdur ki, bu aləmdə yol
gedir...
Yaxın dostunun dəvəti
ilə 1970-ci ildə ADKT-yə gəlib. İlk
günlərdən teatra
bağlanıb. Dilsiz kuklaları hərəkətə
gətirən, balaca tamaşaçılarla ünsiyyət
qurmaqdan böyük zövq alan Mansur müəllim deyir: «Ailənin kiçik övladı olmuşam. Gözümü
açandan məndən
böyük olan bacı və qardaşımın oyuncaqları
ilə oynamışam.
Əvvəllər oyuncaq
kuklaları həvəskar
kimi hərəkətə
gətirirdim. Qurduğum
tamaşanın aktyoru
da özüm olurdum. Sonradan bu həvəs məni teatr səhnəsinə gətirdi.
Yəqin ki, hər bir aktyor
mənimlə razılaşar:
sənətdə irəli
getmək üçün
aktyordan səbir tələb olunur. Teatra gəldiyim ilk illərdə tamaşada rol almadım. Dublyor və ya köməkçi
kimi işlədim. Sonradan mənə bir tamaşada nəinki baş rol, hətta iki-üç obraz da həvalə olundu”.
Məşədi İbad Hindistanda
Mansur müəllimin ilk
rolu Ü.Hacıbəyovun “O olmasın, bu olsun” əsərində
Məşədi İbad olub. Bu əsərlə dünyanın
bir çox ölkələrində keçirilən
festivallarda iştirak edib. Hindistan, Daşkənd səfərlərində
bu tamaşa böyük maraqla izlənilib. Müsahibimin dedikləri: “Onu da qeyd edim
ki, 1979-cu ilin oktyabr ayında Anarın “Qaravəlli” əsəri səhnələşdirildi.
Bu əsərlə də dünyanın bir çox ölkələrində rəğbət
qazandıq. Yaxşı
yadımdadır, Hindistanda
bir ay qastrolda
olduq. İyirmi beş gün idi ki, ardıcıl
“O olmasın, bu olsun” tamaşası göstərilirdi. Bildiyiniz
kimi, Hindistan çox isti ölkədir. Mənim səhnə geyimim qalın materialdan hazırlanmışdı. O zaman
Məşədi İbad
obrazının paltarı
karikatura əsasında
tikildi. Mənim fiziki görkəmim də balaca olduğuna görə tikilən paltara daha çox material istifadə edilmişdi. Yumuşaq paltar əzilməsin deyə əlimdə gəzdirməli olurdum. Düz 25 gün bu baltarla bütün
Hindistanı gəzməli
oldum”.
Yolumuz Daşkəndədir
1980-ci ildə Daşkənddə
keçirilən festivalda iştirak etdik. Bu
səfərimiz də
maraqlı keçmişdi.
Əcnəbi tamaşaçılar
olduqca emosionaldırlar.
Tamaşa zamanı zalda gəzmək və ya sevinc
hissini sərbəst şəkildə bildirməkdən
çəkinmirlər. İndi
bizim də tamaşaçılar arasında
emosionallıq hiss olunur. Sovet dövründə
isə bir qədər fərqli ab-hava var idi.
Gülmək zamanı
gülürdülər, alqış
sədaları isə
yalnız tamaşanın
sonunda eşidilirdi. Qeyd edim ki,
Kukla Teatrı
2004-cü ildə İranda
keçirilən festivalda
“Ələddinin sehrli
çırağı” tamaşası
ilə çıxış
etmişdi. Orada Dövlət Kukla Teatrının yaradıcı
kollektivinin üstünlüyü
aydın hiss olunurdu. Bunu festivalın iştirakçıları
da təsdiq etmişdi. Həmin festivalda təxminən
14-15 ölkənin kukla
teatrı iştirak edirdi. İştirakçılar
arasında dövlət
teatrları ilə bərabər özfəaliyyət
kollektivləri də var idi.
Üç arzu
Mansur müəllim 40
ildir yoldaşlıq etdiyi kuklaların hər birinin ona əziz
olduğunu qeyd etdi. Əgər nağıl qəhrəmanlarından
olan Cin onun qarşısına çıxsaydı ondan üç arzusunun gerçəkləşməsini istərdi: “Əvvəllər
tamaşalar məktəbəqədər,
məktəblilər və
yuxarı siniflər üçün müəyyən
edilirdi. Birinci arzum bu qaydaların
yenidən bərpa olunmasıdır. İkinci
arzum Kukla Teatrında nağıllarımıza
daha çox yer verilməsidir. Tədricən bu arzum gerçəkləşir.
Üçüncü arzum
isə gənclərimizin
peşəyə sevgi
ilə yanaşmasıdır.
Dünən bir, bu gün iki deyib
qəzet, jurnal və televiziyada məşhurlaşmaq ardınca
qaçıb, sənəti
unutmasınlar. Ümumiyyətlə,
mənim hər üç arzum teatrla bağlıdır və Cindən də yalnız bu istəklərimi reallaşdırmasını istərdim.
Bir də yaxşı olardı ki, valideynlər uşaqlarının əlindən
tutub teatra gətirsinlər. Bilmirəm
mən teatrda işlədiyim üçün
və ya hansısa bir səbəbdəndir, həmişə
uşaqlarımın əlindən
tutub teatra aparmışam. İndi də nəvələrimi
aparıram. Qeyd edim ki, Kukla
Teatrında M.F.Axundovun
“Müsyö Jordan və dərviş Məstəli şah” əsəri qoyulurdu. Mən də Müsyö Jordanı oynayırdım. Rejissor Rəhman Rəhmanzadə balaca qız obrazını oynamaq üçün aktrisa axtarırdı. Məsləhət
gördü ki, qızım Səriyyəni
bu obraza dəvət edək. O zaman Səriyyə orta məktəbdə oxuyurdu. Ona görə
də bu rolun öhdəsindən gələ biləcəyindən
ehtiyat edirdim. Ancaq düşündüyüm
kimi olmadı. O, nəinki bu rolun öhdəsindən gəldi, hətta teatra o qədər
bağlandı ki, gələcək peşəsini
də burada seçdi. Maraqlıdır ki, “Cırtdan”
tamaşasında Cırtdan
obrazını da elə Səriyyənin oğlu oynadı. Bir vaxtlar qızım,
indi də nəvəm teatrda rol aldı. Ancaq nəvəmin gələcəkdə aktyor
olacağını indidən
söyləmək tezdir.
Hər şeyi gələcək göstərər”.
O, «Məlikməmməd»də
Məlikməmməd, “Cırtdan”da Div, “Ələddinin sehirli
çırağı”nda Cin, “Bremin qardaşları”nda kral,
qarabaş və quldurlardan birini oynayır. Kukla Teatrının aktyoru kimi ən
böyük arzusu isə Ü.Hacıbəyovun
“Arşın mal alan“ əsərində rol almaqdır. Bu cür tamaşaların
oynanılmasını çox
istəyir. Rəhman Rəhmanzadənin aktyor truppasını bir daha nəzərdən keçirib, yaxın gələcəkdə bu tamaşanı da səhnələşdirəcəyinə ümid edir.
ŞƏMSİYYƏ
Mədəniyyət.- 2009.- 24 aprel.- S. 14.