Skripkanın sehrində
Bu yaxınlarda Alman-Azərbaycan
Mədəniyyəti Birliyi “Kapellhaus”da «Skripka musiqisi
axşamı» proqramı ilə çox rəngarəng bir
konsert düzənləndi. Əsasən Bakı Musiqi
Akademiyasının simli alətlər kafedrasının
dosenti, sənətşünaslıq namizədi, Q.Qarayev
adına 11 illik Musiqi Məktəbinin müəllimi
Hökümə Əliyevanın sinif şagirdlərinin
ifalarından ibarət olan bu konsert «Uşaq ili»nə həsr
olunmuşdu. Qeyd edək ki, Azərbaycan Respublikasının
Prezidenti İ.Əliyevin fərmanına əsasən 2009 - cu
il ölkəmizdə “Uşaq ili” elan edilib. Konserti, şagirdlərlə
bərabər, həmçinin onların müəllimi H.Əliyevanın
uzun müddət ərzində çəkdiyi zəhmətin
və pedaqoji işinin bəhrəsi kimi də qiymətləndirmək
olardı. Proqramlarından kifayət qədər yüksək
əsərlər ifa edən şagirdlərin bir-birindən
gözəl, rəngarəng ifaları ilə unudulmaz təəssüratlar
yaradan Nərgiz Hüseynova, Elmin Təhməzov, Nazənin Vəkilova,
Natiq Hüsiyev öz məharətli ifaları ilə
onları dinləyən peşəkar ustad musiqiçiləri,
ümumiyyətlə zalda oturan hər kəsi heyrətə gətirdilər.
H.Əliyev adına Respublika müsabiqəsinin laureatı, III
sinif şagirdi zərif çalğısı ilə hər
bir kəsin könlünü oxşayan Nərgizin ifasında
Hendel - Sonata N 4 (4 hissə),Q.Qarayev - “Yeddi gözəl” baletindən
Adajio, Sarasate - “Andaluz romansı”, Brux -Konsert, I hissə; həssaslığı,
səs keyfiyyətinin zənginliyi və melodik duyumu ilə fərqlənən
IX sinif şagirdi Elminin təqdimatında Bax -1-ci Partitadan
Kuranta Dubl, A.Məlikov -“Məhəbbət əfsanəsi”
baletindən Məhmənəbanu və Vəzir, Sarasate -
“Capateado”, Venyavski - Konsert N 2 (I hissə); texniki imkanların sərbəstliyi,
dinamik hərəkətləri, məlahətlili səsi ilə
seçilən X sinif şagirdi Natiqin
çalğısında Bax - Sonata N 3 - Largo, Allegro assai, A.Məlikov
-“Məhəbbət əfsanəsi”baletindən Noktürn,
Sarasate -İntroduksiya və Tarantella, Venyavski - Konsert N 1(II, III
hissələr); ifa texnikası, cəldliyi, səhnə sərbəstliyi
və emosionallığı ilə yaddaqalan XI sinif şagirdi
Nazəninin ifasında Bax -2-ci Partitadan Sarabanda-Jiqa, F.Əmirov
-“Muğam-Poema”, Sarasate -“Qaraçı Təranələri”,
Sibelius - Konsert I hissə böyük maraqla dinlənildi. Konsertmeysterlər
- Sevinc Kərimova və Arzu Səfərovanın orijinal,
özünəməxsus müşayiətləri isə
konsertə və iştirakçıların ifalarına
xüsusi bir çalar, rəngarənglik verdi. Sözsüz
ki, bütün bu deyilən müsbət fikirlər - yüksək
ifalar, şagirdlərin professional hazırlıqları,
konsertin təşkili və həyata keçməsində
Hökümə Əliyevanın böyük zəhmət
çəkdiyini xüsusilə qeyd etmək lazımdır.
Ümid edirik ki, pedaqoji
fəaliyyətin məsuliyyətlini dərindən duyan
Hökümə Əliyevanın bu təqdirəlayiq işi
daha geniş vüsət alacaq. Şagirdlər isə daha
çox çalışmaq əzmində olaraq müəllimlərinin
əməyinə layiq olacaqlar. Bu işdə onlara daim
yaradıcılıq axtarışları və tükənməz
güc arzulayırıq.
Leyla Əliyeva
Mədəniyyət.- 2009.- 24 aprel.- S. 14.