Boş

 

    Hekayə

               

    “Mənim dostum yoxdur,

   mənə inanan da,

   qohumum da yoxdur,

   mənə kömək edən də yoxdur,

   ancaq mən hər şeyə rəğmən

   mübarizə aparacaq və

   kral olduğumu isbat edəcəyəm”

   Mark Tven

   “Şahzadə və dilənçi”

 

“Samitto Murizza Akirre - Xalq artisti, “Qızıl dərviş” mükafatı laureatı”.

Teatrın zirzəmisindəki divara vurulmuş afişanın altında belə yazılmışdı.

Divarların illərlə yığışan çirkini digər afişalar örtmüşdü.

...Otağın küncündəki köhnə döşəyin üzərinə divardakı sənətkar sərilib xoruldayırdı. Adəti üzrə oynadığı rolların əlbisəsini heç vaxt əynindən çıxarmayan artist ən son oynadığı Hamlet rolunda qalmışdı. Bəşəriyyətin çox şey borclu olduğu Hamletin əlbisəsini geyinmiş ikinci Hamlet xorultusunu kəsib gözlərini açdı. Hərəkətsiz, yorulub əldən düşmüş adamlar kimi gözlərini tavanda, divara vurulmuş afişalarda, bir küncə qoyulmuş bədənnüma aynada, qapının sağ tərəfinə yığılmış köhnə kitablarda və onların üzərində yığılıb qalmış quru çay tənəkləri ilə dolu saralmış stəkanlarında gəzdirdi.

“Vaxt deyilmi?”,- deyə boşluğa pıçıldadı.

Qışdır . Qız qalası məğrur kral kimi əsrlərdir dalğalara qovuşub gələn xəzri küləklərinə sinə gərir. Bu küləklər Bakının küçələrində gilavara qarışıb özünü Akirrenin dünyaya açılan yeganə, balaca pəncərəsinin qırıq şüşəsinə çırpırdı. Əzəmətli binanın bir küncündəki balaca otağa sığınmış xalq artistinin divarlara yapışdırılmış həyatının afişalarını yellədir, dərdli adamın mənliyini silləliyirdi.

Samitto Murizza Akirre yorğun göz qapaqlarını yumdu. Səfil sənətkar otağını qəribə xorultu ilə doldurdu.

... Ağ boşluqda bir müddət addımladı. Ayaqları onun iradəsindən asılı olmayaraq sürətlənir, addımlarını bir-birinin ardınca boşluğa atır, gah da yavaşıyıb pəncələrinin altını boşluğa yapışdıra-yapışdıra yüyürürdü. Boşluqda ağ, kənarları qırmızı güllərlə bəzənmiş ensiz yol peyda oldu. Yolun sonunda gözəl sifətli bir adam durmuşdu. Onun ayaqlarına uzanmış, cır-cındır geyinmiş adamlar az qala dillərini çıxarıb dırnaqlarının arasına qədər yalayacaqlardı. Qanadlı insanlar isə digərlərindən bir az yuxarıda durmuş, ona böyük heyranlıq və məftunluq hissi ilə baxırdılar.

O adam dar cığır boyu iri addımlarla, sifətində səmimi və xoşbəxt gülüşlə Akirreyə yaxınlaşdı.

“Deməli, o, sənsən?” - dedi və yenidən gülümsədi.

“Kim?”, - deyə Akirre coşqunluq içində nə deyəcəyini bilmədən olduğu boşluqda donub qaldı.

“Bəli. O, səni seçib...” - dedi. Bir müddət böyük lütfkarlıq və sevgi dolu nəzərlərini Akirrenin sifətinə zillədi. Akirre isə özündən çox yüksək və ali təbəqəyə mənsub olan nurlu bir adamın bu münasibəti qarşısında xəcalət çəkirdi. Alçalırdı. Boşluqda əriyib köhnə Hamlet əlbisəsinin geriyə qalan cındırlarında yox olurdu.

 Nurani qoca başındakı əmmaməsini və əynindəki mundirini çıxarıb Akirreyə verdi. Sonra isə bayaqdan ayaqlarına düşüb yalvaran insan sürüsünə onu göstərib dedi:

“O, onu seçdi. O ki, ədalətli və adildir. Bu gündən sonra günahlarımızın bağışlanması üçün əfəndinizə o, müraciət edəcək”.

Akirre ayaqlarına düşmüş günahkar insan sürüsünün dillərini çıxarıb ağız seliklərini barmaqları arasına xıtmalarına dayana bilməyib dik atıldı. Bu Ketti idi. Pişiyi sinəsi üstünə alıb öpdü və dodağının altında pıçıldadı: “yaxşı ki, o, səni insan kimi yaratmayıb.”

Üzərində Şah Edipin anası ilə öpüşməsini əks etdirən səhnələrlə bəzədilmiş gümüş üzüyü olan alicənab adamın əli Akirrenin daxmasının alüminium qapısını hörmət və həyəcanla döydü. Əlindəki qovluğu qucaqlayıb otağın küncündə büzüşüb qalmış, yorğun sinəsinə qoyduğu pişiyin qulaqlarının dibini qaşıyan sənətkara baxdı.

“Akirre müəllim”,- dedi və utandığından sağ qulağına taxdığı sırğaya qədər qızardı. O, diksindi. Cəld gözlərini Kettinin qulaqlarından qapıya çevirdi. Bu teatra təzə düzəlmiş gənc rejissor TOTdur. TOT GODS.

Samitto Murizza Akirre ondan hansısa naməlum qəzet üçün müsahibə almağa gələndə və ya belə gənc rejissorlar ona təsadüfən rol vermək istəyəndə, zəmanəsindən və teatrdan ürəkdolusu şikayət edər, özünü sənətə qurban vermiş dahi kimi göstərərdi. O, bunu elə böyük müdriklik və dahiyanəliklə oynayardı ki, beyni sənətkarlıq nağılları ilə dolu gənclər Akirrenin daxmasının qapısından çıxıb əzəmətli teatrın dəhlizlərinə düşən kimi ürəklərində xoşbəxtlik və fəxrlə öz-özlərinə deyirdilər. “Mən də onun kimi olacağam. Bütün ömrümü sənətə qurban verəcəyəm”.

Akirre cəld yerindən qalxdı. Kettini qucaqlayıb asta-asta qapıya yaxınlaşdı. Totun əlini sıxdı. “Ah, bu lənətə gəlmiş teatr”, - dedi və rolunu neçənci dəfəsə dahiyanə şəkildə oynamağa başladı.

Söhbət əsnasında Akirre oturduğu stulunda gah ayaqlarını bir-birinin üstünə sallayırdı, gah da qollarını sinəsində çarpazlayırdı. Hərdən də gəncliyindən bəri yola-yola yerində bir-iki tük saxladığı qaşlarını çatıb nüfuzedici nəzərlərlə Totun gözlərinin içinə baxırdı.

Totun həyəcan və fəxrdolu çıxışı, Akirrenin isə qeyri-adi sənətkar rolu bitdi. Nəhayət, o, Totun hazırlayacağı “Postmodern oyun” tamaşasında Seyid rolunu oynamağa razı oldu. Tot həyəcandan içə bilmədiyi çayına baxdı və sənətkarın əlini sıxıb getdi.

Akirre uzun müddət pişiyi ilə oynadı. Kettiyə onu necə sevdiyini danışdı. Cındır paltosunu çiyninə atıb çölə çıxdı. “Fantalar bağı”ndan keçib özlərini bir-birinə göstərmək üçün şəhərə tökülən gəncləri yara-yara qala divarlarına doğru yönəldi. Kettini öpə-öpə bir müddət İçərişəhərin dar küçələrini gəzdi. Axşam düşdü. Ulduzlar qara buludların arasından adda-budda sayrışırdı. Hava küləkli idi. Üşüdü. Evinə qayıdıb, döşəyinə uzandı. Kettini qucaqlayıb yatdı.

Qız qalasının divarlarına zəncirlənmişdi. Dəniz sahilində gəzişən adamlar, qalanın qabağından ötüşən maşınlar onu görmürdü. Zəncirləri qırmağa çalışır, Zevsə lənət yağdırırdı. Ağlamaq istəyirdi. Göz yaşları qurumuşdu. Qarğalar cinsiyyət orqanını didib yerə tökürdü. Birdən qalanın başında Heraklın sifətinə bənzər bir polis peyda oldu. Qarğaların ona verdiyi əzaba dayana bilmədi. Bağırdı.

Ketti yatmış sənətkarın sinəsini cırmaqlayırdı. Qollarını açdı. Ketti otağın küncünə qaçıb divara sığındı. Sol ayağını qaldırdı və otağı batırdı. Akirre ifadəsiz nəzərlərini ona zilləmişdi. Sonra gözlərini yumdu.

Çovğunlu fevral günlərindən biridir. Deyəsən, böyük çillə idi. Akirre universitet tələbələri və Totla birlikdə “Postmodern oyun” tamaşasını məşq edirlər.

...Gün keçdicə zavallı sənətkar özünü müqəddəs insan hesab etməyə başladı. Hamletin əlbisəsini əynindən çıxarıb Seyid qiyafəsinə düşdü.

Seyid teatrın dəhlizində, şəhərin küçələrində tutduğu adamlara o dünya və Allah barəsində uzun-uzadı hədislər uydurub danışırdı.

“Postmodern oyun” tamaşası mart ayında, Novruz bayramı qurtaran kimi nümayiş olundu. Tamaşaçı salonu Totun məhəllə uşaqları, tələbə yoldaşları və paytaxt qəzetlərinin mövzu qıtlığından özlərini bura atmış köşə yazarları ilə dolu idi.

Salon üçüncü zəngdən sonra qaranlıqlaşdı. Tamaşa başlandı. Akirre tamaşanın ortasında peyda oldu. Səhnəyə çıxanda doluxsundu. Boş salona və adda-budda oturmuş adamlara baxdı. Uzun müddət durduğu yerdə donub qaldı.

“Günahkarlar”, - dedi və susdu. Sonra monoloqunu başlamaq üçün boğazını artladı. Xırıltılı səslə dilləndi:

“Lənətə gəlmiş xalq! Mən indi sizi necə paklaşdıracağam?! Günahkarlar dəstəsi. Sizin üçün Allah da acımır. Bilirsinizmi niyə? (sükut) Ona görə ki, siz gül parniki becərməyə, bazarda gül satmağa, bir də təsbeh çevirməyi bacarırsınız. Başınız lazımsız işlərə qarışdığı üçün torpağınız işğal olunub».

Akirre bir neçə saniyə ara verdi. Əllərini havaya qaldırıb dizləri üstdə yerə çökdü. Və var gücü ilə qışqıra-qışqıra çıxışını davam etdirdi.

“Məscidləriniz bazar, axundlarınız dilənçidi. Daha ora mənim yerim də deyil. Sizə oranı pak və təmiz saxlamanız üçün vermədimmi? Sökün oraları. Qovun ora yığışanları. Mənə qorxudan inanmayın. Təmizlənin”.

Akirre monoloqunun ortasında başında qəribə bir ağrı hiss etdi. Başına nə isə dəydi. Bu əruz vəznində şeirlər yazıb, müsəlman müqəddəslərini məhd edən Miri idi. O, öz ayaqqabısının sağ tayını dini mənliyini təhqir etmiş Akirreyə tulladı və Totu söyüb tamaşa zalını tərk etdi. Vəcdə gəlmiş kütlə əllərində olan çipsi dənələrini, plastmas koka-kola qablarını və yarımçıq yeyilmiş qoğalları Seyidə tulladılar.

Şəhər qəzetlərinin köşə yazarları xalq artisti və teatrını operadan və baletdən uzaq olan “Postmodern oyun”u ağıllı-başlı biabır etdilər. Teatr rəhbərliyi Akirreni zirzəmidəki evini əlindən aldı, fəxri ad və titullarının ləğvi üçün əlaqədar qurumlara rəsmi müraciətlər ünvanladı. Seyid öz Kettisini qucaqlayıb parkın yaşıllığında uzanmışdı. Gözlərini aylı səmaya zilləyib baxırdı. Qaranlıq səmada adda-budda ulduzlar sayrışırdı.

Gilavara qoşulub gələn azan səsi Seyidin ruhunu oxşadı. Uzandığı yerdən dik atıldı. Ayaqlarını sürüyə-sürüyə gəlib məscidə çıxdı. “Axır ki, yerimi tapdım”, - deyib sevincək içəri daxil oldu. Səcdəyə oturmuş yüzlərlə insanın arasından keçib namaza başçılıq edən axundun yanına gəldi.

“Durun. Bu gündən sonra namaz qılmağın yeni qaydalarını öyrədəcəyəm. Ey, möminlər! Artıq gözlədiyiniz müqəddəs zühur etmişdir».

Vəcdə gəlmiş müsəlmanlar zühur etmiş Seyidi qollarından tutub çölə atdılar. Axund Akirreni məscidin həyətində camaata göstərib: - “Ey qardaşlarım. Bir azdan bu şeytan özünü Tanrı adlandıracaq. Tanrı demirmi ki, şeytana uyanlar mənim yolumdan sapanlardır. Sizin ona atdığınız hər daş təmizlənən yüz günahınıza bərabərdir”, - dedi və əlindəki balaca daşı Seyidə tulladı. Mömin müsəlmanlar zühur etmiş müqəddəsi daş-qalaq etdilər. Akirre öldü.

Akirrenin üzərinə yığılan daşlardan müqəddəs məzar düzəldilib. İndi buranı ibadətgaha çeviriblər.

Ketti məscidin qapısı ağzında oturub, Akirrenin məzarına şam yandırmağa gələnlərə miyoldayıb mərhəmət dilənir.

 

 

Ziyad QULUZADƏ 

 

Mədəniyyət.- 2009.- 24 aprel.- S. 13.