Şair-aşıq Allahverdi Qəmkeş
Ötən ilin avqustunda
Gəncədə ezamiyyətdə olanda dostum - məşhur
aşıq Allahverdi Qəmkeşin oğlu Ramizlə
rastlaşdım. Onunla 1993-cü ilin fevralında - Kəlbəcərin
ağır günlərində tanış olmuşdum. Biz
dövlət televiziyasından çəkiliş aparmaq
üçün çox böyük əziyyətlə gəlib
Kəlbəcərə çıxmışdıq. O vaxt Kəlbəcərdə
çoxu kəşfiyyatçı Ramizin igidliyindən
danışırdı. Allahverdi Qəmkeşi də onda
tanıdım. Və Kəlbəcərlə bağlı o
günlər böyük bir yazının mövzusudur.
Sağlıq olsun, nə vaxtsa onu da qələmə
alacağam...
Ramiz məni və
dostlarımı evinə dəvət etdi. Kəlbəcərin
işğalından sonra onların ailəsi Gəncənin
Göygöl rayonu tərəfə gedən yolun üstündə
məskunlaşıb - orda torpaq alıb ev tikiblər. Həyətə
girəndə evdən başqa, qarşısında Allahverdi Qəmkeşin
böyük büstü olan təzə bir tikili diqqətimizi
çəkdi.
- Həyətimdə
atamın muzeyini yaratmışam, - Ramiz çox məmnuncasına
dinləndi, - bu büstü də Qazaxda bir heykəltəraşa
düzəltdirmişəm. Muzeyə baxaq, çayı da orda
içək.
Muzey
ekspozisiyasının tərtibatı sadə və səliqəlidir.
Burda məşhur el sənətkarına aid 500-ə yaxın
eksponat toplanılıb. Qəmkeşin sazı, paltarı, təsbehi,
tüfəngi, əlyazmaları, çap maşını,
medalları, nərdtaxtası, kitabları, sənət
dostları ilə çəkdirdiyi fotoşəkillər... Zalın
baş hissəsində aşığın ayaq üstə, əlində
saz olan təsviri toxunmuş xalça asılıb. Qeyd edim
ki, A.Qəmkeşin sifət çizgilərinin ifadəliliyi,
rənglərin ahəngdarlığı
xalçaçının ustalığından xəbər
verir. Muzey 2004-cü ildə - A.Qəmkeşin
ölümündən 2 il sonra açılıb. Azərbaycanın
əksər sənət adamları,
şair-yazıçılar, Milli Məclisin bir çox
üzvləri burda olublar.
Allahverdi Qəmkeşin
ömürlüyündən
Allahverdi Əli oğlu
Allahverdiyev (Allahverdi Qəmkeş) 1933-cü ildə Kəlbəcərin
Şapılar kəndində dünyaya göz açıb. Söz-sənət
adamı olan atası Əli kişinin el-obada böyük
hörmət və nüfuzu vardı. Allahverdi 1955-ci ildə
Şuşa Pedaqoji Texnikumuna qəbul olunur. O, bir il sonra Moskvada
keçirilən Azərbaycan incəsənəti
festivalında çıxış edir. Festivalın
laureatı olan Allahverdini geri qayıdanda pis
qarşılayırlar, daha doğrusu, texnikumun direktoru Armen
Xaçaturyan azərbaycanlı tələbənin bu qələbəsini
həzm edə bilmir. İş, canlı-cüssəli
Allahverdinin Xaçaturyanı döyməsi ilə nəticələnir.
Və gələcəyin məşhur aşığı
bununla da texnikumu tərk etməli olur. Atası Əli kişi ətraf
bölgələrin tanınmış aşıqları ilə
dostluq edirdi. Oğluna yaxşı saz bağlatdırır, əvvəlcə
onu aşıq Şəmşirin, sonra da aşıq Ələsgərin
yetirməsi aşıq Ağayarın yanına şagirdliyə
qoyur. Allahverdi o günlərdən öz ustadları ilə
toylara getməyə, söz-sənət meydanında püxtələşməyə
başlayır. Tezliklə Allahverdi Qəmkeş adı ilə
tanınan aşığın sorağı Dağıstan,
Gürcüstan və Orta Asiya respublikalarından gəlir. O
vaxtlar Təbrizdən dəvət alsa da, gedə bilmir. Bir az qabağa gedib deyim ki, 1993-cü ilin aprelində
Allahverdi Qəmkeş bütün Kəlbəcərlə birgə
cənnət yurd-yuvasından didərgin düşəndən
sonra təbrizli aşıqlar Gəncəyə - məşhur
aşığın ziyarətinə gəldilər.
Özü də dəfələrlə. Allahverdi Qəmkeşlə
Təbriz aşıqlarının saz-söz deyişmələrinin
hamısını Ramiz lentə alıb. Biz də onlardan bəzi
parçalara böyük həvəslə baxdıq. Sonralar Qəmkeş VI Ümumdünya, neçə-neçə
Ümumittifaq festivallarının qalibi, Aşıqlar Birliyinin
üzvü kimi III-IV-V Aşıqlar Qurultayının
iştirakçısı olur, iki şeir kitabı çap olunur.
Əlbəttə, bütün bu sadaladıqlarım məşhur
aşığın zəngin ömrünün bəzi məqamlarıdır.
«Şair-aşıq Allahverdi Qəmkeş xatirələrdə»
Elə bu başlıq
altında 2008-ci ildə çox nəfis tərtibatda,
aşıq sənətinin bilicisi, filologiya elmləri namizədi
Elxan Məmmədlinin ön sözü ilə bir kitab nəşr
olunub. Kitabı araya-ərsəyə gətirən də
aşığın oğlu Ramizdir. Bu nəşrlə
bağlı söhbətə keçməzdən əvvəl
deyim ki, Ramizin atasına olan övlad məhəbbəti, onun
adına, xatirəsinə ehtiramı bir örnək kimi
adamı duyğulandırır. O, təkcə
bu muzeyi açmaqla, bu kitabı çap etməklə kifayətlənmir,
atasının dostluq ediyi, duz-çörək kəsdiyi, toy
məclislərini apardığı yaxın-uzaq adamları
axtarıb tapır, onların Allahverdi Qəmkeşlə
bağlı xatirələrini yazıya alır, nadir fotoşəkillərini
əldə edir. Bir kəlmə ilə desək, Ramizin
ömrünün mənası - atasının xatirəsini əbədiləşdirməkdir.
Elə məni də bu qeydləri qələmə almağa
sövq edən A.Qəmkeşin
yaradıcılığından daha çox, Ramizin atasına
bəslədiyi bu sonsuz məhəbbəti oldu.
İndi keçək kitaba. 240 səhifəlik bu nəşrdə
Allahverdi Qəmkeşin həyat yoldaşı,
övladları, qardaşları - şair İdris Əlioğlu
və Həbib, təkrarsız muğam ustası Alim
Qasımov, şair Məmməd Aslan, sabiq millət vəkili Əlövsət
Ağalarov, xalq şairi Zəlimxan Yaqub, aşıq Ədalət,
Qəmbər Şəmşiroğlu, şair Adil Cəmil,
professor Yusif Əhmədov və başqa söz-sənət
vurğunlarının xatirələri yer alıb. Kitabda həmçinin
A.Qəmkeşin oğlu Tahir, Mikayıl Azaflı, Aybəniz
Laçınlı, şair Məhəmməd, şair Firudin
Şimşək, şair Şücaətlə deyişmələri
və məşhur aşığın xatirəsinə
yazılmış şeirlər də toplanılıb.
«Şair, asta yeri, insan yatıbdı»
Muzeydəki rəy kitabını vərəqləyirəm. Qars, Təbriz,
İzmir, Borçalı, Dərbənddən gələn qonaqların ürək sözlərini oxuduqca bir daha əsl sənətin ölməzliyi
haqqında düşünürəm: uzaq-uzaq ellərdən
bu qədər adamı Qəmkeş ocağına çəkib
gətirən yalnız sənətin
işığıdır. Onu da deyim ki, bu
günə kimi muzeydə olan qonaqlar və onların söhbətlərinin
çoxu lentin yaddaşına köçürülüb.
Ramizdən
atasının daha çox hansı şeirini sevdiyini soruşuram.
Sinədəftər
müsahibim elə bil bayaqdan bu sualımı gözləyirmiş
kimi müqəddiməsiz sözə başlayır:
Bu gün yolum düşdü qəbristanlığa,
Orda zaman qışdı, dövran
yatıbdı.
Sanki pıçıldaşdı hər məzar
daşı:
- Şair, asta yeri, insan yatıbdı.
Pul işləmir orda, qiymətsizdir zər,
Sərdar hökm eləmir, işləmir
nökər.
Nə zəhmət var orda, nə alında
tər.
Ağadan yuxarı çoban
yatıbdı.
Ramiz şeiri axıra kimi
söylədi və sonra da əlavə edi:
- Bu şeiri atam 50-ci illərdə
yazıb. 7 bənd olub. Elə
o vaxtlar çap olunub, kitabında da var. Sonra onu qırx bəndə
çatdırıb.
- Bu şeir Səməd
Vurğunun deyil?
Ramiz sualıma çox sakitcə
cavab verir:
- Müəllim, tək siz
yox, bunu mənə çoxları deyib. Sadəcə,
bu şeir Səməd Vurğunun ruhunda yazılıb. Üzü 50-ci illərdən bəri bu qoşma
yüzlərlə məclisdə oxunub.
«Yaxşı ata olmaqdansa, yaxşı oğul atası
olasan»
Ramizdən
atası ilə bağlı kitaba düşməyən bir-iki
xatirə danışmasını xahiş edirəm.
- Bizim kənddən bir
oğlan qız qaçırıbmış. Bu
olub 50-ci illərdə. Özü də
dekabr ayında. Oğlanın atası gecə ilə bizə
gəlir ki, sabah toy eləmək istəyirəm.
Atam deyir ki, mağarda peç qoyun, ətrafı
xalça-palazla yaxşı örtün. Xülasə,
toy başlayır. Atam sazı
götürür, nə götürür. Demək, çöldə soyuq, isti mağar, iynə
atsan, yerə düşməz. Toy səhərə
kimi çəkir. Bir də baxırlar ki,
düz dünya ağappaqdı. Demə,
gecədən qar yağmağa başlayıb, ancaq heç
kimin xəbəri olmayıb.
Bir dəfə
də atam, deyəsən, Yevlaxda toy aparır. Birdən
şıq geyimli, qalstuklu bir nəfər atama
yaxınlaşır ki, mənə bir bak benzinin pulunu verməlisən.
Atam əvvəlcə, kişinin nə dediyini
anlamır. Sonra məlum olur ki, bu adam
Bakıdan toya gəlibmiş. Hansısa nazirlikdə
işləyirmiş. Yevlağa
çatar-çatmaz xəbər gəlir ki, təcili
Bakıya qayıtmalıdır. Maşınını
küçədə saxlayır, lakin söndürmür.
Fikri bu imiş ki, içəri keçib toy
pulunu yazdırsın və geri - Bakıya yola
düşsün. Mağarda da Allahverdi Qəmkeş
cövlan eləyirmiş. İndi, gəl, bu məclisdən
get. Qısası, qonaq küçəyə çıxanda
görür ki, benzin qurtarıb, maşın sönüb...
Atam çox
qonaq-qaralı olub. Ömrünün son illərində həmişə
bizə deyərdi ki, mən öləndən sonra da
qonaqlarımı dəyişməyin. Və
sözünü açıqlamaq üçün misal
çəkərdi: əri ölən bir bəy arvadı
qapı ağzında oturubmuş. Ərinin bəy
dostlarından biri yoldan keçəndə soruşur ki, necəsən?
Qadın cavab verir ki, necə olacağam, ərim
sağ olanda sizin kimi bəylər qapımı
açardı. İndi qonağım
Tülü Əhməddi, Balta Həsəndi, Oğru Əlişdi.
Bir də
atamın bəzi sözləri var ki, istəyirəm onları
olduğu kimi yazasınız. O, deyərdi:
- Qonaqlarınıza
qapını açıq qoyun. Bir qəbrə
qapı qoymurlar.
- Kasıbçılıqla
ölümün arasında bircə qarış yer var.
- Doğma ana da varlı
balasının adına and içir.
- Kasıbın
qapısını ölümdən başqa heç kim açmır.
- Yaxşı ata olmaqdansa,
yaxşı oğul atası olasan.
* * *
2007-ci ilin
aprelində Gəncədə Allahverdi Qəmkeşin 75 illik
yubileyi keçirildi. Qəmkeşsevərlərin çoxu
yığılmışdı bu məclisə. O tədbiri
aşıq sənətinin bayramı da adlandırmaq
olardı. Sevindirici haldır ki, son illər milli
mədəni irsimizə dövlət qayğısı daha da
artıb. Elə ötən il
Bakıda Aşıqlar Qurultayının keçirilməsi də
dediklərimizin sübutudur. Bu qədim sənətin
inkişafı ilə bağlı qurultayda bir çox vacib məsələlərə
toxunuldu. İnanırıq ki, bir çox
el aşıqları kimi Allahverdi Qəmkeşin də
yaradıcılığı geniş tədqiq olunacaq və
onun 80 illik yubileyi daha geniş çevrədə keçiriləcək.
Qorxmaz Şıxalıoğlu
Mədəniyyət.- 2009.- 24 aprel.- S. 9.