Turizm Şirkətləri
Assosiasiyasının yaradılması
təqdir edilir
Şirkət rəhbərlərinin quruma ümidləri
böyükdür
Turizm sahəsində
inkişaf etmiş ölkələrin təcrübəsi
göstərir ki, Ümumdünya Turizm Təşkilatının
apardığı təhlillərin nəticəsinə
uyğun ölkənin turizm bazarının inkişafı,
turizm məhsullarının müxtəlifliyi, həmçinin
ölkənin turizm bazarının dünya turizm bazarına
inteqrasiyası, rəqabətə davamlı turizm
bazarının yaradılması və bu sahə üzrə
mövcud potensialın təbliği prosesində turist şirkətlərinin
rolu əvəzedilməzdir.
Yüksək turizm
potensialına malik olan və adıçəkilən sahənin
inkişafında yeni-yeni uğurlar atan Azərbaycanda artıq
250-yə qədər turist şirkəti lisenziya ilə fəaliyyət
göstərir. Bu səbəbdən də ötən ilin dekabrında 160-a yaxın turist şirkəti toplantı keçirərək fəaliyyətlərinin
inkişaf etdirilməsi,
onların işində
mövcud olan problemlərin aradan qaldırılması və
mənafelərinin qorunması,
vahid şəkildə
yerli və beynəlxalq tədbirlərdə
iştirak etmək məqsədilə vahid bir qurumun
- Azərbaycan Turizm Şirkətləri Assosiasiyasının
(ASTA) yaradılması haqqında
yekdil qərara gəldilər. Həmin tədbirdə çıxış
edən mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev də belə bir qurumun
yaradılmasına ehtiyac
duyulduğunu bildirmişdi.
Bununla belə, nazir assosiasiyanın təsis edilməsinə hər bir turizm şirkətinin
müstəqil münasibət
bildirməsini istəmiş
və tövsiyə etmişdi ki, şirkətlərin özləri
qurumun hansı formada yaradılacağı
və fəaliyyətini
necə quracağı
ilə bağlı razılığa gəlsinlər.
Həmin vaxt bir nəfər
Turizm-İnformasiya Mərkəzinin, bir nəfər Azərbaycan
Turizm İnstitutunun və bir nəfər də turizm şirkətlərindən
birinin nümayəndəsindən ibarət təşəbbüs
qrupu yaradılmış və onlara 2-3 ay müddətində
qurumun necə yaradılması, hansı istiqamətdə fəaliyyət
göstərməsi ilə bağlı təklifləri
ümumiləşdirib paket halında təqdim etmək
tapşırılmışdı.
Bir neçə gün əvvəl
qurum yaradıldı və İdarə Heyəti seçildi. Maraqlıdır,
turizm şirkətlərinin ASTA-nın təsis edilməsinə
münasibəti necədir və ümumiyyətlə, onlar bu
qurumdan nə gözləyirlər?
Turizm şirkətləri qurumdan çox şey
gözləyir
«R&R Travel» turizm
şirkətinin rəhbəri Ruslan Əhmədov bildirdi ki, bu
vaxta qədər turizm şirkətlərinin fəaliyyətində
bir pərakəndəlik vardı: «Həmçinin Azərbaycan
turizmində həll edilməsi vacib olan bir çox problemlər
də var ki, onlar da turizm şirkətlərinin vahid bir qurumda
birləşməsini diqtə edirdi. Düzdür,
yeni yaradılan bir təşkilat kimi, Azərbaycan Turizm Şirkətləri Assosiasiyasının bu problemlərin həllinə
təsiri az olsa da, düşünürəm
ki, ümumi yığıncaqlarda birgə
verilən qərarlarla
nəyəsə nail olmaq olar».
«Bakı-Tur» turist
şirkətinin rəhbəri Fayis Məmmədovun məsələyə
münasibəti çox maraqlıdır: «Azərbaycan Turizm
Şirkətləri Assosiasiyası ictimai qurum olub, eyni sahədə
çalışan şirkətləri birləşdirir. Belə bir qurum hələ
90-cı illərin əvvəllərində yaradılmışdı.
Çox təəssüf
ki, bir çox
problemlərin yaranması,
eyni zamanda turizm şirkətlərinə
hər hansı bir çətinliyini həll etməkdə kömək göstərə
bilməməsi səbəbindən
həmin qurum fəaliyyətini dayandırdı. Dünyanın bütün ölkələrində
turizm şirkətlərini
birləşdirən assosiasiyalar
mövcuddur və onlar həmin olkələrin müvafiq şirkətlərinin problemlərini
dövlət qarşısında
qaldırmaqla müəyyən
qədər həllinə
nail olurlar. Bundan əlavə, bu qurumlar müxtəlif
ölkələrin eyniadlı
şirkətləri ilə
əməkdaşlıq, ölkənin
turizm şirkətlərinin
beynəlxalq sərgilərdə
iştirakı və s. kimi məsələlərdə
də öz üzvlərinə yardım
edir. Sözsüz ki, Azərbaycanda da bu boşluq
görünürdü. Bu
səbəbdən də
biz toplaşıb Azərbaycan Turizm Şirkətləri Assosiasiyasının
(ASTA) təsis edilməsi
ilə bağlı qərar verdik».
F.Məmmədov bildirdi
ki, yeni yaradılan qurum kimi ASTA-ya dəstək lazımdır
ki, sonra da qurumun üzvləri ondan nəsə uma bilsinlər:
«Biz assosiasiyanın idarə heyətinin sədrini və
üzvlərini seçdik. Amma toplantıda belə bir məsələ də qoyuldu ki, əgər qurum öz sözünü
deyə bilməsə,
ilkin mərhələdə
üzvlərinin sayı
azaldılacaq. Sözsüz
ki, ASTA tək heç nəyə nail ola bilməz.
Çünki burada kollektiv idarəçilik sistemidir. Qurumun qabağa getməsində yerli təşkilatların
da böyük rolu var. Üstəlik,
assosiasiyanın normal fəaliyyət göstərməsi
üçün onun maliyyə mənbəyi olmalıdır. Bu da quruma üzv
olan şirkətlərin
ödədiyi üzvlük
haqqından asılıdır.
Biz bu məsələdə
də razılığa
gəldik».
Şirkət rəhbəri
assosiasiya ilə bağlı böyük ümidlərinin
olduğunu da dedi: «İstərdik bu qurum uzunömürlü
olsun, əvvəlki assosiasiya kimi zəif fəaliyyət
göstərməsin. Assosiasiya turizm şirkətlərinin
problemlərinin həllinə
çalışmalı, turizmə
aid olan qanunların dəyişdirilməsində
öz töhfəsini
verməlidir. Hesab edirəm ki, ASTA qarşıya qoyulan məsələlərin həllinə
nail olacaq və tezliklə bizim də maraqlarımıza
cavab verən bir quruma çevriləcək».
ASTA üzvlərinin problemlərinin həllinə
çalışacaq
ASTA-nın İdarə
Heyətinin sədri, “Xəzər Travel” turizm şirkətinin
rəhbəri Nahid Bağırovun dediyinə görə,
qurumun yaranmasının turizm şirkətləri tərəfindən
belə maraqla qarşılanacağını gözləmirmiş:
«Təbii ki, burada onların da öz maraqları var. Bu mənada ki, müəyyən problemlərini assosiasiyanın
köməkliyi ilə
həll edəcəklər.
Bu qurum bir növ onların
danışan dili olacaq. Əslində bu elə belə
də olmalıdır.
Yarandığımız bir
həftə müddətində
artıq 30-dan çox
şirkət bizə üzv olmaq üçün müraciət
edib. Bunların içərisində «İmprotex
Travel», «Paşa Travel», «Caspian Travel» kimi turizm
bazarında öz sözünü deyən şirkətlər də var».
İnkişaf etmiş
xarici ölkələrdə oxşar qurumlar mövcuddur və
onlar bütün dünyada tanınır. Bəs ASTA rəhbərliyi
onların təcrübəsindən
yararlanmaq istəyirmi?
N.Bağırov artıq
bu məqsədlə bir müddət Türkiyənin müvafiq
təşkilatında olduğunu
bildirdi : «Təbii ki, yeni olduğumuz üçün xarici ölkələrin təcrübəsinə
mütləq istinad etməliyik. Türkiyədə
Türkiyə Səyahət
Agentlikləri Birliyi
(TÜRKSAB) adlı bir
qurum var. O təşkilatın üzvü
olmayan hər hansı bir turizm firması bu sahə ilə
məşğul ola bilməz. Yəni şirkət əvvəlcə
o assosiasiyanın üzvü olmalıdır.
Lisenziyanı da bu qurum verir,
özü də elə-belə yox. Onlar öz
markalarını gözləyirlər.
Lisenziya ilə bağlı qurumun öz şərtləri və parametrləri var. TÜRKSAB-ın icazəsi olmadan heç bir firma reklam işləri
ilə məşğul
ola bilməz. Mən artıq bir neçə müddət idi ki, Türkiyədə həmin qurumun iş prinsipi ilə tanış olurdum».
N.Bağırov onlara ilk
dəstək olub güvənən üzvlərinin etimadını
doğrultmağa çalışacaqlarını, ilk növbədə
onların ən çox qarşılaşdıqları
problemləri həll edəcəklərini dedi: «Qonşu
Gürcüstanda turizm şirkətləri 18 faiz ƏDV-dən
azaddır. Bu, dövlət
tərəfindən həmin
şirkətlərə verilən
dəstəkdir. Biz də belə bir güzəştin əldə olunmasına çalışacağıq. Problemlər
çoxdur, bizim məqsədimiz isə öncə Azərbaycanda turizm sahəsinin inkişafına nail olmaqdır».
Fəxriyyə ABDULLAYEVA
Azərbaycan Respublikası
Mədəniyyət və Turizm Nazirliyi
Mədəniyyət.- 2009.- 24 aprel.- S. 8.