Ustad sənətkar
«Seyid Şərq musiqisinin incisidir...»
Cabbar Qaryağdıoğlu
Dünyanın ən qədim və mədəni
xalqlarından olan Azərbaycan xalqı özünün tarixi
abidələri, zəngin ədəbiyyatı, incəsənət
və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr
edir.
Azərbaycan musiqisi öz milli zəmini üzərində
yüksəlmişdir. Xanəndələr xalqın mənəvi
aləminin, zəkasının, arzu-istəyinin ifadəsi olan
xalq musiqisini təbliğ etmiş, yaşatmış və
qoruyub saxlamışdır.
Xalq dühasının ən
parlaq yaradıcılıq məhsulu muğamatdır.
Muğamat musiqimizin təməl daşı, onun bünövrəsi
və dayaq sütunudur. Əsrlərdən bəri
xalqımızın yaratdığı mahnılar, təsniflər
və oyun havaları muğamat üzərində
yaranmışdır. Fasiləsiz olaraq saat yarım, iki saat
oxuyan xanəndələr ancaq Azərbaycanda olmuşdur. Cabbar
Qaryağdıoğlu, Şəkili Ələsgər, Əbdül
Bağı, Seyid Şuşinski «dəstgah» adı altında
proqram yaratmışlar.
Göründüyü kimi,
Azərbycan musiqisinin ən əsas sahələrindən biri
olan xanəndəlik sənəti mürəkkəb inkişaf
yolu keçmişdir. Təəssüf ki, musiqi mədəniyyətimizin
tarixində müstəsna xidmətləri olan xanəndələr
haqqında yazılı ədəbiyyat olduqca azdır. Xanəndə
və musiqiçilərimizin yaradıcı fəaliyyətlərini
öyrənmədən, təbiidir ki, milli musiqi tarixini
yaratmaq olmaz.
Mir Möhsün Ağa Seyid
İbrahim oğlu Şuşinski 1889-cu ildə
Mir Möhsün uşaq
yaşlarından atasını itirmiş, tərbiyəsi ilə
xalası Məşədi Hürzad məşğul
olmuşdur. Dövrünün savadlı və
açıqfikirli qadını olan Məşədi Hürzad
Qarabağın qadın toylarında xanəndəlik
etmişdi.
Gənc Seyid ilk təhsilini
Horadizdə, mədrəsədə almışdır. Mədrəsə
təhsilini başa vuran Seyid dərzilik sənəti ilə məşğul
olmuşdur. O, arabir dini mərasimlərdə və el şənliklərində
çıxış etmişdir.
Seyidin muğam öyrənməsində
əmisi Məşədi Seyidəlinin əməyi az
olmamışdır. Əmisi Seyidin musiqi təhsili ilə məşğul
olur, Sədinin, Hafizin, Füzulinin və Zakirin şeirlərini
Seyidə əzbərlədib, muğam üstündə
oxudurdu.
Həmçinin gənc
Seyidin bir xanəndə kimi yetişməsində Cabbar
Qaryağdıoğlunun həlledici təsiri olmuşdur.
S.Şuşinskinin ilk
çıxışı 1908-ci ildə şuşalılar
qarşısında «Yay klub»unda olmuşdur. Məşhur xanəndə
İslam Abdullayev həmin konserti belə xaırlayır:
«Biletlər bir həftə qabaq satılıb
qurtarmışdı. Axşam saat 9-da konsert başlandı. Cabbar,
Qasım, Məşədi Məmməd, Həmid və
Keçəçioğlu oxuduqdan sonra Azad bəy Əmirov gənc
Seyidin «Mani» oxuyacağını elan etdi. Sonra Seyidə
«Bayatı-Şiraz» oxutdular. Seyid «Bayatı-Şiraz»ın «Xavərən»
şöbəsindən «
Seyid dəstgahı
qurtarıb ayağa qalxdıqda salondakı
tamaşaçılar uzun zaman gənc xanəndəni
alqışladılar. Camaat sakitləşmirdi. Nəhayət,
Xan sarayında xidmət etmiş, şəhərdə
hörmətli şəxslərdən biri Xanlıq Muxtar iki dəfə
göyə güllə atdıqdan sonra tamaşaçılar
sakit oldular. Seyidə üçüncü dəfə «Şəkər
oğulun şikəstəsi»ni oxutdular. Sonra Cabbar səhnəyə
qalxıb Seyidi bağrına basaraq, gözləri
yaşarmış halda dedi: «Camaat! İndi mən ölsəm
də, daha qəmim yoxdur, çünki məndən sonra Seyid
vardır».
Seyid muğam aləminin sirlərinə
böyük Cabbarın tədrisi ilə yiyələnmişdir.
O, həmişə Cabbar Qaryağdıoğlunun tələbəsi
olması ilə fəxr etmişdi.
O gündən Seyidin
şöhrəti artır, onun cazibəli səsini dinləməyə
hamı can atırdı. Əmisi Məşədi Seyidəli
Seyidin toylarda oxumasına icazə vermirdi ki, o hələ
uşaqdır, Seyid xanəndəlik etməkdən əvvəl,
musiqi aləminin sirlərini öyrənməlidir. Ona görə
klassik Şərq muğamlarını və xalq musiqisini dərindən
öyrənmək üçün Seyidəli gənc Seyidi Nəvvabın
yanına aparır.
Seyid Nəvvabın hücrəsində
iki ildən artıq musiqi təhsili alır. 1910-cu ildə Nəvvab
gənc Seyidə şənliklərdə, musiqi məclislərində
oxumasını məsləhət görür.
Onun oxumağı nəinki
dinləyiciləri, hətta o dövrün sənət
yollarında saç-saqqal ağartmış xanəndələri
valeh edirdi.
Seyid Şuşinski 1911-ci ildə
Tiflisə getmiş və orada ilk
çıxışını «Obşestvennoye sobraniye»
klubunda etmişdir. 1912-ci ildə Tiflisdə «Molla Nəsrəddin»
jurnalının redaktoru Cəlil Məmmədquluzadənin, Əlimirzə
Nərimanovun, Yusifbəy Tahirovun təşəbbüsü və
Seyid Şuşinskinin şəxsən yaxından köməyi
ilə Tiflisin azərbaycanlılar yaşayan hissəsində
(Şeytanbazarda) «Auditoriya» adlı yeni klub açılır.
Klubun açılışı günü Seyid
Şuşinski tarzən Məşədi Zeynalın
müşayiəti ilə «Mahur» oxumuşdur. Konsertdə əldə
edilən pulun hamısını Seyid kluba vermişdir.
«Auditoriya» klubu da Seyid Şuşinskinin maddi yardımı nəticəsində
açılmışdır.
Seyid Şuşinski şəxsi
mənafeyini güdən sənətkar olmamışdır. O
həmişə Azərbaycan teatrına və artistlərinə
maddi yardım etmişdir. Seyidin Azərbaycan mədəniyyəti
tarixində xidmətləri unudulmazdır. Seyid
Şuşinskiyə adi musiqiçi demək düzgün
olmazdı. O, öz millətinin tərəqqisi, gələcəyi
haqqında düşünən, onun incəsənətini
şöhrətləndirən mədəniyyət xadimi idi.
Seyid varlı idi. O, Qafqaz canişininin «Saray müğənnisi»
olmaqla yanaşı, həm də şəxsi restoran, mehmanxana
sahibi idi. Hətta «Mersedes» markalı avtomobili vardı. Seyid
öz dövrünün dəbdə olan xanəndəsi idi.
Qurban Primov Seyid haqqında
deyir: «Seyidlə Şuşanın Mirzələr kəndində
toyda idik. Hava isti idi. Seyid oxuyandan sonra üstündə rus
çarının şəkli olan bir neçə palazqulaq
beş yüzlükdən ona şlyapa düzəldib,
papağın əvəzinə başına qoyub dedilər:
- Ağa, hava istidir. Bu
kağız şlyapanı qoy ki, sərin olsun».
Seyid Şuşinskinin
oxuduğu «Cahargah», «Nəva», «Bayatı-İsfahan», «Humayun»,
«Rast», «Mahur», «Zabul», «Kürdü-Şahnaz», «Mirzə
Hüseyn segahı», «Mani», «Arazbarı», «Mənsuriyyə»
muğamları böyük rəğbətlə
qarşılanmışdır. Onun oxuduğu muğamlar
içərisində «Çahargah» xüsusi yer tutur.
Seyid Şuşinski novator xanəndə
idi. O, «Cahargah»ın müqəddiməsini başlayarkən,
muğamı «maye»sindən, yəni «Cöhrəvi» hissəsindən
yox, məhz muğamın səkkizinci hissəsi olan «Mənsuriyyə»
üstündə zildən 10-15 dəqiqə «Bərdaşt»
etdikdən sonra muğamın «maye»sinə
qayıtmışdır.
Seyid Şuşinski olduqca
zil, məlahətli səsə və uzun nəfəsə
malik fitri istedadlı xanəndə idi. Nikbin ruhlu, təmtəraqlı
muğamların mahir ifaçısı Seyid Şuşinski nəinki
Qafqazda, hətta İranda da məşhur idi.
O, 1926-cı ildə dahi bəstəkar
Üzeyir Hacıbəyovun təşəbbüsü ilə
Azərbaycan Dövlət Konservatoriyasına dəvət
olunur. Cabbar Qaryağdıoğlu və Keçəçioğlu
Məhəmməd ilə birlikdə yeni açılmış
xanəndəlik sinfində müəllim işləyir.
Seyid Şuşinski Azərbaycan
Dövlət Konservatoriyasında müəllimlik etdiyi illərdə
(1926-1933) gənc sənətkarların musiqi təhsili ilə
yaxından məşğul olmaqla bərabər, həm də
Bakının musiqi həyatında da səmərəli fəaliyyət
göstərmişdir.
Azərbaycan musiqisinin və
xalq mahnılarınn təbliği sahəsində Seyid
Şuşinskinin xidməti böyükdür. Onun 1933-cü
ildə təşkil etdiyi «Şərq musiqi ansamblı» ilə
keçmiş SSRİ-nin müxtəlif şəhərlərində
verdikləri konsertlər alqışlarla qarşılanmışdır.
S.Şuşinski klassik, Şərq
və Azərbaycan muğamlarının incəliklərinə
dərindən bələd olan xanəndə idi. Onun gözəl
və şaqraq zəngulələri (burunda və dişdə
oxumaq) və uzun nəfəsləri dinləyiciləri valeh
etmişdir. Üzeyir Hacıbəyov Seyid Şuşinskini nadir
və istedadlı xanəndə adlandırmışdır. O,
Fikrət Əmirovun «Şur», «Kürd-Ovşarı», Niyazinin
«Rast» simfonik muğamlarının yaranmasında yaxından
köməklik göstərmişdir.
Şuşinskinin irsi
böyük bir məktəbdir. Xanəndələr Seyid məktəbindən
öyrənmiş və yenə öyrənməlidirlər.
1963-cü ildə onun 74 yaşında «Heyratı», «Mani»,
«Arazbarı», muğamlarını zil səslə oxuması hər
xanəndəyə nəsib olmayan ustalıqdır. Professor
Bülbül demişdir: «Qoca xanəndələr
bulağın gözüdür, bunlarda xəzinə
vardır».
Seyid Şuşinski haqqında
elmi monoqrafiyalar, kitablar yazmaq lazımdır, Seyidin həyatı
Azərbaycan musiqi mədəniyyəti tarixinin ən parlaq səhifələrindən
biridir. Klassik Şərq musiqisinin repertuarında elə bir
muğam tapmaq çətindir ki, Seyid Şuşinski onu ifa etməkdə
aciz olsun.
Seyid Şuşinski yenilik
axtaran sənətkar idi. O, bir çox muğamlara yeni guşələr,xallar,
nəfəslər, hətta hissələr əlavə
etmişdir. «Rast» və «Kürdü-Şahnaz»
muğamlarının «Dilkeş» hissəsini dinləyicilərinə
ilk dəfə çatdıran Seyid olmuşdur. Böyük sənətkar
həm də bir çox muğamları birləşdirib
oxumuşdur. «Rast- Humayun», «Qatar - Bayatı», «Şur-Şahnaz»
və s. dəstgahlar Seyid Şuşinskinin
yaradıcılıq məhsuludur. Seyid Şuşinski sənətdə
Cabbar Qaryağdı oğlunun yolunu muğamdan-muğama
keçmə (modulyasiya) üsulunu öz yaradıcılığında
uğurla tətbiq etmişdir.
Böyük sənətkar
Seyid Şuşinski görkəmli pedaqoq kimi Zülfü
Adıgözəlov, Xan Şuşinski, Mütəllim Mütəllimov,
Cahan Talışinskaya, Sürəyya Qacar, Yavər Kələntərli,
Həqiqət Rzayeva, Nəriman Əliyev, Əlibaba Məmmədov,
İslam Rzayev, Yaqub Məmmədov, Rübabə Muradova və
başqalarının xanəndə kimi yetişməsində
böyük əməyi olmuşdur.
Seyid Şuşinskidən təhsil
almış Nəriman Əliyev, A. Zeynallı adına Dövlət
Orta İxtisas Musiqi Məktəbində bizə dərs dediyi
vaxtda həmişə Seyid Şuşinski haqqında
maraqlı söhbətlər edir,onun necə
qayğıkeş, gözəl insan olmasından
danışırdı. Seyid Şuşinski pedaqoji fəaliyyətini
dayandıranda öz sinfini Nəriman Əliyevə etibar
etmişdi.
Mən çox xoşbəxtəm
ki, Seyid Şuşinskinin iki tələbəsindən (Nəriman
Əliyevdən A. Zeynallı adına Dövlət Orta
İxtisas Musiqi Məktəbində, İslam Rzayevdən isə
Azərbaycan Dövlət Musiqi Akademiyasında) dərs
almışam.
Hazırda konsert
salonlarında, televiziya və opera teatrlarında
çıxış edən yaşlı və cavan xanəndələrin
əksəriyyətində Seyid Şuşinskinin nəfəsi
duyulur.
Seyid Şuşinski
1939-1960-cı illərdə M. Maqomayev adına Azərbaycan
Dövlət Filarmoniyasında solist olmuş,
ömrünün son illərində isə Opera və Balet
Teatrında muğam operalarının məsləhətçisi
işləmişdir.
Böyük xanəndə
Cabbar Qaryağdıoğlu Seyid Şuşinskini Şərq
musiqisinin incisi adlandırmış və öz
qavalını ona bağışlamışdır.
Azərbaycan milli musiqi mədəniyyətinin
inkişafında Seyid Şuşinski mühüm rol
oynamışdır. O, yaradıcılığını
milli vokal sənətinin zənginləşməsinə sərf
etmişdir. Azərbaycan Republikasının xalq artisti, «Şərəf
nişanı» ordenli, əməkdar müəllim Seyid
Şuşinski 1965-ci ildə vəfat etmişdir. «Kommunist» qəzeti
çap etdiyi nekroloqda yazmışdı: «Qocaman xanəndəmiz,
qayğıkeş müəllim, son dərəcə təvazökar
bir insan - Seyid Şuşinski vəfat etmişdir. O,
ömrünün 60 ilini Azərbaycan musiqi mədəniyyətinin
inkişafına həsr etmiş, gözəl səsi ilə
xalqımızın sevimli müğənnisi olmuş,
Yaxın və Orta Şərqdə şöhrət
tapmışdır».
Ruzə İBİŞOVA,
Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin müəllimi
Mədəniyyət.-
2009.- 24 aprel.- S. 7.