Sevən, sevindirən
səs
Ali dərəcəli diktor Eldost Bayramın 40 illik
yaradıcılığı qeyd olundu
Gözəl səs, rəvan danışıq tərzi,
nitq məharəti, natiqlik mədəniyyəti bir Allah
vergisidi. Bu xoşbəxtlik
hər kəsə nəsib olmur. Eldost Bayram bəxtəvər
sənətkardır ki,
xalq arasında, milyonları əhatə edən auditoriyada istedadlı, mahir bir diktor kimi
tanınır, sevilir.
Eldost müəllim ta
uşaq yaşlarından sevib-seçdiyi, ürəkdən
bağlandığı diktorluq sənətində mənalı,
maraqlı bir yol keçib və bu gün də öz sevimli
peşəsində yorulmadan çalışır, obrazlı
desək, 40 ildir ki, bu yolda külüng çalır.
Eldost Əlövsət
oğlu Bayramov (Eldost Bayram) 1947-ci il yanvarın 25-də
Kürdəmir rayonunun Çöl-Ərəb kəndində
anadan olub. 1965-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun tarix
fakültəsinə daxil olub, 1969-cu ildə təhsilini
başa vurmuş, Ağsu rayonunun İlxıçı kəndində
tarix müəllimi kimi əmək fəaliyyətinə
başlamışdır.
Eldost müəllim
1972-ci il aprelin 1-də Azərbaycan Dövlət Teleradio
Verilişləri Komitəsinə (indiki Dövlət Teleradio
Verilişləri Qapalı Səhmdar Cəmiyyəti) diktor vəzifəsinə
qəbul olunub. Hazırda ali dərəcəli diktor kimi öz
fəaliyyətini uğurla
davam etdirir. 2006-cı ildə “Respublikanın əməkdar
artisti” fəxri adına, 2008-ci ilin noyabrında isə “Tərəqqi” medalına layiq görülüb.
Azərbaycan Teleradio
Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin fonoteka
və filmotekasında Eldost Bayramın səsi ilə
çoxlu sayda verilişlər saxlanılır.
Bütün bunlar barədə
AMEA N.Gəncəvi adına Azərbaycan Ədəbiyyatı
Muzeyinin “Aran” regional şöbəsi ilə Kürdəmir
Rayon İcra Hakimiyyətinin birgə təşkil etdikləri
mərasimdə ətraflı danışıldı.
N.Nərimanov adına
Kürdəmir Rayon Mədəniyyət Evində
keçirilmiş həmin tədbir tanınmış diktor,
gözəl ziyalı, öz natiqlik istedadı ilə
böyük hörmət və nüfuz qazanmış Eldost
Bayramın 40 illik zəngin yaradıcılıq fəaliyyətinə
həsr olunmuşdu.
Mərasimi giriş
sözü ilə Azərbaycan Jurnalistlər Birliyinin
üzvü, filologiya elmləri namizədi Yaqut
Bahadurqızı açdı. Sonra söz AMEA N.Gəncəvi
adına Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru,
filologiya elmləri doktoru, AMEA-nın müxbir üzvü,
Milli Məclisin deputatı Rafael Hüseynova verildi.
Yazıçı-publisist
Rafael Hüseynov Eldost Bayramın istedadından, onun
yaradıcılığına xas olan xüsusiyyətlərdən,
nümunəvi iş təcrübəsindən konkret və
maraqlı faktlar əsasında ətraflı söhbət
açdı, ona yeni-yeni yaradıcılıq uğurları
arzuladı.
Mərasimdə ifadə
olunan fikirlərdə deyildiyi kimi, səs də bir Allah
vergisidir. Elə nadir
səslər var ki, hər birimiz
lap uşaqlıqdan o səslərə vurulmuşuq, sevmişik, qibtə etmişik. Eldost da ta
uşaqlıq çağlarından
sevmişdi o gözəl səsləri.
Soltan Nəcəfovun,
Aydın Qaradağlının,
Ramiz Mustafayevin səslərini... Onları
sevə-sevə - özü də sevimli diktor oldu. Səsi “Qızıl fond”a düşdü...
Eldostu uğurlara aparan yol heç də asan, hamar
olmayıb və bu çətin yollarla sevdiyi, seçdiyi sənətin zirvəsinə doğru inamla irəliləyib.
Sənətkarlığından,
istedadından əlavə, Eldost Bayramın
böyüklüyü bir də onun son dərəcə təvazökarlığında,
sadə və alicənablığındadır. El dili ilə
desək, o, bar gətirdikcə başını
aşağı dikən ağaclar kimidir...
Eldost müəllim
öz məlahətli, gözəl səsi ilə obrazlar
yaradır, oxuduğu hər bir mətni daxilən
yaşayır. O, rəsmi xəbərlərdə nə qədər
ciddidirsə, ədəbi-bədii mətnləri səsləndirərkən
bir o qədər rəsmi, zərif, incə, həssas və
duyğuludur.
Mərasimdə
nümayiş etdirilən “Ömrün anları” video-albom
Eldost Bayramın həyat və yaradıcılığı
ilə bağlı müxtəlif məqamları əks
etdirdi, tamaşaçılarda böyük maraq doğurdu.
Heç zaman unudulmayan doğma məktəb, sevimli, əziz müəllimlər!..
Eldost Bayramın yaradıcılığına
həsr olunan mərasimdə hər kəs üçün kövrək, həzin olan bu hisslər,
bu duyğular bir daha yaşandı.
İlk müəllimi
Əlihüseyn Kərimov,
Kürdəmir Rayon Ziyalılar Cəmiyyətinin
sədri Oqtay Babayev, Kürdəmir şəhər 1 saylı orta məktəbin
müəllimi Şərqiyyə
Mürsəliyeva, habelə
1963-64-cü tədris ilində
Kürdəmir şəhər
1 saylı orta məktəbin məzunları
onu ürək çırpıntıları ilə
təbrik etdilər.
Eldost Bayramın
yaradıcılığına həsr olunmuş
yığıncaq, onun mənalı həyat yolu hər kəsdə
iftixar hissi oyatdı. Bu məclisdə iştirak edən Hacı Rafiq Verdiyevin də qəlbi qürur hissi ilə dolu idi.
Onun Eldost Bayram sənətinə olan sevgisi elə
oradaca kövrək misralara çevrilmişdi:
Səsinə heyrandır obalar, ellər,
Səsindən sevinir, gülür könüllər.
Uğurlar bəxş edib sənə bu illər,
Eldost Bayram, şad gününüz mübarək!
Çıxışlardan sonra Oqtay Babayev
Eldost Bayrama Rayon Ziyalılar Cəmiyyətinin
fəxri fərmanını
təqdim etdi.
Mərasimdə Kürdəmir
Rayon İcra Hakimiyyəti
başçısının birinci müavini Vasif Məmmədov rayonun icra aparatı
adından Eldost Bayramı təbrik etdi, səmərəli fəaliyyətində, yaradıcı
işində ona uğurlar arzuladı və rayon icra hakimiyyətinin qiymətli
hədiyyəsi təqdim
olundu.
Axırda tanınmış
müğənnilər və
mahir muğam ifaçılarından Zakir
Əliyev, Nemət Ərəboğlu, Nigar Şabanova, Camal Dadaşov, Tofiq Qasımov və onları ustalıqla müşayiət edən
Mehman Mikayılov, Cahandar Mikayılov, Oqtay Şükürov, İlqar Dünyamalıyev,
Rövşən Ağayev
öz istedadları ilə mərasimi daha da rövnəqləndirdilər.
Eldost Bayram bu gözəl,
məzmunlu tədbirin
təşkilatçılarına və iştirakçılarına
dərin təşəkkürünü
və minnətdarlığını
bildirdi.
Mərasim Z.Əliyev,
N.Ərəboğlu və
T.Qasımovun birgə
ifa etdikləri “Qarabağ şikəstəsi”nin sədaları altında sona çatdı.
Tofiq Abdullayev
Mədəniyyət.-
2009.- 24 aprel.- S. 7.