Şəhid xanəndə
- Şahmalı Kürdoğlu
Lap uşaqlıqdan bir səs
qalıb yaddaşımda. Ağdamın Qiyaslı kəndində
qonşu həyətdən gələn səs. Allahın
insana bəxş etdiyi gözəl səslərin mənim
üçün ən şirini, ürəyəyatanı. Əlbəttə,
uşaq vaxtı qeyri-ixtiyari dinlədiyim bu canlı ifanın əzəmətini
anlamırdım və bu, mənə olsa-olsa xoş gələrdi.
Amma zaman keçdikcə bu səsin şirinliyi tutdu məni.
Yaman tutdu!..
Və ömrüm boyu o
kənd yollarının doğmalığı, həyət
güllərinin ətri və həsrətində olduğum
qonşularımızın bir-birinə məhəbbəti, sədaqəti
kimi bu səs də mənimlə yaşayacaq. O qeyri-adi səs
əsl istedaddan xəbər verən, Allah vergisi olan bir səsdi...
Düşünürəm
ki, görəsən, bu gün səsgücləndiricilərin,
xüsisi texnikanın hesabına yaranan bu «müğənni
ordusu» o səsi ağılla, başla dinləsəydi,
özünə nə ad verərdi? Cır, kal səsləri
ilə tamaşaçıdan alqış istəyən,
özünə əndrəbadi titullar verənlər o əzəmətli
səsdən diksinməzdilərmi?
O səsin rəngi,
ürəyi, canı vardı sanki. Başqa cür demək
olmur. Mərhum xanəndə Şahmalı Kürdoğlu ilə
yaxın dost olmuş musiqişünas-alim Vəli Məmmədov
yəqin ki, onun səsini və özünü daha
yaxşı xarakterizə edər, deyə onun qonağı
oldum. Bir vaxtlar özü də xanəndəlik etmiş Vəli
müəllim Şahmalı Kürdoğlu haqda az şey
söyləmədi.
Seyid Şuşinskinin
layiqli tələbəsi
…Mən
Şahmalını 1957-ci ildən tanıyıram. Yaxşı insan, danışıb-gülən bir
oğlan idi. Uca boyu, qapqara
saçları vardı.
Hələ Şahmalıdan
əvvəl onun qardaşı Əlişlə
dost idim. Biz yuxarı sinifləri Ağdamın
1 saylı məktəbində
birlikdə oxumuşuq.
O vaxt Əliş deyirdi ki, qardaşım
Türkmənistandadı. Şahmalı
orada ali hüquq təhsili almışdı. O, Türkmənistanda
həm də musiqiçilərlə dost olmuşdu.
İsbi adlı bir tarzən ilə daha yaxşı
münasibəti olan Şahmalı sonralar onunla məni də
Filarmoniyanı lərzəyə gətirən
səs
Şahmalı şəxsiyyət
idi. Onun şirin, məlahətli səsi adamı mat qoyurdu. 1957-ci il idi, Bakının «Tarqovı» deyilən küçəsində gəzişirdik.
Birdən rəhmətlik
Bülbül qarşımıza
çıxdı. Dedi
ki, sabah gəlin sizi bağa aparım, bir az dincəlin.
Mən utancaq idim. Amma Şahmalı
adama yovuşan, istiqanlıydı və Bülbüllə getdi.
Şahmalının zil, şaqraq səsi vardı. Bir onun filarmoniyadakı konsertlərini görəydiniz.
O, muğamlar - «Şur»u,
«Rast»ı, «Heyratı»nı, «Çahargah»ı elə oxuyardı ki, filarmoniya lərzəyə gələrdi.
Xəyalpərəst, fantaziyalı
adam idi. Ancaq o boyda istedad
Opera və Balet Teatrında ancaq epizodik rollar oynayıb. Halbuki ona Məcnun, Şah İsmayıl obrazları yaraşırdı.
Şahmalı çox
istedadlıydı. Həm
də rəssamlığı
- gözəl əl qabiliyyəti vardı. O, bir xanəndə kimi mükəmməl dərs almışdı.
Seyidin özünün
ayrı öyrətmə
metodu vardı. Şahmalı da sözü, qəzəliyyatı
yaxşı bilirdi və ürəkdən oxuyurdu. Oxumağı da özünə oxşayırdı. Özü
incəqəlbli olduğundan,
oxumağı da incə idi. Bir xanəndə kimi Şahmalı dinləyicini düşündürürdü.
Onun səsinə Qarabağ havası hopmuşdu. Bu səsdə
Xan əminin səsinin çalarları
var idi. Oxuyan kimi bilirdin
ki, qarabağlıdı.
Şahmalı öz adını qoyduğu körpə
oğlu ilə şəhid oldu
Ağdamda sən
gördüyün kimi, onun gözəl evi, həyəti, limon
bağı vardı. Həmişə dostlarına
deyirdi ki, gəlib bizdə dincəlin. Amma ailəsinə əziyyət
vermək istəmirdim.
Bir dəfə müəllimini - Seyid Şuşinskini aparmışdı
evinə. O vaxt ağaya (Seyid Şuşinskiyə belə
deyirdik) yaxşı baxmışdı. Şahmalı
sonralar Ağdam Musiqi Məktəbtində
müəllim işlədi.
Özünə baxan deyildi. Yoxsa başına belə işlər də gəlməzdi. Şahmalı
şəhid oldu...
Vəli müəllim
sözünün davamını
gətirə bilmir, qəhərlənir və
mən o dəhşətli
günü xatırlayıram.
O tükürpədici səhnə bu gün də
yadımdan çıxmır
1992-ci ilin
payızı. Hər anımız təhlükədə,
hər an ölüm qorxusu. Düşmən istənilən vaxt kəndimizi mərmi atəşinə tuturdu. Heç kəs bir an sonra başına
nələr gələcəyini
bilmirdi. Kəndə qəfil atılan mərmilər neçə
ailəyə bədbəxtliklər
gətirmişdi. Mərmilərdən
nə qədər ölən vardısa, ondan bir o qədər
də artıq şikəst olan insanlar var idı.
İndi o günləri
düşünəndə dəhşətə gəlirsən
ki, axı o vaxt biz kimi, nəyi gözləyirdik? Bax belə dəhşətli
günlərin birində
mərmi uğultusu və partlayış səslərindən sonra qorunmaq üçün
biz evimizin alt mərtəbəsinə
sığınmışdıq. Ara səngiyəndən sonra mən darvazanı açıb yola çıxdım. Şahmalı Kürdoğlunun
günbəzlərlə bəzənmiş
daş hasarlı və limon bağçalı
həyəti ilə bizim darvazamızın arası bircə addım idi. Elə yola çıxmağımla
Şahmalının həyat
yoldaşının dəhşət
içərisində qışqıra-qışqıra
yola çıxdığını
gördüm. Və qucağında al qana bulaşan balaca Şahmalı. O tükürpədici
səhnə bu gün də yadımdan çıxmır...
Həmin gecə
biz başqa kənddə
gecələməli olduq.
Eşitdik ki, Şahmalı Kürdoğlu
həyətində öz
oğlu Şahmalı
ilə birgə nar yeyərkən yanlarına qəfil düşən mərmidən
həlak olub. Ata-bala birgə, nar yeyə-yeyə ömürləri yarıda
qalıb. Nar rəngində
bir ölüm alıb onları öz ağuşuna...
Mina RƏŞİD
Mədəniyyət.- 2009.- 24 aprel.- S. 6.