O
taylı-bu taylı «Ayrılıq»...
...və bunu vəslə
yetirmək istəyən Yaqub Zurufçu
Və elə bu heynidə yadıma
düşən Böyük Məhəbbət Şairi Məhəmməd
Füzulinin bir misrası: «Neylərəm ol vəsli ki, sonunda
hicran görünür»...
Ardınca da, tələbə vaxtlarımda (70-ci illərin əvvəllərində) öz könül jüri-nominasiyamca Böyük Vətən Şairi adıyla sevgilədiyim iki şairin - o taylı Məhəmmədhüseyn Şəhriyarın və bu taylı Məhəmməd Arazın o zamankı misralarını xatırlayıram. O taylı M.Şəhriyar yazırdı ki; «Eşq əhlisən, məni yaxşı qanarsan, Gözlər yağış yağdırmasa, yanarsan». Bu taylı M.Araz fağır da yanmışdığından «pozurdu» ki; «Eh... İşıqlar da ayrılığa öyrəşəcək, Yükünü çək, Dəvə qardaş, yükünü çək...».
O zamanlar bu qocafəndi misralarla birgə, V.Bəxtiyarın cavan-cahıl iddialı və hələ bu gün də vüsalına yetməmiş bir bəndi də dillərdə gəzirdi: «Yarım o tayda qaldı, Yarım bu tayda qaldı, Toyum burda çalındı, Yarım o tayda qaldı».
Və o vaxtdan qırx igid ömrü keçdikdən sonra da - 80-ci illərin sonlarında - Yaqub zalım oğlunun vokal «Ayrılıq» misraları...
Sən demə, illərlə şairlərimizin nisgil-qınaqlarıyla axan Xan Arazın o tayında doğulmuş bir oğlan da böyüyürmüş ki, iki yüz ilə yaxın hamımızın söznən dediyimizi saznan desin.
Tüsdüm-küsdümdən «zalım oğlu» kimi qələmə verdiyim bu oğlan - Yaqub Qulu oğlu Zurufçu 1956-cı ildə Təbrizdə doğulub. Elə körpəlikdən musiqiyə könül verib. Yeddi yaşında Təbriz orkestrində «adı qulağına dəyib», Tehran İqtisad Universitetində, professionallıq dərsi aldığı Tehran operasında sözün hər iki mənasında oxu mahiri olub. İran inqilabından sonra isə musiqili-nəğməli ömrünün bir az siyasi, bir az macəravi notları başlayıb: öncə Almaniya (Hamburq operası), sonra Amerika, hazırda bu tay Azərbaycan və bu an göyün 5-ci qatında yerləşən «Mədəniyyət» qəzetinin redaksiyası.
- Yaqub müəllim, özünüzü «yaylım atəşi»nə bənzər suallarımıza hazırlayın: Azərbaycana nə vaxt gəldiniz, niyə gəldiniz, mayasını Güney-Quzey ayrılığından götürmüş və hələlik yalnız məlum «böyük qardaş»dan ayrılmağımıza yardımçı olmuş «Ayrılıq» mahnınız can-qan qardaşımızla qovuşmaq yolunda yonulmayıb ki?..
- Bu «serial»-sualların
hamısının bir nəfərlə - Azərbaycanın
qeyrətli oğullarından biri olan şair Gülağa Tənha
ilə birbaşa və dolayısı ilə
bağlılığı var. Məsələnin mənbəyindən
başlamalı olsaq, o vaxt Gülağa müəllim Almaniyada
olanda mənim «Ayrılıq» mahnımın klipini Azərbaycana
gətirdi və televizionda yayımlanmasına nail oldu. Bilirsiz də, o vaxtlar -
1980-ci illərin sonları necə vaxtlar idi! Bax
elə həmin zamanlarda bu klip çox məşhurlaşdı.
Ardınca da Gülağa müəllim və «Vətən
cəmiyyəti» tərəfindən Azərbaycana konsert verməyə
dəvət olundum. Bakıya uçan təyyarədə
artıq məni tanıyırdılar. Bir-ikisindən
bunun «nədən-hardan»ını soruşdum, dedilər, baa,
Yaqub müəllim, Siz indi Azərbaycanda çox məşhursunuz.
Sonradan bu doğma Azərbaycanı mənə, məni
isə bu gözəl Azərbaycana dərindən-dərin
tanıdan bu ilk tanışlığa görə mən
Gülağa müəllimə daim hörmət və minnətdarlıq
hissi ilə yaşayır, hər konsertimdə, hər məclisdə
onun adını ürəyimdən dilimə gətirirəm.
- Amma o məşhur ilk «Ayrılıq»
konsert-harayından sonra ayrılıb getdiniz harasa...
- Hə, hə, düz xatırlayırsız. Azərbaycanda birinci konsertimdən sonra, mən
köçüb getdim Amerikaya. Amma o boyda
varlı-hallı, nazlı-qəmzəli Amerika da mənə
bir şey vermədi, canıma yatmadı. Gözüm elə
Azərbaycanda idi, könlüm elə «Azərbaycan!» deyib dad döyürdü.
- Bu da Azərbaycan...
- Hə, artıq 3-4 ildi ki, burda məskunlaşmışam
və özümü min illərin vətəndaşı
sayıram. Bir can, qan vəsiyyətimdi ki, bütün qalan
ömrümü də bu Azərbaycanda keçirim.
- Yaqub müəllim, belə demək olarmı ki, Sizin ifanızdakı «Ayrılıq» öz
işini gördü?
- Yox. Mən fikirləşirəm ki, bizim
ayrılıq heç zaman bitməyəcək. Özü də bu, tək elə Azərbaycanın
çox faizinin İran tərəfində olması ilə
bitmir. Yeri gəlmişkən, mən çox təəssüf
edirəm ki, hələ də Bakı -Təbriz təyyarəsi
yoxdu, gediş-gəliş icazə ilədir və s. Təyyarə
ilə 30 dəqiqəlik yoldu, amma bir qardaş o biri
qardaşıgilə 24 saata gedib çıxır. Bu, bizim ən
ağrılı, can ağrılı
ayrılığımızdır. Qaldı o
biri ayrılıqlarımıza - bunun marşrutu çox
uzundur. Bunun konturları çox uzaqlara gedir - bir ucu
İrəvan, bir ucu Dəmirqapı Dərbənd,
Borçalı mahalı...
Mənə belə gəlir ki,
«Ayrılıq» hələ indi başlayır. İnsanlarımız ayrılır. İnsan ayıldıqca, özünü
tanıdıqca isə - qardaşını da tanımağa
başlayır. 1989-cü ildə mənim
«Ayrılıq»ım istiqlal mahnısı kimi də səsləndi
və bizim sovet imperiyasından ayrılmağımızda bir
balaca rol oynadı. Bu ayrılıq
«ağacının» çox qol-budağı hələ də
yam-yaşıl qalır.
- Təyyarə məsələsində «bir qardaş o
biri qardaşıgilə» ifadələri işlətdiz. Sizcə,
biz qardaşıq, yoxsa...
- Hə, bildim nəyə işarə edirsiz. Bunu rəhmətlik
Xudu Məmmədov demişdi ki, biz bütün türk
xalqları ilə qardaşıq, güney Azərbaycan
türkləri isə özümüzük - adam
özünə «qardaş» deməz.
- Ömrünüzün çox hissəsini qürbətdə
yaşamısız...
- Təəssüf ki, hə. Mən Təbrizdə
doğulmuşam, amma 20 yaşımdan xaricə getmişəm.
Artıq 29 ildi ki, xaricdə yaşayıram.
- Bəs, «Əzizim Vətən yaxşı» ilə
başlayan bayatımızın sonuncu misrası haqda nə
fikirdəsiz?
- Həəə, «Ölməyə Vətən
yaxşı»! Çox romanların ifadə edə bilmədiyi
hikmət! Bu məsələdə qəmim kəm.
Arazlar, sərhədlər bizim ev-eşiklərimizin,
ormanlarımızın da arasından keçir, qəbiristanlıqlarımızın
da...
- Hansı ölkədə özünüzü daha
rahat hiss edirsiniz?
- «Eksperimentlər» göstərdi ki, mən
Azərbaycandan ayrı yerdə yaşaya bilmərəm. Quş səmada, balıq suda, könül canda
özünü necə hiss edirsə, mən də Azərbaycanda
o sayağam. Bir az da ona görə
ki, Azərbaycanda bir az lazımlılığımı, bir
az sevildiyimi hiss edirəm. Baxın, Azərbaycan
Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü
ilə aprelin 26-da Filarmoniyada mənim yaradıcılıq gecəm
keçiriləcək. Çox şadam
ki, bu konsert dünya şöhrətli Şəhriyarın
adı ilə bağlı olacaq.
- Yeri gəlmişkən, Şəhriyarı üzbə-surət
görmüsünüzmü, söhbətiniz olubmu?
- Bəli. «Ayrılıq» kitabında birlikdə şəkillərimiz
var. Rəhmətə getməzdən bir az
qabaq öz iştirakı ilə Tehranda düzənlənən
konsertimi də şərəfləndirdi o böyük ustad.
- Yəqin ki, onunla yalnız ana dilinizdə
danışırdız?
- Əlbəttə!
- O Kişi haqda ana dilimizin o ləhcəsində
oxucularımıza nə deyə bilərsiniz?
- (Bir qədər duruxur) Axi, ləhcəni
yazidə necə verəcəksiz? Hə,
yaxşi. Diyərdim kii, hürmətdi
şumallı qərdəşdərim, o
- Çox təşəkkür. Bu şirin ləhcənin
havasıyla mən də gedib ziyarət etdim Şəhriyarı,
onun odasını, obasını, xalqımızın
babasını...
- Görürəm, Təbrizdə olmamısız...
- Olmamışam... Siz necə, Təbrizə
gedə bilirsiniz?
- Bəli.
- İncitmirlər ki? Axı Siz
öz «Ayrılığ»ınızla bizi birləşdirmək
istəyirsiz...
- Yox, mən yalnız oxuyuram. Siyasi məsələyə
baxmıram. Musiqiyə isə sərhəd
yoxdur. Heç bir top-tüfəng güllədən bərk
gedən nəğməyə yetə bilməz...
Ayrı oldu-olmadı, hər xalq öz mədəniyyətini
tanımalıdır, tarixini bilməlidir. Bizim
kimilərin də borcu - bir musiqiçi, bir mədəniyyət
xadimi kimi - xalqın olanını xalqa
çatdırmaqdır.
- Yaqub müəllim, özümüzü nə qədər
bir, eyni saysaq da, aramızdan su (Araz) keçir və bu, bizi bəzi
fərqlərə mübtəla edib. Xüsusən
də mədəniyyət, musiqi sarıdan. Mənə
belə gəlir ki, 10 milyonluq tərəf 30 milyonluq tərəfdən
daha musiqiçi, daha ədəbiyyatçı, kinoçu,
incəsənətçidi...
- Bu tərəf Azərbaycan keçmişdə Rusiyaya,
Rusiya isə - bir az qapalı olsa da -
bütün dünyaya bağlı idi. Bir də tale bu tərəfə
Üzeyir Bəy kimi azman sənətkar verdi.
Sonra Qara kimi, Fikrət kimi nəhənglər
yetişdi. Məmləkətimizin o tərəfi isə
kapital sisteminə, Amerikaya bağlıydi, uzun illər Şah
İranı farsistana çevirmək, yalnız fars
ölkəsi kimi tanıtdırmaq istəyirdi. Azərbaycan
məsələsi o ölkədə, hətta Təbrizin
göbəyində sıfır vəziyyətində idi.
İndi isə Güneydə musiqi xeyli
inkişaf edir, bu gün hər ailədə musiqiçi
görmək olar. Mən bir kərə
xaricdə şahın oğluna sual verdim ki, sənin atan niyə
Azərbaycana elə balaca gözlə baxırdı?!
- Xaricdən söz düşmüşkən, Siz
dünya ölkələrində çox olmusuz, bizim
diasporumuzun vəziyyəti necədi? Bir
şairmizin dediyi «Yox millətimin imzası imzalar içində»
kimidi, ya bu gün bəzilərinin dediyi kimi - «super»di?
- Şükr, imzamız var, ancaq
çalışmaq lazımdır ki, hamının görə
biləcəyi avtoqrafı olsun.
- Aprelin 26-da Filarmoniyada imtahan verəcəksiz...
- İmtahan yox, o gecə mən ən vəfalı
köhnə mahnılarıma yeni oyanış verəcəm.
- Bu tay Azərbcanla bağlı bircə
xatirə danışmalı olsaydınız, nəyi söyləyərdiz?
- Bir kərə Amerikada - Klivlenddə ulu öndərlə
canlı görüşümü hər zaman
xatırlayacağam. Başqa yerlərdə də
görüşümüz, söhbətimiz olub və hər
dəfə o dahi şəxsiyyət mənə əl uzadanda,
elə bilirdim əlimi bütün Azərbaycan sıxır...
- Söhbətimizin əvvəlində dediniz ki, Azərbaycan
Sizi «Ayrılıq»la tanıyıb. Bəs, o qədər
səs-küy salan ikinci bir fenomen haqda fikrləşmirsiniz?
- Elə mahnılarım az deyil; 20
diskə toplanmış ifalarımı dinləsəniz,
sözümə şərik çıxarsız. «Ayrılıq» isə xalqımızın mənim səsimə,
özümə, sözümə «ilk məhəbbət»idir.
İlk məhəbbətin yerini isə heç nə verə
bilməz...
- Aha, Yaqub müəllim, arzudan arzu, sözdən söz
doğur; müsahibəyə gəldiyimdən xəbər
tutan gənc bir iş yoldaşım dedi Sizdən xahiş edim
ki, həmişə daha çox politik-toponomik motivdə
oxuduğunuz «Ayrılıq»ın gözünə bu dəfə
bir az o biri ayrılıqdan qatasız...
- (Gülür) Görünür, o gənc kiminləsə
barışmaq istəyir, əks kimsənəninsə bundan xəbəri
yoxdu...
- Bunu o bilər, o birisi bilər. Deyin görüm,
sifarişnən olan bu «həcc» qəbul olunur, ya?..
- Çalışaram. Alınmasa, sevginin, nərmənazik
ayrılıqların da yer aldığı disklərimi o gəncə
də hədiyyə edərəm, o gənci incidən o biri gəncə
də...
- Çox sağ olun, birisigün
axşam Filarmoniyada görüşənə - daha doğrusu,
Siz bizi feyziyab edənə, biz sizi alqışlayanadək!
- Təşəkkür edirəm.
Söhbətləşdilər:
T.Abbaslı,
K.Cəbrayıl
Mədəniyyət.- 2009.- 24 aprel.-
S. 5.