Tanış gülüşlər arasında

 

«Şəhərdə manyak var» tamaşası təqdim edildi

 

Aprelin 22-də Musiqili Komediya Teatrında yeni bir tamaşaya ictimai baxış keçirildi. «Şəhərdə manyak var»( Əziz Nesin və Sərdar Fərəcov) musiqili komediyasına rejissor Oruc Qurbanov quruluş verib. Baş rollarda respublikanın xalq artistləri Afaq Bəşirqızı və Valeh Kərimov çıxış edirdilər. Tamaşanın süjeti, mətni, hətta estetik parametrləri belə bayağı Hollivud yumorunu keyfiyyətsizcəsinə yamsılamaqdır.

 

Əndamlı bir aparıcının şou proqramını bələdiyyə başqanının fövqəladə xəbəri kəsir: «Ehtiyatlı olun, şəhərdə manyak var» (Hətta tənqid üçün göstərilsə belə, bu ürəkbulandıran şou səhnəsini görməyənlərə qibtə etmək lazımdır). Bu manyak qaz təhcizatı xidmətindən göndərilmiş çilingər adı ilə evlərə daxil olur, tənha yaşayan yaşlı xanımlara seksual təcavüz edir, onları boğur. Qəmzə xanım (Afaq Bəşirqızı) tənha yaşayan xanımlardandır. General əri 23 il əvvəl ölüb. Özü kimi rəfiqələri ilə bu xəbəri müzakirə edəndən sonra onların hər birinin içindən bu arzu keçir: «Kaş o manyak bura da gələydi!». Qonşusu Xumar xanıma da üstüörtülü şəkildə bunu bildirəndən sonra Qəmzə arvad intizarla manyakı gözləməyə başlayır. Həqiqətən də qaz xidmətindən gəlmiş kişini (Valeh Kərimov) manyak hesab edir. Söhbət bu yanlış koddan başlayaraq, davam edir. Və guya komediyanın ən gülməli yeri bura olur. Çilingər öz işindən danışır, Qəmzəsə manyakın işini düşünür. Bu kontekstdə danışılan hər kəlmə ikimənalılıq qazanır və buna elə tənqid olunan şou proqramın daimi tamaşaçıları zaldan qəh-qəh çəkib qəşş edirlər. Tanış gülüşlərdir. Elə Afaq Bəşirqızının bir çox maraqlı tamaşa və kinofilmlərdə nümayiş etdirdiyi istedadına rəğmən, Qəmzəni təqdim etdiyi ifadə vasitələri də, tamaşanın bütün antiestetikasında tamaşaçılara doğmadır, tanışdır. Alqışlar da tanışdır: «Yaşasın bayağı gülüş!». Onsuz da hamı öyrəşib, musiqili komediyadır da...

 

 

Aliyə

 

Mədəniyyət.- 2009.- 24 aprel.- S. 3.