Bölgədə kollegiya iclası

 

Bu dəfə Lənkəranda

 

Dünən Lənkəran şəhərində Mədəniyyət və Turizm Nazirliyinin cənub bölgəsi üzrə kollegiya iclası keçirilib. Kollegiyada açılış nitqi ilə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qonaqları salamladıqdan sonra, yerlərdə bu formatlı toplantıların mədəni həyatımızın inkişafı baxımından çox əhəmiyyətli olduğundan danışıb.

Kollegiyada Lənkəran şəhər, Masallı, Cəlilabad, Yardımlı, Lerik, Astara rayonlarının mədəniyyət və turizm şöbələrinin fəaliyyəti ətraflı müzakirə olunub, onların işlərindəki çatışmazlıqlar, qarşılaşdıqları problemlər araşdırılıb.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev son illərdə mədəniyyətin bütün sahələr üzrə inkişafının dövlətin başlıca prinsiplərindən birinə çevrildiyini bildirərək, yerlərdə də bu baxımdan müxtəlif işlərin görüldüyünü nəzərə çatdırıb. O, vurğulayıb ki, bölgədə kollegiya iclaslarının keçirilməsinin məqsədi yerlərdə mədəniyyət sahələrinin real vəziyyətini üzə çıxarmaq, mədəniyyət şöbələrinin fəaliyyətinə nəzər salaraq, qarşıya çıxan problemləri həll etməkdir.

Sonra Mədəniyyət və Turizm Nazirliyinin Regionlarla iş sektorunun müdiri Azər Əhmədzadə sözügedən rayonların mədəniyyət və turizm şöbələrinin fəaliyyəti ilə bağlı geniş hesabatla kollegiya iştirakçılarını tanış edib. Ardınca rayon şöbə müdirlərinin hesabatları dinlənilib. Nazir Əbülfəs Qarayev şöbə müdirlərinin nöqsanlarını bir daha nəzərlərinə çatdırmaqla, onların üzləşdikləri problemlərin yerindəcə həlli ilə bağlı nazirliyin müvafiq orqanlarına göstəriş verib. Kollegiyada həmçinin bölgənin turizim potensialının inkişafı, tarixi abidələrin qorunması, klub tipli mədəni müəssisələrin işi, kinoteatrların vəziyyəti, hotellərin lisenziyalaşdırılması, mədəniyyət müəssisələrinin müasirləşdirilməsi məsələləri geniş işgüzar şəraitdə müzakirə edilib.

İclasda həmçinin cənub bölgəsinə daxil olan rayonların icra hakimiyyəti başçıları da müzakirələrə qoşularaq, öz fikirlərini bildiriblər. Kollegiya üzvləri qeyd olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul etdikdən sonra mədəniyyət turizm naziri Ə.Qarayev yekun nitqi ilə çıxış edib. Kollegiyadan sonra tədbir iştirakçıları nazir başda olmaqla Lənkəran Dövlət Dram Teatrının səhnəsində hazırda bu bölgədə qastrol səfərində olan Naxçıvan Musiqili Dram TeatrınınAtabəylərtamaşasına baxıblar.

 

 

Sabutay,

 

Lənkəran

 

Mədəniyyət.- 2009.- 24 aprel.- S. 2.