Cəhənnəmə aparan yoldan
Yazıçı Tahir Kazımovun yenicə
tamamladığı «Cəhənnəmə aparan yol» detektiv
romanının ilk oxucusu mən oldum. Saray
qəsəbəsindəki evimizdə
anamın, qardaşlarımın,
ailə üzvlərimin
yanında mütaliə
etdiyimdən, əsərin
məndə doğurduğu
ruhi-psixoloji sarsıntıları
içimdə çəkdim.
Yazıçının «Taleyin
qisməti beləymiş
yəqin» romanını
oxuduğum ərəfədə
olduğu kimi, bu dəfə də daxili təlatümlərimi büruzə
vermədim. Romanı təxminən on günə oxuyub qurtardım.
Romandakı hadisələr
müstəqillik illərimizin ilk dövrlərinin
yaşantılarını bədii fonda əks etdirir. Zəncirini qırıb qaçmış
bağlı qalan it uzun illərin
acığını birdən-birə ətrafdakıları
dalamaqla, dişləyib
xəsarət yetirməklə
necə dəhşətli
təsir yaradarsa, həmin ərəfədəki
qansız canilər də eləcə cəmiyyəti lərzəyə
salmışdı. Sovet
dövründə zahirən
də olsa sağlam mənəvi mühit qorunub saxlanılırdı. Məhz
bu rejimin laxladığı ərəfədə
mənəviyyat dəllallarının
bağlanmış əli-qolu açıldı, quduz itə dönüb mənəviyyatsızlığa
meydan verdilər. İnsanlığın başlıca
siması olan mənəvi dəyərlərə təcavüz
olundu. Lakin atalar yaxşı deyiblər ki, (elə romanda da buna işarə
edilir) «oğurluqla, nə bilim, nəyin arası qırx gün çəkər». Simvolik
«40 gün»ün ömrü sona çatır...
Romana «Cəhənnəmə aparan
yol» adının qoyulması mənəviyyatsızlıq
yolçularının həm
bu dünyada diri-diri, həm də o dünyada mənən cəhənnəm
atəşinə yanacaqlarına
eyhamdır. Biz bunu romanda izləyirik:
mənəviyyatsızların azadlıqdan məhrum edilir, türmə həyatında mənəvi
və üzüntülü
əzab çəkirlər.
Əslində elə bu diri-diri cəhənnəm
atəşində yanmaq
deməkdir. Onların
axirət dünyalarını
da beləcə cəhənnəm alovu qarsıb-yandıracaqdır.
Bunlar hələ təkcə romanın adının dedikləridir.
Təsadüfən Tahir
Kazımov bu romanına «Mənəviyyatsıza qisas» ikinci
başlığı verməyib. Belə
bir ictimai bəlanın kökünü
cəmiyyət özü
təmizləyib məhv
edir, əsərdə
isə konkret olaraq geniş planda verilmiş Emilya obrazı mənəviyyatsızdan (Raqibdən),
atasından amansız
qisas alır. Romanın ikinci adında bir çağırış, haray
var: mənəviyyatsıza
qisas! Yəni hamını mənəviyyatsızlıqdan
qisas almağa səsləyiş nidası
var. Müəllif, Raqib Mirəliyev obrazını mənəviyyatsızların
tipikləşdirilmiş obrazı
kimi təqdim edib. Lakin mənəviyyatsızlıq
(konkret desək, namussuzluq) təkcə bir fərd, eyni cins tərəfindən
törədilmir, əks
cins - qadın obrazı da əsərdə mənəvi
ittihama çəkilir.
Müəllif «Mamaroza»
kimi məhəllədə
kinayə ilə tanınan surəti ifşa hədəfi seçmişdir.
Romanın 1-ci fəslində,
razvyazkadan qabaq oxuyuruq: «Deməli, belə çıxır ki,
Mariya İvanovna, Güldəstə Aşurova Toğrul Həmidovun,
elə İsanın, Musanın da bir vaxtlar ünsiyyətdə
olduqları kişilər Riyad, Rza, Ramazan və Ramiz xarici, sifət
əlamətlərinə görə eyni kişilərdir,
lakin iz azdırmaq üçün iş və
yaşayış yerlərini, adını ayrı, əlaqədə
olduğu insanlara müxtəlifliklə çatdırıb,
amma baş hərfləri «R»dir, eynidir».
Az sonra yenə oxuyuruq:
«Kələntərli kabinetdə gəzişə-gəzişə
düşündü və qərar çıxarmağa
çalışdı: «Bu fotorobotları sabah gərək
Mariya İvanovnaya, Güldəstə Aşurovaya, Toğrul Həmidova,
İsaya, Musaya ayrı-ayrılıqda təqdim edək, əgər
onlar bu fotorobotlarla ünsiyyətdə olduqları Riyad, Rza,
Ramazan, Ramiz deyilənlərin əlamətlərini aşkar
edib tanısalar, Lətifənin ölümü, zorlanması
ilə bağlı cinayət işini açmaq asan olacaq,
sonra qalır bu fotorobotları məktəbli Solmaza təqdim
etmək, o da özünü rəssam kimi təqdim edən
Rizvanın əlamətlərini tanısa, onda gərəkdir
ki, Riyad, Rizvan, Rza, Ramazan, Ramiz adından istifadə edərək
mənəviyyatsızlıqlar etmiş və cinayət
törətmiş şəxsi dəvət edək idarəyə».
Bunlar əsərdə
üstüaçılmamış cinayətlə
bağlı söylənilib. Romanın 3-cü fəslində
isə bu ehtimalın həqiqət olduğunu
görürük: «Solmazı, Mariyanı, Güldəstəni,
Toğrulu, İsanı və Musanı fotorobotla tanış
etməklə müəyyən olundu ki, Riyad, Rizvan, Rza,
Ramazan, Ramiz hamısı bir adamdır - Raqibdir».
Göründüyü
kimi, romanın mənfi qəhrəmanı olan mənəviyyatsız
və qatı cinayətkar Raqib öz cinayətlərini gizlətməsi,
ört-basdır etməsi üçün müxtəlif
adlar, ünvanlar və iş yerləri adı altında
çirkin niyyətlərini həyata keçirir və uzun müddət
istintaq orqanlarının nəzərindən yayına bilir. Bircə adının baş hərfini - «R» hərfini saxlamaqla müxtəlif adlarla özünü təqdim edən Raqib Mirəliyevin bu addəyişmələri,
ünvanazdırmaları, iş
yerlərini (funksiya dəyişkənliyi) yanlış
nişan vermələrində
mifik səciyyəli mənfi tiplərin əlamətlərinə bənzəyiş var. Necə ki,
biz nağıl və əfsanələrimizdə,
digər epik folklor örnəklərimizdə
küpəgirən qarı
və s. kimi obrazların pisliklər törədərkən
və ya ölümqabağı baş
qəhrəmanla üzləşərkən
(güləşərkən) müxtəlif cildlərə,
dəyişkən formalara
düşdüyünün müşahidəçisi
oluruqsa, bax eləcə də burda romandakı mənfi surət olan Raqib Mirəliyevin
də ayrı-ayrı şəxslər kimi özünü qələmə verməklə
uzun müddətə
məsuliyyətdən yaxasını
qırağa çəkə
bildiyini görürük.
Bu keyfiyyəti də Raqibin mənfi xarakterini bir qədər də tündləşdirməyə
xidmət edən yazıçı priyomudur:
Əsərdə
müsbət obraz kimi təsvir olunmuş on altı
yaşlı Emilya mənəviyyatsız atası Raqiblə bir
damın altında yaşayıb böyüsə də,
bataqlıqda cücərib boy atmış tər-təmiz, gözoxşayan
çiçəyi xatırladır ki, atasından duyduğu,
eşitdiyi, gördüyü, mənəviyyatsızlıq və
təhqirlərə baxmayaraq, xoş xəyallarla, arzularla,
özündə ilahiləşdirdiyi sevgi hissləri ilə
yaşayır, gələcəyi haqqında düşünən
və mənən döyüşkəndir, özünü
qoruyan, mübarizdir.
Romanın bədii məziyyətlərindən hələlik
söhbət açmaq
istəmirəm. Amma onu deməklə qənaətlənirəm
ki, Tahir Kazımov özünü
yazan, yəni həyatda şahidi olduqlarına bədii forma geyindirən yazıçıdır. Əsərdəki
xarakterlər ona görə islahedici xarakter daşıyırlar
ki, biz oxucular
eyni zamanda bu cəmiyyətin övladıyıq və romanda qaldırılan problemlərin mənəvi yükünün
daşıyıcılarıyıq. Hər birimiz vətəndaşlıq borcumuzu
layiqincə ödəsək,
cəhənnəmə aparan
mənəviyyatsızlıq yolunun qabağına sipər çəkmiş
olarıq. Elə yazıçı Tahir Kazımovun da oxucusundan istəyi və tələbi budur!
Şakir Albalıyev,
filologiya elmləri namizədi
Mədəniyyət.- 2009.- 29 aprel.- S. 13.