Yazarlarımız realizmdən qurtula bilmir

 

Ədəbiyyatımızda bu gün olduqca qəribə, anlaşılmaz janrmüxtəlifliyi mövcuddur. Klassiklərimiz öz dövrlərində daha çox hakim zümrəni, müasirlərimizsə ixtisaslaşma rejimində bir-birilərini tənqid edirlər. Ədəbiyyat tarixinə nəzər salsaq, görərik ki, zaman-zaman janrlar ədəbiyyatın bütöv bir dövrünü səciyyələndirib. Məsələn, məsnəvi şeir şəkli XI, XII, XIII, qəzəl XVI, XVII, XVIII, aşıq şeiri XIX əsrin aparıcı janrları olub. Deməli, hər hansı bir janrın sürətli inkişafı həmin dövr ədəbiyyatının inkişaf istiqamətini müəyyənləşdirir. Bugünkü ədəbiyyatımızın yolunu müəyyənləşdirəcək janr hansıdır? Təbii ki, bunu birmənalı müəyyənləşdirmək çətindir. Ədəbiyyatımızdakı hazırkı janr qarışıqlığı “qonşuda var məndə də olsun” prinsipi ilə aparılır. Bir yazar bir neçə janrda yazır. Gənclərin böyük əksəriyyəti roman yazdıqlarını iddia edirlər. Romanların əksər hissəsi teleseriallar kimi, sadəcə iki ailənin həyatından bəhs edir. Hamının başının öz dərd-sərinə qarışdığı bir dövrdə heç kəsin boş-boş şeylər oxumağa vaxtı yoxdur. Digər tərəfdənsə, iki ailənin mənasız söz-söhbətlərini, roman şəklində oxumağa lüzum yoxdur. Biz onları qeybətcil bir qadının dilindən və yaxud televiziyaların kriminal proqramlarından da eşidə bilərik.

Ədəbiyyatımızda müəyyən bir dəyişikliklər ona görə yoxdur ki, yazarlar daha çox öz həyatlarından yazmağa çalışırlar. Məsələn, sovet dövrünün son 50 ilində yazılmış nəsr əsərlərinin çoxunda qəhrəmanların əksər hissəsi nəşriyyatlarda, qəzetlərdə, jurnallarda çalışan şəxslərdir. Çünki əsərlərin qəhrəmanlarının əksəriyyəti məhz nəşriyyat sahələrində çalışanlardır. Düşünün, bu əsərlər qədər insanın həyatı ilə uzlaşa bilər? Təbii ki, çox az adamın. Əsər yazarkən qeyri-adi bir mövzuyla oxucunu heyrətləndirmək lazımdır. Məsələn, Cek LondonunHəyat eşqihekayəsindəki qəhrəmanın çarəsizliyi, düşdüyü vəziyyət böyük bir oxucu kütləsini heyrətləndirir. oxucu da istər-istəməz həmin naməlum nöqtəyə can atır. İstəyir ki, həmin naməlumluğun ilə bitəcəyini öyrənsin. Antuan Do Ekzüzperi dünya oxucusu üçün daim ona görə maraqlıdır ki, o heç kəsin yazmadığı mövzuda - pilotların həyatından yazıb. Məsələn, EkzüzperiGecə uçuşuəsərindəki Pelren Fabyer obrazlarının dili ilə pilotçuluğun sirlərindən, bu sənətin ölümlə həyəcanla, təhlükəylə qədər yaxın olduğundan danışır. Bizim ədəbiyyatımızdasa müxtəlif bədii metodlarla eyni mövzulara o qədər təkrar qayıtma var ki, əsərin sonunu əvvəlində, çox dəqiq müəyyənləşdirirsən. Əsərlərimizdəki obrazları hamımız yaxşı tanıyırıq. Onlar bizim əmilərimiz, dayılarımız, bibilərimizdir, biz onların hansı situasiyalarda edəcəyini bilirik. Lazımdır ki, elə hadisələrdən əsərlər yazılsın ki, bizlər - oxucular tanış olmadıqları həyatı görsünlər heyrətlənsinlər. Yazarlarımız mənə KafkanınQəsrromanındakı K obrazını xatırladır. K yerölçən olduğu halda, əsər boyunca bir metr belə yer ölçmür. Son dövrlər bu qədər roman yazılıb, hamı hay-küy qaldırıb, amma ədəbiyyatı sirkələyəcək əsərlər yoxdur. XX əsrin əvvəllərində Y.V.ÇəmənzəminliQızlar bulağıadlı fəlsəfi roman yazıb. Hansı ki, o dövrdə Azərbaycanda fəlsəfə elm kimi çox az adamı maraqlandırırdı. XXI əsrdə isə demək olar ki, bütün universitetlərdə fəlsəfə bir elm kimi tədris edilir. Kitablar nəşr edilir, amma fəlsəfi əsərlər çox az yazılır.

Ədəbiyyatımızda nəsr ənənələrinin tarixi qədim olmadığından adventura, səhayət romanları da qələmə alınmayıb. Yaxud mifoloji, fantastik əsərlər yoxdur. Azərbaycan romanının tarixi sırf realizmlə bağlıdır. Biz realizmin təsirindən çıxa bilmirik. Sabir satirası, M. Cəlil ironiyası hələ ədəbiyyatı istiqamətləndirir. Köhnə dəblər dağılmır, postmodern mətn adı altında sırınan əsərlərin bətnində realizm qalmaqdadır. Səbəbsə ondan ibarətdir ki, çoxlarının ürəyində mühitə etiraz, satiraya maraq var. Yazarlar özlərini hələ haqq aşığıkimi aparırlar. Kamyunun gözəl bir fikri var: “Realist olmaya bilərsən, amma reallıqdan qaça bilmərsən”. Mən realizmin tərəfdarıyam. Amma hər şeyi öz adıyla niyə çağırmırıq? Niyə hələ realizmdən qurtula bilməyənlər özlərinə postmodernist deyirlər? Niyə özlərinin postmodernist adlandırırlar?!

 

 

Fərid Hüseyn

 

Mədəniyyət.- 2009.- 29 aprel.- S. 12.