K.Kilimçi
fəlsəfi-aşiqanə və
siyasi-rəyasətanə görüşləri
(avtoreferat)
Dünənki günə ithaf olunur
Öz zəmanəsinin zil qaranlıq mühitini
işıqlandıran inter-filosof və nasional-siyasətçilərimizdən
biri də məşhurluğu şübhə doğurmayan
K.Kilimçi olmuşdur.
Dövrünün cəhalət və biganəlik zərbələrinə
səbrlə sinə gərmiş bu kompleksal Aşiq ilk gənclik
çağlarından ta çənəsi yerə dəyənədək
hər situasiyaya uyğun nitq söyləmiş, dastan
açmış, qəzəl oxumuşdur. Gələcək
nəsillərin onu mütləq qiymətləndirəcəyinə
inanan bu ayıq Aşiq avam kütlələrin danlaq və
qınaqlarını, qısqanc ziyalıların
etirazlarını vecinə almadan il-ildən daha «bolşe»
bolşevikləşmiş, sevib-sevilmiş,
alıb-boşamış, feodal-patriartxal təfəkkürlü
kənd və şəhərlərimizin hərəsinə
bir Kilimçi damazlığı bəxş etmişdir.
Ömrünün qürub çağlarında siğə
etdirdiyi dul (və sonsuz) bir qadına
pıçıldadığı kəlamlar xarakterikdir: «Bəsləsən,
duvaq olar tut yarpağından, Səbrlə övlad olar, ey zənən,
səndən...» (Danəndə B., Nəsrəddin M.: «İbn vələdüz-zina
K.Kilimçi». «İsfahannəşr», səh.1).
Lakin təəssüflə
qeyd edilməlidir ki, bu mütəfəkkir politik-malitik
Aşiqin gələcək nəsillər tərəfindən
başa düşüləcəyi haqda ümid və
arzuları indiyədək çiçək
açmamışdır. Əgər bu sətirlərin
müəllifi də (B.Bəndəniz) irəli durmasaydı,
bu böyük irsi toz basar, millətimiz milli bir örnəkdən
məhrum olar, dissertasiyalarımızın sayına, alimlərimizin
sanbalına xələl gələr və Allah bilir, daha nələr
baş verərdi.
Məlum olduğu kimi, bir az
qədimlərdə - xalq kütlələrinin çörəyi
qulağına yediyi macallarda - sivilizovannı-imperializovannı
adamlara əşhədi-ehtiyac vardı. Əks təqdirdə,
milli varidatını yalnız öz fağır xalqına sərf
edib, qurd dövlətlərə dirsək göstərmək,
qızlarımızı əcnəbilərə yasaqlayıb,
intervücud genefondundan məhrum olmaq kimi konservat siyasət xətti
tutmuş məmləkətimiz «soyuz»çuluq
atributlarından sapınar, çoban-çoluxdan
postux-kovboyluğa, Rənalıqdan Renalığa gedən
yollarımız qara geyər, çiyə ilə smetan,
şor ilə tvoroq arasındakı fərqlər bilinməzdi.
Bundan əlavə, abır-həya əndazələri
qadın və kişiləri vahid ailə
cızığından kənara çıxmağa qoymaz,
onlarda mühüm şou-diznes elementlərindən birinin -
şorgözlüyün inkişafına mane olardı. Necə
ki, həmin dövrdən əvvəl laləyanaq və mərmərsinə
kimi poetik plüralizmlərdən - deməli, ah-uflanmalardan məhrum
olan kişilərimiz piylənmə sindromu ilə üzləşir,
faydalı iş-eyş əmsalları aşağı
düşür, kef-damaq sarıdan ölkənin zayı
çıxırdı.
Lakin zaman öz fərmayişini verməkdə, ictimai sifarişini irəli sürməkdə idi; müstəqil, ağasız-dığasız yaşamaqdan, milli abır-həya qadağalarından cana doymuş mütərəqqi arvad xeylaqlarımız və kişi qırıqlarımız çadra və papaqlarını atıb qol-qola girərək kollektivxanalara toplaşır, başları ev işi, paltar tikişi,
əkin və
zirarət işlərinə qarışmış xalqı sürətlə inkişaf etdirirdilər.
Qeyd etmək lazımdır
ki, həmin dövrdən etibarən xalqın mentalitetində,
əsasən, iki kulturoloji yeniliyə güclü meyl
yaranırdı: 1) Şəhərlərdə xırda sənətkarlar
bığlarını qırxdırıb,
saçlarını uzadır, qadınlar
saçlarını qısaldıb, dırnaqlarını
uzadırdılar. 2) Kəndlərdə kişilər
patava və çomaqlarını ataraq «Çastuşka» bazfəaliyyət
kollektivinin müşayiətilə «bir addım irəli, iki
addım geri» marşı oynayır, arvadlar çadra və
yaşmaqlarını «andır» edərək,
«Çırtıq» gözfəaliyyət cansamblının
huş-guşayətilə əntiqə həyat nömrələrinə
yiyələnirdilər. Bir sıra ləyaqətli nömrələrə
nail olduqdan sonra, onlar «Sən ağa, mən ağa - inəkləri
kim sağa» kimi burjua məzmunlu idealist atalar sözlərinə
çırt atıb, «Allahdan buyruq, ağzıma quyruq» (İvan
D., Balaxanım A. «Ayın-oyun». «Paris-kayf» nəşriyyatı,
səh.2) qəbilli materialist zərb-məsəlləri
züm-zümə edərək, şəhərlərə
üz tuturdular. Beləliklə, nəinki təkcə yaxın
bərələrdən, habelə, uzaq dərələrdən
qopub gələn dəstələr paytaxtda birləşərək,
cahanşümul sos.solist xoruna çevrilir, lampalı
sabahın məramnamə himnini yaradırdılar.
Dissertasiyamızda bütöv mətnini verdiyimiz həmin
himnin ən yuxa beytlərindən birini xatırlatmaq yerinə
düşərdi: «Aşıq eldən yuxarı, dizi beldən
yuxarı».
Lakin dərhal qeyd edilməlidir
ki, bu oyanış bir qədər bəsit, pərakəndə
xarakter daşıyırdı; bəzi qadınlar hələ
tam anlamırdılar ki, onlar bircə ailə çərçivəsinə
qapılıb qalmamalı, öz işvə, naz, qəmzə
və s. Monikaoloji-Balaxanımvari elementlərilə ətraf
mühitin Donjuanoloji-Xanbalavari tələbatını da nəzərə
almalıdırlar. Öz nadan mühitinin «atasından bixəbər»
(Nəsrullah Ş., İbad M. «Xurma. Uzaqda durma», «Mütrüb»
nəşriyyatı, səh.3) atmacası ilə təhdid və
təqib edilən Kimsə Kilimçi məhz bu ehtiyaca cavab
olaraq doğuldu...
Formaca milli, məzmunca dilli
bir qadın olan anası öz Kimsəciyinin beşiyi
başında internasional laylalar ifa etmiş, ağlı kəsməyə
başlarkən intellektual sonetlər, yeniyetməlik
fazasında isə realist pritça və deklomasiyalar söyləmiş,
beləliklə, onu feodal-patriarxal ağsaqqal və
ağbirçəklərin primitiv öyüd-nəsihətlərindən
qorumuşdur. Dövrunun nəinki təkcə
açıqfikirli, həm də açıqsinəli
qadınlarından olan bu humanist gender xeylağı hələ
qız ikən onu istəyən gənclərdən hansı
birinisə fərqləndirməmək - yeni sosialist birgəyaşayış
qaydalarının ilk qazanquşu olmaq (Dəllali P., Dullali S.
«Köhnə nənnənələr, yeni ənənələr,
perspektiv mammamalar». «Roza» nəşriyyatı, səh.3) məqsədilə
ərə getmək fikrindən birdəfəlik
daşınmışıdır. Hələ on beş
yaşındaykən təbiətin ona bədahətən bəxş
etdiyi bu oğlan uşağına ad qoymaq lazım gələndə
isə, bu modern ana bir balaca yadern situasiyasına
düşmüşdür. Belə ki, köhnəfikirli
qonşular blokadası şəraitində sərbəst
düşünməyə macal tapmadığına, beləliklə
də, sevdiyi gənc kadrların hamısının isimlərini
hallandırıb calaqlandıra bilmədiyinə görə,
ehtimal nəzəriyyəsinin adlıq hal kateqoriyası və
çox zərif bir zənən olduğundan - zərflik
qrammodeli üzərində dayanmalı olmuşdur: Kimsə.
Hələ beşikdəykən mərd-mübariz anasının dilindən eşitdiyi tərbiyəvi mətnlərdən ruhlanan Kimsə vaxtından əvvəl xeyli artıqlaması ilə böyüyüb pəzəvəngləşir, sxolastik ruhlu məhəllə uşaqlarından fərqli olaraq, telini əks tərəfə darayırdı.
Yeniyetmə
çağlarında ikən, elə bu tel məsələsi
üstdə mübahisələrin birində yaşıdlarından
birisi Kimsəyə belə bir qeyri-etik söz deyir:
«atasından bixəbər». Vandalist-ekstremist təfəkkür
tərzinin bariz nümunəsi olan bu arxaik termin, əlbəttə,
sos.deminkubasion ruhda tərbiyə edilmiş Kimsəyə təsir
etməyə bilməzdi. Bu kişi qırığı həmin
o söz birləşməsindəki xəbərin mübtədası
haqda çox fikirləşib bir nəticə əldə bilmədiyinə
görə, uzun saçları arasından bir tükü tərpənmiş
və incə bir inciyişlə tay-tuşlarından
ayrılıb, onu həmişə birmənalı olaraq dəstəkləyən
anasının yanına getmişdir. Tədqiqata cəlb
etdiyimiz tipajın orta çağ arvadlarından birisinin və
onun günülərindən ikisinin üçəm
memuarlarında qeyd etdikləri kimi; «O, (K.Kilimçi - B.B.) evlərinə
köntöy məhəllə uşaqlarından fərqli
olaraq, mətin və əsl centlemen addımlarla gəlmişdir».
(Kilkəli X., Sirkəli T., Nikkəli Z. «Memuar, Memuər, meymun
ər». «Dul» nəşriyyatı, səh.4).
Mətin addımlarla (digər
elmi mənbələrdə - yanakı - B.B.) yeriyən Kimsə
evlərinə yetişərkən içəridən
emosional pıçıltılar eşidir. Hər gün
növbənöv barmaqlarla taqqıldadılmaqdan üzərində
həlqəvari dairə yaranmış qapılarını ədəblə
dıppıldadıb, anasının öyrətdiyi etik-əxlaqi
bir intizamla - bir xeyli dinşəyib gözləyərək -
içəri daxil olur və otaqdakı yad adamın eşitməyəcəyi
tonda dağma anasından sual edir:
- Aydan arı, sudan duru mamam!
Bu gün mənə gözün üstdə qaşın var,
dedilər. Yabançı bir «ata» termini işlədib, ondan
bixəbərsən, buyurdular. Adın var, soyadın yox,
söylədilər. Səslərinin tonunu bir oktava
qaldırıb: «Sən kimsən ki, bizə tel daramağın
sirlərini öyrədirsən?!» - deyərək, mənim təfəkkür
tərzimə istehza etdilər. İndi, mənim müqəddəs
mamam, de görüm mən kiməm? Əgər sənin
bugünkü zövq seansına mane olmuramsa, bunu mənə
şərh et...
- Ey mənim qızdan-gəlindən
həyalı oğlum! Sənin adın Kimsə, soyadın isə
Kilimçidir, Kilimçi! Qaldı «ata» məsələsi, -
sən heç qəm etmə. Əgər o fərsizlərin
hərəsinin bircə atası vardırsa, sənin... Bəli,
bəli! Təşəkkür edirəm ki, məni
sözsüz də başa düşüb, uzunçuluq etmək
kimi səviyyəsizliyə yol verməyimə rəvac vermədin.
Sənə didaktikam budur ki, o avam taifələrə
qoşulma. Onlar ilə oturma, durma. Əks təqdirdə, sənə
verdiyim təlim-tərbiyə zaye olar. Yaxşısı budur,
sən bu patava əhlindən birdəfəlik ayrıl,
krasovkalarıvın bağını bərkit, çıx
ittifaqımızın inkişaf etmiş yaşayış məntəqələrinə.
Qarış-qarış gəz, özün kimi kilimçi
oğlanlar, gülümçü qızlar ara. Onlar ilə
otur, dur. Bir-birinizi sevin, sevilin, birləşin, o qədər
törəyib artın, köhnə bazarlara elə
neonırxlar qoyun ki, gələcəkdə belələri sizdən
nəinki tel daramağın, hətta hər yüz
öküzdən yüzbir bala almağın, hər
şişəkdən bir döşək yün
qırxmağın, hər sot torpağı min qat bahasına,
hər qəbir yerini bir xəlbir qızıla satmağın
da sirlərini öyrənmək üçün növbəyə
dursunlar.
Göründüyü kimi,
öz mütərəqqi görüşlərilə
dövrün avam ağbirçəklərinin fövqündə
dayanan bu qarabirçək qadın xalqın əsl Əsli Kərəmoloji
tarixinə yeni qaranquş kimi daxil olaraq, kollektiv eşqin bəhrəsi
olan Kimsəciyindən törəyib artası züriyyətlərin
leksikonunda dəbə çevriləsi «quş» termininin (Tuti
Q., Quşi T. «Ağuşi-quşi». «Huşguş» nəşriyyatı,
səh.5) banisi olmuşdur.
Ümidvarıq ki, gənclərimiz
bu dissertasiyanı mütaliə edəndən sonra bir-birilə
başqa xalqların övladları kimi tanış olacaq,
sevişəcək, nişanlanacaq, evlənəcək, həya
pərdəsini qaldırıb tamaşaçı-qonşular,
qohumlar üçün gündə bir teatr çıxaracaq
və nəhayət, yalnız ayrılarkən məhz özləri
kimi - min cür fısqırıq, dava-dalaş,
başyardı, qantökdü, əsrlər və nəsillər
düşmənçiliyi formatında boşanacaqlar. Və əlbəttə,
heç şübhəsiz ki, bu prosesdə K.Kilimçinin
siyasi qazilik və intim naznazilik irsi təcrübəsiz
aşiqlər üçün mayak-dayak rolu oynayacaqdır.
Yeri gəlmişkən qeyd edək ki, dissertasiyamızda bu tip
elmi və hikmətli cümlələr çoxdur (Neyləyək
vallah, biz də belələyux dəə - nəxəntərə
primitiv yazmağa çalışsaq da, mənalı
çıxır). Bu, həm də -tədqiqata cəlb
etdiyimiz obyektin fenomenallığı ilə
bağlıdır - desək, heç də yanılmarıq.
Dissertasiyamızda da qeyd etdiyimiz kimi, bu universal Aşiqin
görüşlərini temperament və amplua baxımından
beş dövrə bölmək olar: həddi-büluğ
dövrü, gənclik dövrü, ahıllıq
dövrü, qocalıq dövrü, kaftarlıq dövrü.
Lakin bu, heç də o demək
deyildir ki, K.Kilimçinin görüşlərində ziddiyyət
və məhdudiyyətlər olmamışdır. Olmuşdur.
Məsələn, o, ömrünün ikinci dövründə
ateistcəsinə tənqid edib mitilini atdığı, ömrünün
dördüncü dövründə isə təqdir etdiyi mətləbləri
- hətta məqam gələrsə, onları yenidən təpiyinin
altına salmaq istəyini mətbu ictimaiyyətdən gizlətmişdir.
Bundan əlavə, o, leqal və qeyri-leqal
görüşdüyü zənənlərin qollarına girərək
yox, girməyərək yeriyərmiş. Hətta, cənub
yeli onların kəlağayılarını başlarından
yerə salarkən K.Kilimçi onları fövrən yox,
cövrən götürər, bu iş şimal küləyi
tərəfindən baş verdikdə isə, dərhal
götürər və bu kəlağayıları öz
yazılarına kosinka kimi təqdim edərmiş.
Məhdudiyyətlərə
gəldikdə isə, o, şəksiz xal və qənimət
xarakterli diplomatik görüşlərə şəxsən
özü gedər, «quşqoydu» tədbirlərə hərifləri
göndərərmiş. İntim görüşlərə
isə bir gün ekspessiv addımlarla gedəndə, başqa
gün mısmırıqla gedərmiş. Bəzən isə
getməzmiş - yarlarına əğyarlardan sifariş və
yaxud nota göndərərmiş. Bütün bunlar, əlbəttə,
K.Kilimçini xarizmatik ictimai xadim və hayıl-mayıl
cayıl kimi səciyyələndirir.
Ümidvarıq ki, biz bu
dissertasiyanı müdafiə edib kitab halında buraxdıqdan
sonra gənc oxucularımız «biz də varıq!» - deyə
müsəlləh əsgər kimi qələmə
sarılacaq və beləliklə, düşmənlər
işğal olunmuş torpaqlarımızı geri
qaytaracaqlar...
Tahir Abbaslı
Mədəniyyət.- 2009.- 29 aprel.- S. 11.