Xalq artisti anıldı

 

C.Cabbarlı adına Teatr Muzeyində Dövlət Film Fondunun və muzeyin təşkilatçılığı ilə tanınmış teatr və kino aktyoru, xalq artisti Məhəmməd Bürcəliyevin 95 illiyinə həsr olunmuş yubiley tədbiri keçirildi.

 

1914-cü ildə Şəki şəhərində anadan olmuş, 1933-35-ci illərdə Şəki Dövlət Dram Teatrında çalışmış Məhəmməd İsmayıl oğlu Bürcəliyev 1935-ci ildən ömrünün sonuna kimi Gəncə Dövlət Dram Teatrında fəaliyyət göstərmişdir.

M.Bürcəliyev «Od gəlini»ndə Altunbay, «Otello»da Rodriqo, «Ölülər»də Hacı Baxşəli, «Antiqona»da Korifey və digər rollarla teatrsevərlərin yaddaşında qalıb. Bundan başqa, mərhum sənətkar «Azərbaycanfilm» kinostudiyasının istehsalı olan bir çox filmlərdə də müxtəlif səpkili obrazlar yaratmışdır.

Tədbirdə çıxış edən Muğam Teatrının direktoru Arif Qazıyev Məhəmməd Bürcəliyevlə bağlı xatirələrini danışdı. O, vurğuladı ki, bir vaxtlar mərhum sənətkar onun digər cavan sənətkarların yetişməsində böyük əmək sərf etmişdir. A.Qazıyevin çıxışından sonra söz Muğam Teatrının musiqiçilərinə verildi onlar öz təbriklərini muğam musiqisi ilə çatdırdılar. Sonra söz Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin prorektoru Rafiq Sadıxova verildi. Rafiq müəllim tədbirdə iştirak edən Gəncə Dövlət Dram Teatrının aktyorlarını salamlayaraq, bu teatrın Azərbaycan incəsənətinə böyük insanlar bəxş etdiyini qeyd etdi.

Dövlət Film Fondunun adından çıxış edən kinoşünas Aydın Kazımzadə isə Məhəmməd Bürcəliyevin kino fəaliyyətindən danışaraq, onun yaratdığı obrazların, epizodik rolların yüksək sənətkarlıqla yaradıldığını vurğuladı.

Aydın Kazımzadə vurğuladı ki, artıq Dövlət Film Fondunun texniki bazası imkan verir ki, hər bir çəkilmiş kinolent uzun illər yüksək səviyyədə qorunub saxlanılsın: «Bu da hər bir sənətkar haqqında keçirilən tədbirlərdə onların çəkildiyi filmlərdən istifadə etməyə kömək edəcək». Tədbirdə mərhum sənətkarın çəkildiyi, «Mən ki, gözəl deyildim» (qoca əsgər), «Dəli Kür» (Allahyar), «Qəm pəncərəsi» (Rəşid bəy) və digər filmlərdən fraqmentlər nümayiş etdirildi.

Sonra Gəncə Dövlət Dram Teatrının üzvləri Məhəmməd Bürcəliyevin vaxtilə oynadığı tamaşalardan səhnələr göstərdilər.

Qeyd edək ki, M. Bürcəliyev 1950-55-ci illərdə adıçəkilən teatrın bədii rəhbəri və direktoru olmuşdur. O, 1955-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1958-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülmüşdür.

Yüksək səviyyədə keçən tədbirdə mədəniyyət və incəsənət xadimləri, Bakı şəhərində fəaliyyət göstərən teatr kollektivlərinin, həmçinin Gəncə Şəhər Mədəniyyət və Turizm İdarəsinin nümayəndələri iştirak edirdi.

 

 

Cabir

 

Mədəniyyət.- 2009.- 29 aprel.- S. 9.