Ekoloji turizmin inkişaf perspektivləri araşdırıldı
Aprelin 25-də Bakıda
Azərbaycan Respublikası Mədəniyyət və Turizm
Nazirliyi və Azərbaycan Turizm İnstitutunun (ATİ) təşkilatçılığı
ilə “Azərbaycanda ekoloji turizmin inkişaf perspektivləri”
adlı beynəlxalq konfrans keçirildi. Ekoturizm və bu sahədə
son inkişaf istiqamətləri haqqında ümumi məlumat
vermək, Azərbaycanda ekoturizmə təsir edən faktorlar,
bununla bağlı mövcud problemləri, Azərbaycanın təbiət
abidələri, ölkəmizdə kənd, su və
ovçuluq turizmi kimi növlərin inkişafına yol
açan imkanları araşdırmaq, eyni zamanda tələbələrin
elmi-praktik biliklərini inkişaf etdirmək, onlarda tədqiqatçı
vərdişləri və elmi-praktik konfranslarda
çıxış etmək qabiliyyətini
formalaşdırmaq məqsədilə təşkil edilən
konfransa Azərbaycan Respublikası Mədəniyyət və
Turizm, Təhsil, Ekologiya və Təbii Sərvətlər,
Rabitə və İnformasiya Texnologiyaları, Gənclər və
İdman nazirlikləinin, Dövlət Neft Şirkətinin və
Tələbə Qəbulu üzrə Dövlət
Komissiyasının məsul şəxsləri, səfirlər,
millət vəkilləri, ali məktəb rəhbərləri,
beynəlxalq və yerli təşkilatların, səyahət
agentliklərinin, hotellərin nümayəndələri də
qatılmışdı.
Azərbaycan Turizm
İnstitutunun rektoru Cəfər Cəfərov öz
çıxışında əsasən ekoturizmin çox əhəmiyyətli
və vacib bir sahə olmasına önəm verdi: «Turizm XXI əsrdə
aparıcı sahələrdən biri olmaqla, ölkə
iqtisadiyyatının inkişafına, ölkələr
arasında əlaqələrin genişlənməsinə
müsbət təsir edir: «Təkcə onu qeyd etmək yetər
ki, dünyada 2007-ci il ərzində 908 milyon, 2008-ci ildə 924
milyon insan turist kimi səfər edib. Ümumdinya Turizm Təşkilatının
proqnozlarına əsasən 2020-ci ildə turistlərin
sayı 1.5 milyard nəfər olacaq».
Rektor bildirdi ki, turizmin
aparıcı növlərindən biri də ekoturizmdir: «Bu
anlayış 1980-ci illərdən etibarən geniş
yayılmağa başlayıb. Turist düşüncəsindəki
dəyişikliklər, təbiəti öyrənmək həvəsi,
ətraf mühit haqqında məlumatlılığın
artması ekoturizmin məşhurlaşmasına səbəb
oldu. Ekoturizm elə bir turizm növüdür ki, o, həm ətraf
mühiti qoruyur, həm ora gələnləri bilgiləndirir,
həm də yerli iqtisadiyyatı və yerli əhalini mənfəətləndirir.
Bu anlayış flora, fauna və mədəni irsin bir yerdə
olduğu ərazilərə edilən səyahətləri əhatə
edir. Bir çox ölkələr üçün ekoturizm təkcə
ətraf mühitin qorunması demək deyil, o, milli
iqtisadiyyatın ən önəmli sənaye sahəsidir. Turizmin
bu növü Ekvador, Nepal, Kenya və Madaqaskar kimi ölkələrin
milli iqtisadiyyatının aparıcı elementidir».
XX əsrin ortalarından başlayaraq ekosistemləri
hədələyən faktorların
sayı artıb. Bu baxımdan ekoturizm eksistemlərin qorunmasında faydalı ola bilər. 2002-ci il Dünya Ekoturizm
Sammitinin yekun bəyannaməsində ekoturizm
üzrə siyasət
və inkişaf strategiyalarının hazırlanması
tövsiyə edilib. Kvebek bəyannaməsində təbiəti
qorumaq, ondan davamlı istifadə etmək, yerli və özünəməxsus
mədəniyyətlə tanış
olmaq, onların ekoturizmlə əlaqələri
haqqında uşaqları
və gənclər məlumatlandırmaq üçün
təhsil proqramlarının
inkişaf etdirilməsi
də qeyd edilib.
Mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev bildirdi ki, ekoloji turizm Azərbaycanda
ən perspektivli və eyni zamanda maraqlı turizm növlərindən
biridir: «Bu gün Azərbaycanın təbii sərvətlərinin
qorunması, ölkədə ekoloji vəziyyətin
yaxşılaşdırılması mövzusu çox
böyük əhəmiyyət kəsb edir. Məlumdur ki, prezident İlham Əliyev də Nazirlər Kabinetinin bugünlərdə keçirilən
iclasında bu məsələyə xüsusi
diqqət yetirdi. Burada insanların təmiz su ilə təminatından
tutmuş, ölkə
ərazisində ağacların
qırılmasına qədər
bütün məsələlər
problem olaraq qaldırıldı. Amma bu konfrans Azərbaycanın
təbiətinin və
onun imkanlarının
turizm məktəbləri
üçün nə
qədər düzgün
təbliğ olunması,
hansı xüsusiyyətlərin
xaricdən gələn
turistlər üçün
daha cəlbedici ola bilməsi kimi sualların cavablandırılmasına həsr
edilib. Bu tədbirdə iştirak edən səfirliklərinin
nümayəndələri, digər ali məktəblərin tələbələri
bu mövzu ətrafında kifayət qədər təkliflər
irəli sürə bilərlər. Biz də bunları nəzərə alaraq müəyyən tədbirlərin
görülməsinə çalışacağıq».
Nazir maraqlı bir
açıqlama da verdi ki, ümumiyyətlə, belə
konfranslarda irəli sürülən təkliflərə
nazirliyin məsul şəxsləri tərəfindən
baxılır.
Ə.Qarayev onu da bildirdi
ki, davamlı turizm davamlı inkişafın əsas komponentlərindəndir.
Hazırda qeyri-neft sektorunun bir qolu kimi, adıçəkilən
sahə artıq Azərbaycanda da iqtisadiyyatın aparıcı
istiqamətlərindən birinə çevrilib.
Sonra BMT-nin Azərbaycandakı
rezident-koordinatoru Bruno Pouezata, ATİ və digər ali təhsil
müəssisələrindən olan ekspert və tələbələrin
ekoturizmlə bağlı məruzələri dinlənildi.
Qeyd edək ki, konfrans
ingilis dilində keçirildi.
F.ABDULLAYEVA
Mədəniyyət.- 2009.- 29 aprel.- S. 8.