Həyatla səhnə arasında
Salatın Əhmədli
Əvvəli ötən
sayımızda
“Herostratı unudun”
Bu tamaşa da həddindən
artıq dinamikdir. Hadisələr bir-birini əvəz
etdikcə tamaşaçıda da həyəcan artır.
İki hissəli komik faciə janrında qoyulmuş tamaşa
çox yüksək dərəcədə hazırlanıb.
Aktyorlar tamaşanı böyük ustalıqla oynayırlar. Bəlkə
də teatrşünaslar mənə irad tuta bilərlər ki,
mən tamaşanı oynayan aktyorların oyununu necə,
hansı əsasla analiz edə bilərəm. Birinci növbədə,
adi bir tamaşaçı kimi, doğma şəhərimizin
teatrlarında tamaşaya qoyulmuş bütün əsərlərə
baxmışam. Bakıdakı teatr aktyorlarının
bütün oyun üslublarına bələdəm. Bundan
başqa, getdiyim ölkələrdə həmişə
çalışmışam ki, heç olmasa o ölkənin
bir tamaşasına, ya konsert proqramına baxım, çox
vaxt da buna nail olmuşam. Cəsarətlə deyə bilərəm
ki, bizim aktyorlar xarici aktyorlardan heç də geri qalmırlar.
Mən buna misal olaraq Q.Qorinin «Herostratı unudun» faciəsində
baş rolun ifaçısı Qurban İsmayılovu göstərə
bilərəm. Onun oyunu o qədər qüvvətli
alınmışdı ki, hamı nəfəsini dərmədən
tamaşanı seyr edirdi. Onun dinamik hərəkətləri,
pafoslu danışığı, səhnəboyu çevik
gedişləri tamaşanı daha da baxımlı edirdi.
Çox təəssüf edirəm ki, Qurban İsmayılov
teatrsevərlər tərəfindən lazımınca
tanınmayıb.
Tamaşanın digər
iştirakçıları - Sərvər Əliyev, Nəsibə
Eldarova, Elşən Çarhanlı, Ədalət Əbdülsəmədov,
Xalidə Əliməmmədova, Elşən Hacıbababəyov,
Rəzzaq Məmmədov, Nurlan Rzayev də öz oyunları ilə
yaddaqalan obrazlar yaradırlar. Mən xüsusilə
Klementina rolunun ifaçısı Nəsibə Eldarova və
Kleon rolunda çıxış edən Elşən
Çarhanlının oyunundan xüsusi zövq aldım.
Elşən Çarhanlı Kleonu çox məharətlə
yaradıb. Bir anlıq mənə elə gəldi ki, Efesi
qorumaq üçün Kleon, doğrudan da aktrisanı -
Klementinanı öldürəcək. Kleon Herostratı ittiham
edir. Çünki o, Efes şəhərinin qüruru olan
Artemida məbədini yandırıb. Artemida - qədim yunan
mifologiyasında məhsuldarlıq ilahəsi, ay ilahəsi,
heyvanların və ovçuların, qız
uşaqlarının və ana olmağa hazırlaşan
qadınların himayəçisi olmuşdur. O, Zevsin
qızı, Apollonun bacısıdır. Onun şərəfinə
Efes şəhərində Artemida məbədi tikilmişdir.
Qədim Roma mifologiyasında Artemida «Diana»
adlandırılmışdı. Kleon qanunlara arxalansa da,
insanların hiyləgərliyi qabağında təklənir,
məğlubiyyətə düçar olur. O yana-yana Herostrata deyir ki, Prometey
Allahdan odu insanlara aparmaq üçün aldı. Sənsə
odu ona görə götürdün ki, şöhrət
xatirinə, tarixə düşmək xatirinə məbədi
yandırasan.
Kleon - Elşən
Çarhanlı bu rolu o qədər məharətlə
oynayır ki, tamaşaçı, elə bil özünü məhkəmə
gedişində hiss edir.
Tamaşanın ən gərgin
və tamaşaçını düşünməyə
vadar edən məqamı Herostratın axırıncı
şəkildəki hadisəni danışmağıdır.
Efes hakimi Tissafern həbsxanaya
- Herostratın yanına gəlir və ərz edir ki, səni həmşəhərlilərin
öldürmək istəyir. Bu gün ya sabah Delfə göndərilən
elçi qayıdacaq və Allahın əmrini gətirəcək.
Bu zaman Herostrat ayağa
durur və deyir ki, «Mən sənə indi
danışacağam ki, nə vaxtdan Allahların gücünə
inanmıram». Sələmçidən
500 dirhəm götürən Herostrat qartal caynaqlı Rodos
xoruzu alır və xoruz döyüşdürmək oyununa
girişir. Əvvəlcə, xoruzu döyüşə
hazırlayır, ona çoxlu sarımsaq yedizdirir, məşq
elətdirir. O, müflis olandan sonra bu oyuna gedir. Şəhərin
varlı adamlarından olan Fyodrla mərc gəlir və deyir
ki, mənim xoruzum sənin hansı xoruzuna desən, güc gələ
bilər. Birinci oyunda Fyodr görür ki, xoruzu yorulub, uduzacaq.
Deyir, qoy mən Allahlardan diləyim ki, mənim xoruzumu himayə
etsin. Herostrat razı olur. Fyodr bu üsuldan ikinci,
üçüncü dəfə istifadə edir. Hiyləgərlik
Fyodrun köməyinə çatır. Hər dəfə
xoruzuna Allahlardan himayə istəyəndə onun qulları
gizlincə xoruzu dəyişdirirmiş. Herostratın qalib
olmağa az qalmış xoruzu Fyodrun üçüncü dəfə
dəyişdirdiyi xoruzun qurbanı olur. Herostrat
üzünü göyə tutub Allahlardan
bağışlanmağını xahiş edir: mən sizin
möcüzənizə şəkk edirdim, indi inandım. Sonra
Herostrata yaxınlaşan qara qullardan biri deyir: «Allahların
buna nə dəxli var. Sadəcə olaraq, gözün kor
olmuşdu. Fyodrun xidmətçisi xoruzu dəyişdirəndə
sən görmürdün». Herostrat hirsindən ağlayır,
oyunu uduzur, sonra da dəli kimi gülməyə
başlayır. Özü üçün böyük həqiqəti
kəşf edir: İnsanın həyasızlığı
Allahlardan güclüdür.
Tamaşada xırda bir
nöqsanı xatırlatmaq istərdim. «Teatr adamı» -
Ayşad Məmmədov səhnəyə müasir geyimdə -
cins şalvarda çıxırdı. Tamaşa gedən zaman
tamaşaçı bütün varlığı ilə hadisələrin
gedişinə qapılır, onun içərisinə girir.
Sanki özü də həmin hadisələrdə iştirak
edir. Müxtəlif sarsıntılar keçirir. Elə ki,
«teatr adamı» səhnəyə çıxır,
tamaşaçı onu cins geyimdə görür,
tamaşanın təsiri birdən-birə azalır.
Tamaşanın təsir dairəsi zəifləyir,
tamaşaçı teatrın bir oyun olduğunu anlayır və
təəssüf edir. Mən əminəm ki, teatr gələcək
tamaşalarda bunu nəzərə alacaq.
“Dünyanın axırı”
Dövlət Gənclər
Teatrının üçüncü tamaşası
teatrın baş rejissoru, əməkdar incəsənət
xadimi, dramaturq Rəhman Əlizadənin «Dünyanın
axırı» dramı idi. Əsər ikihissəli olub, lətifə janrında
yazılıbdır. Quruluşçu rejissor elə müəllifin
özüdür. Bu tamaşa da gözəl aktyor oyunu ilə
yadda qalır. Rəhman Əlizadənin «Komediyalar»
kitabını əldə edib pyesi bir də oxudum. Onun pyesdəki
fikirləri müasir dövrümüzlə çox səsləşir.
Bəzi insanların gözüdoymazlığı,
tamahkarlığı, oğurluğu,
yalançılığı əsərdə dilənçilərin,
ruhların, ümumiləşdirilmiş polis işçilərinin
şəxsində verilmişdir. Əsər Molla Nəsrəddinin
lətifəsi əsasında yazılmışdır.
Mollanın ipək yorğanı «ruhlar» - oğrular tərəfindən
oğurlanır. Ruhlardan biri - gözəl qız mollaya «mən
sənin ölmüş arvadınam» deyir. Molla qoca
yaşında cavan qızın eşqinə düşür.
Onun canını almağa gəlmiş Əzrayıla Allaha
and verərək deyir ki, iki dəfə namaz
qılmamış canını almasın. Mollanın məqsədi
cavan qızı tapmaq və ona qovuşmaq idi. Əzrayılı
aldadan Molla sonda ona yalvarası olur: «Gəl, al canımı, hər
şey bitsin, hər şey qurtarsın». Nadan insanlar
arasında müəllif ancaq ulağı ağıllı,
düzgün məsləhət verən, yol göstərən
bir obraz kimi verib.
...Molla oğurlanmış
yorğanını tapmaq ümidilə bazara gəlir. Bazarda
qızğın alış-veriş gedir, hər cür mal
satılır: abır, qeyrət, etibar. «Beş günlük həyatda
mənalı yaşamaq» üçün atasını satan
kim, ölkəsinin qayda-qanununu satan kim. Satıcılardan biri
qəribə bir əşyanı mollaya göstərib deyir:
«Bu, məşhur bir şairin vicdanıdı - bir kilo ətin
qiymətinə satıram». Molla vicdanın o yanına, bu
yanına baxıb tanıyır, deyir, çox
nimdaşdır, yamaq-yamaqdır. Allah bilir, neçənci dəfədir
satır.
İkinci satıcı
istedadlı bir rejissorun ləyaqətini satır. Molla baxıb
bunu da tanıyır, deyir: «Elə adlı-sanlı dramaturq
yoxdur ki, bu ləyaqətin keçmiş sahibi onun
şalvarını düymələməsin».
Bu, dəhşətdir! Zəmanənin
iyrənc tərəfləridir. Hamı sata-satdadır,
hamı qaça-qovdadır. Kim nəyi bacarırsa, satmağa
çalışır.
Üçüncü
satıcı haqq-ədalət satır. Ulaq mollaya müraciət
edir: Ay Molla, heç gözə görünməyir onun
satdığı haqq-ədalət. Molla cavabında deyir: - Ay
heyvan, bu dünyada haqq-ədalət o zaman gözə dəyər
ki, adamlar bərabər olsunlar, əks təqdirdə
toxların ciblərində olan haqq-ədaləti ac-yalavaclar həmişə
çırpışdırmağa çalışacaqlar.
Müəllif bu pyesdə həyatın bəzi eybəcərliklərini
qorxmadan, cəsarətlə açıb göstərir. Mən
bu əsəri oxuyanda ölməz «Molla Nəsrəddin»çi
Cəlil Məmmədquluzadənin ədəbiyyatdakı ədəbi
priyomları yadıma düşdü. Rəhman müəllim
də o priyomlar vasitəsilə tamaşaçını heyrətləndirən,
düşündürən bir əsər
yazmışdır. Əsərdə ən ibrətamiz fikirlərdən
biri də polisin bazar əhlinə verdiyi muştuluqdur:
Hazılaşın, bazar əhli, bizim elin bazarına əziz-xələf
qonaq gəlir. Molla ulağa müraciətlə deyir: Qonaq
gözləyə-gözləyə özümüz öz
yurdumuzda qonaq olub qalmışıq. Biz özümüz
üçün yox, əziz-xələf qonaqlar
üçün yaşamışıq.
Doğrudan da belədir.
Ömrümüzü qonaq yolunda şam kimi əritmişik. Hər
şeyin bir həddi olmalıdır. O
yaxşılığı ki biz edirik, ifrata varanda pislik
yaranır. Qonaqpərvərliyi də elə etməliyik ki,
israfçılıq yaratmasın. Özümüz
üçün də yaşamağa vaxt tapa bilək.
Əsərdə əziz-xələf
qonaq kim olsa yaxşıdır?! Mollanı qarabaqara izləyib
canını almaq istəyən Əzrayıl.
Bazara hücum çəkən
dilənçilər əynindəki geyimindən başqa
heç nəyi olmayan Mollanı məcbur edirlər ki, nəzir
kimi paltarını soyunub versin. Yarımçılpaq qalmış
mollanı antiqoniq cinayətkar kimi həbs edib şöbəyə
gətirirlər. Polis rəisinin başı dövlət
işlərinə yox, eyş-işrətə, nəfsini
öldürməyə qarışıb. Məişət, əxlaq
pozğunluğu baş alıb gedir.
Bütün bu hallar,
hadisələr səhnədə cərəyan etdikcə
tamaşaçı hiss edir ki, bunları həyatda
müşahidə ediblər, eşidiblər. Tamaşa vasitəsilə
bir daha bunun şahidi olurlar.
Müəllif real həyatda
baş verən bu eybəcərlikləri tamaşaya gətirib
bir daha göstərir ki, əziz tamaşaçı,
özün üçün də yaşamağı bacar,
yaşlı kişi, axtar tayını tap, cavan qız taparsan,
günün ah-vayla keçər, cənab polis rəisi,
başını qaldır, bax ətrafına, haqqın-ədalətin
tərəfində ol!
Bu səhnə oyunu da
çox uğurlu alınıb. Aktyorlardan Sərvər Əliyev,
Ədalət Əbdülsəmədov, Elşən
Çarhanlı öz rollarının öhdəsindən
müvəffəqiyyətlə gəliblər. Bunu
tamaşanın sonunda tamaşaçıların
alqışı bir daha sübut etdi.
(davamı gələn sayımızda)
Mədəniyyət.- 2009.- 29 aprel.- S. 7.