Bu da öz tədbirimiz

 

Jurnalistin anım gecəsi...

 

Mətbuatımız hər gün olduğu kimi, aprelin 25-də keçirilən tədbirlər haqda da neçə-neçə məlumatlar verdi. Bu mərasim isə onun özü - öz retro-yazarlarından biri haqda idi; - sələflər öz xələflərindən birinin - 40 il əvvəl 40 yaşında dünyasını dəyişmiş Qubad Süleymanovun anım gecəsinə toplaşmışdılar.

 

Dövrünün qələm əhli içərisində sevilib-seçilən, jurnalistikanın bütün janrlarında nümunəvi nümunələr yaratmış mərhum həmkarımızın ruhu şad olsun deyə, «Xalq qəzeti»nin «Xalq Mətbuat Mərkəzi»ndə düzənlənən bu tədbiri elə həmin janrlardan bir neçəsi üstdə işıqlandırmağımız yaxşı olmazdımı?

Budur, bir vaxtlar yubilyarımızın dəst-xəttindən, nizam-intizam, dost-yoldaşlıq vəfa-etibarından dərs almış «köhnə» yazarlar tədbirə vaxtından xeyli əvvəl gəlmişlər. Bütün digər «janr» görüşlərə gecikməyən gənclik isə...

Yığıncağı «Xalq qəzeti»nin təmsilçisi Tahir Aydınoğlu açdı. Bu tədbiri, gecikmiş olsa, «Aləmi bəzər, özü lüt gəzər» tapmacasının transferial cavabı kimi dəyərləndirdi, təşəbbüskarlar sırasında öncə Mətbuat Şurasına, sonra yubilyarın zaman peşə yoldaşları, əxlaq-əqidə dostlarına - yazıçı-publisist Yusif Kərimova, «Xalq qəzeti»nin əməkdaşı Telman Əliyevə təşəkkürünü bildirdi.

Yığıncaq iştirakçıları arasındakı «köhnə»lər Qubad Süleymanov haqda təzə-tər, obrazlı ifadələrlə xatirələr söylədilər. Rəngarəng üslublarda xatırlandı ki, «Azərbaycan gəncləri» (ədəbi işçi), «Kommunist» (bölgə müxbiri) üç rayonu (İmişli, Beyləqan, Füzuli) əhatə edən «Yüksəliş» (redaktor) qəzetlərində, habelə Jdanov (Beyləqan) rayon partiya komitəsinin ikinci katibi vəzifələrində işləmiş rəhmətlik həmkarımız həm qırmızı partiya, həm «qara camaat» tərəfindən çox sevilib. Nədən ki, heç vaxt onun əlindən «bloknot» əskik olmazmış, amma bununla formaca operativ partiya işçisi obrazını yaradan Q.Süleymanov bu jurnalistik «mücrü» daha çox xalq dərd-səri yığıb əlac edirmiş (Y.Kərimov). Çözələndi ki, Qubad Süleymanov nəinki işlədiyi qəzetin, habelə başqa qəzetlərin təəssübünü çəkir, nüfuzunu qoruyur, jurnalist adının, qələm adamının şərəfi keşiyində sərvaxt olurdu. O, nəinki dostunu, dostunun dostunu da sevir, qiymətləndirirdi (Telman Əliyev). Vurğulandı ki, Qubad müəllim elə yazır, elə danışır, dildə-ağızda elə gəzirdi ki, uşaqlıqda başqa sənət-peşə arzusuna düşən neçə-neçə mənim kimi gənclər «niyyətin hara...» məsəlinin ikinci tərəfini jurnalistika fakültəsində mənzilləyirdilər (Hafiz Hüseynxanlı). Söyləndi ki, böyük tarix yaradan türk öz tarixçəsini yazmadığına görə, yad yazanlar bu gün bu etnosu layiq olduğundan bir neçə pillə aşağıda təqdim edirlər. Qoy buradakı gənclər qoymasınlar Qubad Süleymanov kimilərinin yolunu ot bassın (Qənimət Səfərov). Diqqətə çatdırıldı ki, Mətbuat Şurasının - öz bacarıq istedadı ilə xalqımıza xidmət etmiş yazarlarımızın anılması, gənc nəslə tanıdılması məqsədilə düzənlədiyi bu formatlı yığıncaqlar davam etdiriləcək (Rəhim Hüseynzadə).

nəhayət, doğrudan da, öz yazıları ilə hamıya yanan mətbuçular - heç olmasa, özləri tərəfindən anılmasınmı? Axı, bizim yaradıcılıq yanrlarımız içrə, tutalım, rəssamlarda olan «avtoportret» «priyom»u yoxdur...

 

 

A.Tahir

 

Mədəniyyət.- 2009.- 29 aprel.- S. 6.