«Salon valsı» şagirdlər üçün səsləndi
Respublikanın daim
öndə gedən misiqi məktəblərindən biri olan,
uğurları ilə tutduğu mövqeyini böyük əzmlə
qorumağa və adına layiq olaraq həmişə yüksəklərdə
saxlamağa çalışan Qara Qarayev adına 11 illik Musiqi
Məktəbində bu dəfə də maraqlı bir
görüş oldu.Bu musiqi ocağında mütəmadi
olaraq görkəmli şəxsiyyətlər, musiqi xadimləri
və bəstəkarlarla yaddaqalan görüşlər, tədbirlər
həyata keçirilir(Qara Qarayevin tələbələri Arif
Məlikov, Firəngiz Əlizadə, Elnarə Dadaşova və
b.). Növbəti tədbir respublikanın əməkdar incəsənət
xadimi, Ü.Hacıbəyovun ev-muzeyinin direktoru, bəstəkar
Sərdar Fərəcovla keçirildi.
Şagirdlər, valideynlər,
bir sıra musiqi ocaqlarının direktorları və digər
qonaqlar bəstəkarı alqışlarla qarşıladılar.
Məktəbin direktoru,
respublikanın əməkdar müəllimi Kamal Paşazadə
çıxış edərək bəstəkar haqqında
öz ürək sözlərini söylədi və Qara
Qarayevin adını daşıyan bu musiqi ocağına təşrif
buyurduğuna görə təşəkkürünü
bildirdi.
Sonra söz məktəbin
nəzəriyyə müəllimi Leyla Əliyevaya verildi. Natiq
bəstəkarın zəngin həyat və
yaradıcılığından danışdı, müxtəlif
alətlər üçün (fortepiano, skripka, fleyta, tar,
kamança) kiçik və irihəcmli əsərlərindən,
mahnılarından, marşlardan, xalq çalğı alətləri
orkestri, nəfəsli alətlər ansamblı
üçün, eləcə də simfoniyaları, operetta,
müzikl, kinofilm, teatr tamaşalarına yazdığı
musiqilər haqqında məlumat verdi.
Daha sonra musiqili hissə başlandı. Məktəbin
müəllimləri İ.Hüseynova(f-no),
R.Həsənova (f-no), X.Şirinov
(tar), E.Pənahova, V.Hüseynova(f-no
ansamblı), X sinif şagirdi R.Musayev(ksilofon) və qonaq-ifaçılar N.Vəliyeva
(skripka),L.Əliyevanın
(f-no) rəngarəng, maraqlı
ifalarında bəstəkarın
erkən əsərlərindən
tutmuş professional yaradıcılıq
dövrünün əsərləri
ifa edildi, “Cavad xan” adlı
simfonik xoreoqrafik poemasından parçalar və mahnılar (CD) səsləndirildi. İfa olunacaq
hər nömrədən
öncə isə əsər haqqında izahlı məlumat verilirdi.
Qarşılıqlı
isti münasibət və səmimiyyətlə keçən
görüşə bəstəkarın fortepiano arxasında müəllifi
olduğu “Salon valsı”nın özünəməxsus
ifası, daha sonra isə maraqlı
çıxışı,söhbəti xüsusi bir rəngarənglik
qatdı. Bəstəkar həyat və yaradıcılq yolundan maraqlı söhbətlər
etdi, dinləyicilərin
xahişi ilə özünün yazdığı
şeirlər silsiləsindən
bir neçəsini söylədi. Bəstəkarın rəngarəng, maraqlı
söhbəti bu görüşdə iştirak
etmiş hər bir kəsin könlüncə oldu.
Sonda Müəllimlər
Şurasının sədri, Niyazi adına 22 saylı UMM-nin
direktoru N.Vəliyev, eləcə də digər qonaqlar qısa
çıxışları ilə görüşü
yekunlaşdırdılar və tədbir
iştirakçıları xoş təəssüratla
ayrıldılar.
Leyla ƏLİYEVA
Mədəniyyət.- 2009.- 29 aprel.- S. 4.