Qədim məkanda yeni sərgi
Aprelin
27-də Qala Etnoqrafiya Muzey kompleksində “Bakı-İslam Mədəniyyəti
Paytaxtı - 2009” layihəsi çərçivəsində Mədəniyyət
və Turizm Nazirliyi Bakı Şəhər Mədəniyyət
və Turizm İdarəsi ilə birlikdə İslam mədəniyyəti
mövzusunda əl işlərindən ibarət sərgi
keçirdi.
Danılmaz faktdır ki,
ümumdünya və milli mədəni irsin inkişafında
Azərbaycanın müasir sənətkarları və tətbiqi
sənət ustaları xüsusi yer tutur. Bu sənət
nümunələri əsrlər
boyu insanların estetik nəzərini, daxili aləmini və məişət ənənəsini göstərən
bir pəncərə olmuşdur. İncəlikləri
və gözəllikləri
özündə əks
etdirən dekorativ - sənət əşyaları
nəsildən-nəslə
keçərək,
xalqın genetik yaddaşına çevrilmişdir.
Qala EMK-da «Əsrlərdən
gələn incəsənətimizi
yaşadaq» mövzusunda
əl işlərindən
ibarət təşkil
edilmiş sərgi bunu bir daha
sübut etdi. Milli ornamentlər, xalçaçılıq nümunələri,
tikmələr, bədii
keramika, xəttatlıq,
dekorativ-tətbiqi sənət,
dekorativ qablar və heykəllər, mücrülər, misgərlik
məmulatları, milli
geyimlər, musiqi alətləri, üzərində
islam mədəniyyətini
əks etdirən əl işləri ilə yanaşı burda Quran kitabları da nümayiş etdirildi.
Sərgidə iştirak edən mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev nümayiş etdirilən əl işlərinin müəlliflərinin hər
biri ilə fərdi söhbətlər
apardı və onların məşğul
olduqları sənətin
inkişaf etdirilməsi
üçün fikirləri
ilə maraqlandı.
Vüqar Məmmədov 28 saylı musiqi məktəbində müəllim işləyir. Boş vaxtlarında
ağac üzərində
oyma yolu ilə Quran ayələrini
işləyir.
Şəkidə sənətkar ailəsində
dünyaya göz açan Arifə Məmmədova «təkəlduz»
bədii tikmə sənəti üzrə tanınmış ustadır. Bu
sənəti o Şəkidən Bakıya
gətirmişdir. Artıq
13 ildir ki, bu sənətlə məşğuldur. 1200-ə
qədər əsər
yaratmışdır ki,
indi onların bəziləri muzeyləri
bəzəyir.
Qeyd edək ki, bu
qədim məkanda 26 nəfər müəllif
öz əl işlərini nümayiş
etdirirdi. Bakı Şəhər Mədəniyyət
və Turizm İdarəsinin rəisi Əlikram Əliyevin dediyinə görə, sərgiyə bir neçə aydır ki, hazırlıq işləri görülür.
Burda nümayiş etdirilən qədim sənət nümunələrini
toplamaq üçün
idarənin əməkdaşları
Bakının əksər
yerlərində olublar.
O dedi ki,
məqsədimiz əsrlərin
dərinliklərindən gələn
bu sənət nümunələrini həm
gələcək nəslə
çatdırmaq, həm
də xalqımızın
bu qədim sənət nümunələrini
turistlərə göstərməkdir.
Sərginin bir üstün cəhəti də ondan ibarət idi ki, sərgi
Qala EMK ilə vəhdət təşkil
edirdi. Məlum olduğu kimi, sözügedən muzey kompleksi 2008-ci ildə Heydər Əliyev Fondu tərəfindən yaradılmışdır. Sərgiyə
tamaşa etməyə
gələnlər Qala
kəndinin də qədim tarixi ilə tanış olurlar. Canlı olaraq orta əsrlərdə
Qala kəndində yaşayan əhalinin həyat tərzi göstərilir. Dulusçuluq,
çörəkbişirmə sexləri bu gün də orta əsrlərdəki kimi fəaliyyət göstərir.
Sərgiyə tamaşa
etdikdən sonra mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev dedi: “Bu gün burada əl işlərindən ibarət
təşkil edilmiş
sərgi çox xoşuma gəldi. Sərgidə nümayiş
etdirilən hər bir sənət nümunəsi xalqımızın
nə qədər zəngin və qədim bir mədəniyyətə malik
olduğunu göstərir.
Bu sərginin üstün cəhətlərindən
biri də ondan ibarətdir ki, azərbaycanlıların
İslam mədəniyyətinə
bağlılığı özünü əyani surətdə göstərir».
Nazir onu da qeyd
etdi ki, belə sərgilərin keçirilməsi turizmin də inkişafına böyük təkan verər. «Belə sərgiləri
bütün muzeylərdə
təşkil etmək
lazımdır. Bu, həm milli-mənəvi dəyərlərimizi
inkişaf etdirməkdə,
həm də xarici turistlərə mədəniyyətimizi nümayiş
etdirməkdə böyük
rol oynayar».
Nazir gələcəkdə
bu işləri davam etdirmək üçün Bakı
Şəhər Mədəniyyət və
Turizm
İdarəsinə
və
müvafiq
qurumlara
öz tövsiyələrini verdi.
Fərahim Dünyamalıoğlu
Mədəniyyət.- 2009.- 29 aprel.- S. 3.