Balaca “Günay”ın böyük uğuru
Yaşıl Teatr
Mahnı kompleksinin nəzdində fəaliyyət göstərən
“Günay” uşaq teatrı yaxınlarda Fransa səfərindən
qayıdıb. Əməkdaşımız teatrın baş
rejissoru Larisa Tarusova ilə görüşüb və onun səfər
təəssüratlarını yazıya alıb.
- 1994-cu ildən
Yaşıl Teatr Mahnı kompleksinin nəzdində uşaq
estetik mərkəzi fəaliyyət göstərir. 2003-cü ildən isə bu mərkəzin bazasında “Günay” uşaq teatrı yaradıldı. Çox qısa müddətdə
bu teatr respublikamızın mədəni
həyatında özünəməxsus
rol oynamağa başladı, bir çox müsabiqələrdə
iştirak etdi, həm də Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azər
Paşa Nemətov tərəfindən təşkil
edilən Respublika Uşaq Festivalında Qran-pri mükafatına layiq görüldü. Uşaqların teatr səhnələrindəki çıxışı,
müxtəlif tədbirlərdə
iştirakı həmişə
peşəkar teatr xadimləri tərəfindən maraqla qarşılanıb, onların
ən kiçik nümayəndələri daim
qayğı ilə izlənilib, həvəsləndirilib.
Bizim uşaqlar R.Behbudov adına Mahnı Teatrında, əl oyunları stadionunda, müxtəlif kitabxanalarda, mədəniyyət
evlərində də
tamaşalar göstəriblər.
Xocalıya həsr
edilmiş səhnə mədəniyyət mərkəzləri
tərəfindən maraqla qarşılanmışdı. Bizim teatr rusdilli olmasına baxmyaraq, bu tamaşanı
Azərbaycan dilində
səhnələşdirmişdik. Çünki milli ruhu və vətənpərvərliyin
ən ali notlarını uşaqların
dilindən eşitmək,
onların sabaha olan inamını artırır. Repertuarımızda
böyük Üzeyir
bəyin xatirəsinə
həsr edilmiş “Arşın mal alan” tamaşası var. 2008-ci ildə Moskvada beynəlxalq uşaq teatrları festivalında iştirak etdik. Oraya Qofmanın
“Şelkunçik” tamaşası
ilə qatıldıq
və demək olar ki, teatrımızın
çıxışı böyük
rəğbətlə qarşılandı,
festivalın xüsusi
diplomuna layiq görüldük. Hər
bir nailiyyət uşaqları sevindirir, onları daha çox yaradıcılıq
adlı sirli-sehrli məqama bağlayır. Uğurlu işlərimizdən
biri də poeziya duhası Puşkinə həsr olunub. Sənətsevərlər
bilir ki, bu il Puşkinin
anadan olmasının
210 illiyi qeyd olunur. Elə bu baxımdan “Puşkiniana” adlı böyük bir tamaşa hazırlamışdıq.
Bu tamaşanı R.Behbudov adına Mahnı Teatrının səhnəsində göstərdik.
Bu rəngarəng, Puşkin ruhlu, poeziya ilə dolu tamaşaya görə Rusiya səfirliyinin “Qızıl
balıq“ mükafatına
layiq görüldük.
Orada “Qızıl balıq və qoca balıqçı” əsərinin motivləri
əsasında səhnələr
yaratmışdıq.
Yeni il qabağı bizə
zəng edib bildirdilər ki, “Günay teatrı” 23-cu uşaq
teatr festivalında iştirak etmək üçün
Fransanın Tuluza şəhərinə dəvət alıb. Respublikanın bir neçə uşaq teatrı öz tamaşalarını diskə
köçürüb, müsabiqəyə
göndərib. Münsiflərin
seçimi “Günay” teatrı olub. Bu dəfə mövzumuz Şekspirin “Romeo və Cülyetta”sı idi. Düzdü,
əsəri tam şəkildə səhnəyə
çıxara bilmədik.
Çünki tələblərdən
biri də bu idi ki,
tamaşanın vaxtı
bir saatdan artıq olmasın. Biz dahi Şekspirin
bu əsərinin motivləri əsasında
“Məhəbbət himni”
tamaşasını oynadıq.
Tamaşada on nəfər
iştirak edirdi. Romeo - Adil Zeynalov, Cülyetta - Leyla
Mürşidova, senyor Kapuletti - Əliheydər Rəhimov,
senyora Kapuletti -Aytən İsmayılova, Leonardo -Zaur Babayev, mələklər
- Negin Məmmədova, Samirə Muradəliyeva, qonaqlar -
Ülvi Səfərov, Cəmilə Məlikova və Sona
Abdullayeva öz rollarının ifasından çox məharətlə
gəldilər.
“Günay”ın
çıxışı xüsusi diplom və prizlə
mükafatlandırıldı. Teatrın hər bir üzvü
isə ayrı-ayrı diplomlara layiq görüldülər.
Xoreoqraf Günəş
Talıbovanın və balaca aktyorlarımızın geyimlərini
hazırlayan Marina Məlikovanın (onun qızı bizim
teatrın üzvüdür) əməyini də xüsusilə
qeyd etmək istəyirəm.
Onu da deyim ki, gələn
il Almaniyada XX Ümumdünya uşaq teatrı festivalı
keçiriləcək. İndidən həmin festivala
hazırlaşırıq.
Vəli Səyyadi
Mədəniyyət.- 2009.- 7 avqust.- S. 4.