Bir zalın
palitrası
Rüstəm Mustafayev
adına İncəsənət Muzeyinin hazırda yerləşdiyi
bina 1888-1895-ci illərdə alman mühəndisi N.A. fon der
Nonne tərəfindən fransız qrafı Debur
üçün tikilib. 1924-cü ildə Azərbaycan Dövlət
Muzeyinin nəzdində şöbə kimi işə
başlayan muzey 1936-cı ildən müstəqil fəaliyyət
göstərir. 1951-ci ildən isə hazırkı
ünvanında qərar tutub. Dörd bölmədən ibarət
olan İncəsənət Muzeyi iki binada yerləşir. Bölmələrə
- Azərbaycan, Şərq ölkələri, Qərbi və
Şərqi Avropa incəsənəti daxildir.
İlk baxışdan
möhtəşəm eksteryeri ilə adamı özünə
cəlb edən İncəsənət Muzeyinin əvvəlcə
bütün zallarını gəzdim. Ən çox
marağımı Qərbi Avropa bölməsinin Flandriya
zalı özünə cəlb etdi. Bu zal məni
ovsunladığından Flamand incəsənətindən
yazmağı qərara aldım. Zalda flamand rəssamlarının
15 rəngkarlıq əsəri və dekorativ tətbiqi sənət
nümunələri cəmləşmişdir. Bürüncdən
olan “Dekorativ kubok”, “Amazonka” adlı atlı heykəl (müəllifi:
Fon Frants Stik; materialı: tonlaşdırılmış
bürünc), üzərində at fiquru olan “Stolüstü
saat” (materialı: bürünc) və alman məktəbinə
aid “Buz üçün dekorativ qab” (1878, materialı:
bürünc) kimi eksponatlar məhz Flandriya zalında yer
alıb. Bu zala, həmçinin üzəri xüsusi bəzədilmiş
düzbucaqlı masa və yanında dəridən basma
naxışlarla hazırlanmış və metal düyməciklərlə
pərçimlənmiş (bərkidilmiş) kürsü
daxildir. Xatəmkarlıq (inkrustasiya) üsulunda
yaradılmış masa ağac və fil sümüyündən
hazırlanıb. Bir qədər əvvəl qeyd etdiyim
dekorativ saat bu masanın üstünə qoyulub. Düzbucaqlı
masanın tam mərkəzində qrafik üslubda süjetli
kompozisiya təsvir edilib; masanın kənarlarında nəbati
motivli dekorlar, künclərində isə müxtəlif
görkəmli kişi portretləri çəkilib.
Digər tətbiqi sənət
nümunəsi zalın tam mərkəzində yerləşdirilib:
buz üçün dekorativ qab qeyri-adi
görünüşü ilə seçilir. 1878-ci ildə
Almaniyada hazırlanmış bu bürünc qab vaxtilə
soyuducu funksiyasını yerinə yetirib. Kifayət qədər
ağırlığı olan qab iki qatdan ibarətdir: daxildən
kənar hissələrinə buzlar yerləşdirilir, mərkəzi
hissəsinə isə şərab şüşələri
qoyulurdu ki, şərablar sərin saxlanılsın. Qabın
üzərində şərabı simvolizə edən
üzüm salxımları meynələri ilə birlikdə
relyef texnikasında yapılmışdır,
qapağının yuxarı hissəsində isə qədim
yunan mifologiyasının şərab allahı - Dionisin
kiçik heykəl - fiquru bərkidilib. Buz qabının hər
iki qulpu olduqca mürəkkəb detallarla bəzədilib.
Flandriya zalına daxil
olarkən tamaşaçını ilk olaraq monumental
ölçülü bir tablo cəlb edir. (Orta əsr flamand rəssamları
əsasən böyük ölçülü əsərlər
yaradıblar). “Venera və Adonis” adlanan mifoloji mövzulu,
yağlı boya ilə işlənmiş bu əsər XVIII əsrdə
yaşayıb-yaratmış Baltazar Besxeyə məxsusdur.
Flamand incəsənətinin
zaldakı rəngkarlıq nümunələri yağlı
boya ilə kətan, dikt, mis üzərində işlənilib.
Məşhur rəssam Adrian Brauverin (1605-1638) “Cərrahın
yanında səhnə”, Kiçik Tenirsin dairəsindən olan
bir rəssamın “Əsrarəngiz səhnə”, XVIII əsr
naməlum flamand rəssamının “Apostol Filip müqəddəs
Mavrikini xaç suyuna salır”, Yan Jozef Xoremansın (1682-1759)
“Gizlənpaç oyunu”, XVII əsr naməlum Flandriya rəssamının
“Salomeya”, Pol Baltazar Ommeqankın (1755-1826) “Otlaqda qoyunlar”, Piter
Van Blyumenin (1697-1720) “Hərbi düşərgə”, XVII əsrin
başqa bir naməlum flamand rəssamının “Natürmort”,
Yustus Sustermansın (1597-1681) “F.Mediçinin portreti” və
bundan başqa XVII əsrdə yaşamış naməlum
flamand rəssamlarının “Kənd bayramı”, “Əsatiri
süjet”, “Görüş”, “Rinaldo və Armida” adlı rəngkarlıq
əsərləri də qiymətli eksponatlar
sırasındadır. Qeyd edim ki, yuxarıda sadalanan tablolardan
“Əsatiri süjet”, “Rinaldo və Armida” əsərləri
italyan şairi Tarkvato Tassonun “Azad edilmiş Yerusəlim”
poemasının motivləri əsasında çəkilib.
Flandriya zalının
eksponatları sırasında portret janrında işlənmiş
yeganə bir əsər var. O da II Ferdinand Mediçiyə həsr
olunmuş tablodur. Xronoloji baxımdan bu əsər zalın ən
qədim eksponatıdır. Tablonun müəllifi Yustus
Sustermans 1597-ci ildə Antverpendə dünyaya gəlmiş və
1681-ci ildə Florensiyada vəfat etmişdir. Sustermans
ömrünün çox hissəsini İtaliyada
keçirmiş və məşhur Mediçilər ailəsinin
saray rəssamı olmuşdur. Onun İncəsənət
Muzeyində yer alan bu əsəri işlənmə
texnikası baxımından “kameralı” portret xüsusiyyətlərinə
malikdir. Tablonun fonu və hersoqun geyimi tünd, yəni kölgədə
göstərilib, üzü isə işıqlı təsvir
edilib. Rəssam burada, Mediçinin üz ifadəsində,
xüsusən də gözlərində portretin psixoloji keyfiyyətlərini
əks etdirməyə çalışmışdır. Portretin
geyimindən onun kübar dairəyə mənsub olduğu
açıq-aydın duyulur. Əsərin koloriti, əsasən
tünd mars qəhvəyi, qara, zoğalı
qırmızı, ağ, neopolitan sarısı və digər
bu tip çalarlar üzərində qurulub.
Eklektik üslublu interyerə
malik İncəsənət Muzeyinin bir zalının qısa təsvirini
verməyə və zalın rəngli palitrasını təsvir
etməyə cəhd etdim. Lakin bu, hələ son deyil. Muzeyin
digər bölmələri də öz növbəsində
maraqlı auraya malikdir. Onları tamaşaçıların
özlərinin muzeydə canlı görmələri məsləhətdir.
İncəsənət Muzeyində vaxt itirməyə dəyər.
Əslində muzeydə vaxt itmir, zaman yaddaşda
saxlanılır.
Nigar Yunus
Mədəniyyət.- 2009.- 7 avqust.- S. 5.