İstedad qayğı
istər
Bir ənənə
olaraq hər il may ayının sonlarında Azərbaycan
Dövlət Rəssamlıq Akademiyasında II semestrdə tələbələrin
əl işlərinə baxış keçirilir. Həmin gün mən də rəssam tələbələrin
sinif otaqlarını bir-bir gəzdim. Doğrusu, ən çox diqqətimi cəlb edən qrafika fakültəsinin
III kurs tələbəsi
Cəlal Ağayevin əl işləri oldu.
Rəssamlıq
Akademiyasında Cəlalın ixtisas müəllimləri xalq rəssamı,
professor Cəmil Müfidzadə və xalq rəssamı Yusif
Hüseynovdur. Gənc rəssamın özünün
də etirafına görə, incəsənətin
qrafika sahəsində
onu rəssam kimi formalaşdıran və istiqamət verən Cəmil müəllim olub. Cəlal kompozisiyalarının
ərsəyə gəlməsində
Cəmil Müfidzadənin
rolunun əvəzsiz olduğunu xüsusilə vurğuladı.
Əsasən dəzgah
qrafikasında işləyən gənc qrafik bu vaxtadək bir
neçə texnikada (qarışıq texnika, ofort,
ksiloqrafiya, litoqrafiya, linoqravür, quru iynə, rezervaj və
s.) əsərlər yaratmışdır. Cəlal ən
çox Abşeron bağları, inşaat və neft mövzularına
müraciət edir. Əksəriyyət işlərinə
nəzər saldıqda,
aydın görünür
ki, kompozisiyalarında
o, daha çox
dövrün aktual mövzularına müraciət
etməyi xoşlayır. Onun “Neft mədənində” adlı ofortu 2007-ci ildə Bakıda keçirilən Azərbaycanda
Koreya günləri sərgisində nümayiş
olunmuşdur. Daha bir əsəri - “Muğam üçlüyü” isə
(2006) Türkiyədə keçirilən
Koreya günləri sərgisində tamaşaçılara
təqdim edilmişdir.
Ümumiyyətlə, gənc
rəssam tələbəlik
illərindən bir çox kollektiv sərgilərdə qrafika
əsərləri ilə
iştirak edir.
O, linoqravür texnikasında
yaratdığı “Gözəlləşən
Bakı” (2007) diptixi ilə Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasının sərgi
salonunda baş tutan tələbə sərgisində iştirak
edərək 1-ci yerə
layiq görülmüşdür.
Həmin əsər haqda qısaca da olsa danışmaq
yerinə düşərdi:
“Gözəlləşən Bakı” linoqravürü iki hissədən ibarətdir. Əsərin əsas kompozisiyasını
körpülər təşkil
edir. Diptixin hər ikisində körpü tikintisi və yolların abadlaşdırılması göstərilib.
Mürəkkəb kompozisiyaya
malik diptix Bakı şəhərinin
gün-gündən gözəlləşən mənzərəsinə
həsr edilib.
Cəlal Ağayevin “Körpülər” seriyası
da diqqətəlayiq işlərdəndir. Bu seriyaya
6 əsər daxildir.
2009-cu ildə ərsəyə
gələn bu silsilənin dördü kağız üzərində,
qarışıq texnikada
(pastel, yağlı karandaş, “damarnıy lak” və s.),
ikisi isə linoqravüra texnikasında
(əvvəl təsvir
linoleum üzərində
müvafiq alətlərlə
qazılır, daha sonra estamp vasitəsilə kağıza çap olunur)
işlənilib. Gənc rəssam burada orijinal bir formada
tikinti işlərini təsvir etmişdir.
İnşaatçıların iş prosesini və anlarını böyük ustalıqla gündəmə gətirib.
Seriyalarda körpü tikintisinin
hər bir xırdalıqlarınadək dəqiq
təsvir olunmasından
belə nəticə çıxır ki, müəllif bu səhnəni real həyatda
diqqətlə izləmiş
və onu öz əsərində maraqlı bir kompozisiyaya çevirmək
fikrinə gəlmişdir.
Cəlalın işlərinin
içərisində ən çox bəyəndiyim
kompozisiyalardan biri də “Pianoçu qız” (2009) adlanır. Estamp-çap qrafikasının ofort və akvatsinta
texnikasında yaradılan
bu əsər ilk baxışda öz harmonikliyi ilə diqqəti cəlb edir. Burada kompozisiya quruluşu
şaquli formada, yığcam şəkildə
həll olunub. Royalın qarşısında üzü
tamaşaçıya tərəf
əyləşmiş qız
fiquru tablonun yeganə qəhrəmanıdır.
Kompozisiyanın mürəkkəb texnikalarda işlənilməsinə
baxmayaraq, rəssam işıq-kölgə effektinin
və ştrix həllinin öhdəsindən
çox gözəl gələ bilmişdir.
Janr etibarilə əsər bütöv fiquru əks etdirən portret hesab olunur.
Gənc rəssamın “Duz” (2008) adlı seriyası (qarışıq texnika),
“Natürmort” (2006) (quru
iynə üsulu) və Abşeronun misilsiz görüntülərini
əks etdirən mənzərələri də
öz növbələrində
seçilirlər.
Düha sahiblərindən
biri doğru buyurub: «İstedad ya var, ya yoxdur». Mən Cəlal Ağayevdə həqiqi istedad gördüm. Bu istedadın kamilləşəcəyinə,
bütövləşəcəyinə məndə şəkk-şübhə
yoxdur. Mən Cəlalın gələcəyinə
inanıram. Sadəcə, bu parlaq istedada
qayğı və diqqət gərəkdir.
Bir də deyirlər ki, istedadlılara qayğı və diqqət lazımdır, istedadsızlar onsuz da min bir yolla
özlərinə yol
tapacaqlar.
Nigar Yunus
Mədəniyyət.- 2009.- 7 avqust.- S. 5.