Sınıqqaladan qalanlar

 

İçərişəhər hələ də orta əsr qiymətli memarlıq irsinin axıradək açılmayan bir saxlanc yeridir. Təsadüfi deyil ki, bu dar küçələri gəzərkən az qala hər addımda əvvəllər fərqinə varmadığın yeni bir tikili, memarlıq incisi kəşf edirsən. Bunlardan biri Sınıqqala ya Məhəmməd məscididir. Bu abidə İçərişəhərin ən qədim tikililərindən biridir.

 

Məscid 1074-78-ci illərdə usta Məhəmməd Əbubəkr oğlu tərəfindən sonralar Minarəli adlanan küçədən azacıq aralıda inşa olunub. Tədqiqatlar sübut edib ki, abidənin minarəsi onun özündən qədimdir. Məscid onu tikən memarın adı ilə Məhəmməd adlanır. Ruslar ilk dəfə general Matyuşkinin rəhbərliyi altında 1721-ci ildə Bakıya hücum edərkən məscidin möhtəşəm qədim minarəsini top atəşinə tutublar. Bu zaman minarənin başı sındığından məscid bütövlükdə həm Sinıqqala adlandırılmağa başlanıb.

Abidə memarlıq quruluşuna görə maraq doğurur. Zəngin dekorativ elementlərlə bəzədilmiş birotaqlı ibadət zalına şimal tərəfdən çox da böyük olmayan vestibül birləşir. Qala divarının mərkəzi oxunda daşla şəbəkə şəkilli bağlanmış bir cüt pəncərə var. Oxvari taxtabanla tamamlanan zal həm Şərq Qərb tərəfdən çata bənzər ornamentli pəncərələrlə bəzədilib. Bakı-Abşeron memarlığı üçün yad olan bişmiş kərpiclə lentvari şəkildə tağbəndin çərçivəsi boyunca ornament quraşdırılıb. Məscidə bitişik şəkildə qaldırılmış silindirik formalı minarə yuxarıdan stalaktitli karniz üzərinə oturdulmuş daş şəbəkəli azançı evi ilə tamamlanır.

Ən maraqlısı, minarənin daxilində quraşdırılmış vintvari daş pilləkənlərdir. Bu pilləkənlər ibadət zalının döşəməsindən başlanır. Minarənin müəyyən yüksəkliyində məscidin damına keçmək üçün qapı var. Dama iri daş plitələr döşənib. Məscidin üzərində ərəb dilində kufi xətlə Quran ayəsi yazılıb.

1988-ci ildə məsciddə aparılan qazıntılar zamanı ibadət zalının altında yeni bir zal meydana çıxır. Həmin zalda İslama qədərki dini mərasimə aid olan elementlərin aşkar edilməsi təsdiq etdi ki, məscid atəşgah məbədinin üzərində inşa edilib. Tikilinin ortasında atəşgahda olduğu kimi, tağ quraşdırılıb. Bərpa işləri zamanı Bakı-Abşeron memarlığının bütün mahiyyəti bu məscidin simasında açıldı.

Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonra Məhəmməd məscidi 90-cı illərə qədər bağlı qalıb. Sadəcə, minarə erroziyaya uğradığına görə onun üzərində bərkitmə işləri aparılıb. Hazırda məscid öz funksiyasına uyğun fəaliyyət göstərir onun dini icması var. Kişilər məscidin birinci mərtəbəsində, qadınlar isə ikinci mərtəbədə ibadət edirlər. Abidə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğuna daxildir.

 

 

Mədəniyyət.- 2009.- 7 avqust.- S. 16.