Nikolaye Ureçe: «Ölkənizi bəyənirəm, mədəniyyətiniz
çox qədim və gözəldir»
Müsahibimiz Rumıniyanın Azərbaycandakı
fövqəladə və səlahiyyətli səfiri Doktor
Nikolaye Ureçedir.
Diplomatik nümayəndənin
təmtəraqlı ofisindən daha çox elm adamının
iş otağına bənzəyən kabinetə daxil olur,
rumınlara xas olan qonaqpərvərliklə
qarşılanırıq.
- Cənab səfir, sizcə
qloballaşma prosesi dünya mədəniyyətinə necə
təsir edir, və ya dünya mədəniyyətini hara
aparır?
- Əvəlcə, icazə
verin, məndən müsahibə almaq istəyinizə görə
sizə təşəkkürümü bildirim. Bu mənim üçün Azərbaycan
haqqında fikirlərimi və hisslərimi açıqlamaqdan
ötrü çox yaxşı bir fürsətdir. Fikrimcə,
hələ ki, dünya mədəniyyəti deyilən bir
şey yoxdur, hələ ki, milli mədəniyyətlər
var... Bu proses öz-özlüyündə milli mədəniyyətlərin
itirilərək yerinə yeni bir “mədəniyyət”in gətirilməsinə
xidmət edir.
- Cənab səfir,
Rumıniya Avropa ittifaqına üzv oladuqdan sonra ölkədə
bu məsələlərə baxış nöqtəsi necədir?
- Biz Avropaya inteqrasiya
prosesi ilə birlikdə, öz milli mədəniyyətimizi
saxlamağa, milli identifikasiyamızı itirməməyə
çalışırıq... Ölkəmizdə Mixay
Emineskonun cəmiyyəti var ki, bu təşkilat ölkəmizin
mədəniyyətinin və həqiqi insani dəyərlərin
təbliği üçün çalışır...
- Cənab səfir,
missiyanızın əvvəlində Azərbaycanda necə
qarşılanmısınız və onu indi necə
xatırlayırsınız?
- Əlbəttə ki, Azərbaycanda 5 illik fəalliyyət mənə ölkəni və insanları, yerli şəraiti və ənənələri öyrənmək üçün çox yaxşı imkanlar verdi. Ölkənin yüksək səviyyəli iqtisadi inkişafı həqiqətən də xoş təəssürat doğurur. Dəyişikliklər çoxdur, mən söyləyə bilərəm ki, Azərbaycan və xüsusilə Bakı 2004-ci illə müqayisədə, yaxşı mənada, çox fərqlidir. Ancaq insanlar, çox gözəl Azərbaycan insanları necə var idi, elə də qalıblar, çox səmimi, çox qonaqpərvər və çox dözümlü.
- Rumıniya və Azərbaycan arasındakı hazırkı əlaqələri necə qiymətləndirirsiniz?
- Ölkələrimiz arasında əlaqələr daimi olaraq inkişaf etmiş və son 17 il ərzində tədricən genişlənmiş və bu gün əla səviyyəyə çatmışdır. Bütün səviyyələrdə səfərlərin fasiləsiz mübadiləsi, xüsusilə prezidentlərimizin görüşləri bir-birimizi tanımağa və başa düşməyə kömək edib, Rumıniya və Azərbaycan arasında ikitərəfli əlaqələri daimi olaraq möhkəmləndirməyə kömək edib. Yüksək səviyyəli siyasi dialoq prezidentlərin səfərlərinin sıxlığı ilə nümayiş olunur və biz ümid edirik ki, Prezident İlham Əliyevin Rumıniyaya gözlənilən səfəri bunu bir də sübut edəcək. Bu Azərbaycan prezidentinin Rumıniyaya dördüncu səfəri olacaq və biz ümid edirik ki, bu səfər ölkələrimiz arasında strateji tərəfdaşlığı daha da möhkəmləndirəcək, yeni müqavilələr imzalanacaq və bu artıq mövcud olan ikitərəfli qanuni çərçivəni tamamlayacaq.
- Siz Rumıniya Respublikasının mədəniyyətini necə səciyyələndirə bilərsiniz?
- Rumın
mədəniyyəti coğrafi yerləşmənin və
xüsusi tarixi təkamülün nəticəsidir. O, fundamental olaraq üç
bölgənin kəsişmə nöqtəsi kimi müəyyən
edilir: Mərkəzi Avropa, Şərqi Avropa və Balkan. Ancaq
onların heç birinə daxil edilə bilməz.
Rumın mədəniyyəti
haqqında düzgün fikrə malik olmaq üçün
aşağıdakı elementləri bilmək lazımdır:
- Populyar mədəniyyətdə
müəyyən dərəcədə Geto-Dakian ənənəsi
saxlanılıb;
- Latin elementi - hansı
ki, çox güclüdür və xalq mədəniyyətinin
nümayişinin bütün sahələrində
üstünlük təşkil edir, dildən tutmuş
“kultlar»a və incəsənətə xüsusi olan fenomenə
qədər;
- Rumıniyanın
müasir ərazisində xristianlığın erkən
yayılması və bu prosesin rumın xalqının
formalaşması ilə üst-üstə düşməsi...
- Rumın mədəniyyəti bütün bu mənəvi mənbələri əxz edərək bir model yaratmışdır, hansı ki, o, təkamülünü sonrakı illər ərzində zənginləşdirmişdir. Onun Latinlıq şüuru Rumın mədəni nümunəsinin xüsusiyyətini təqdim edir. Siz görəcəksiniz ki, bu mədəni nümunə onun xüsusiliyilə bütün Rumın mədəni nümunələrində qeyd olunur: ədəbiyyatda, memarlıqda, musiqidə, teartda və kino industriyasında.
- Sizin fikrinizcə, Rumın mədəniyyətinin unikallığı nədən ibarətdir?
- Mənim
fikrimcə, Avropada öz zənginliyi ilə seçilən
Rumın folkloruna xüsusi diqqət yetirilməlidir. Ənənəvi xalq incəsənəti
- taxta üzərində oyma, keramika, toxuculuq, gözəl rəqs
və çox zəngin xalq musiqisini özündə birləşdirir.
Etnoqraflar sonuncu iki əsr ərzində mümkün gədər
çox elementləri toplamağa çalışıblar:
Rumın Kəndli Muzeyi və Rumın Akademiyası hazırda
bu məlumatları sistemli şəkildə tədqiq edən əsas
idarələrdir.
- Siz Rumıniya
Respublikasının turizm siyasətini necə qiymətləndirirsiniz?
- Turizm Rumıniya iqtisadiyyatının vacib bir elementidir və kommersiyadan sonra, o, xidmət sektorunun ikinci ən böyük tərkib hissəsidir. Rumıniyadakı turizm daha çox ölkənin təbii landşaftı, onun zəngin tarixi ilə bağlıdır və ona görə o, çoxçeşidlidir. Bir neçə misal çəkim: Rumıniyada siz Karpat dağlarında çadırlarda yaşamaqdan və piyada ekskursiyadan zövq ala bilərsiniz, Prahova Dərəsinin dağ kurortlarında xizək sürə bilərsiniz, Qara Dəniz kurortlarında yay vaxtında zövq ala bilərsiniz, Moldovada və Bukovinada orta əsr kilsələrinə və monastırlara, Avropada ən yaxşı qorunan Danub doltasına, Sighisoara şəhərinə və orta əsr festivalına, Transilvaniyada orta əsr qalalarına, Sovata, Baile Felix, Baile Herculane kimi səhhət kurortlarına baş çəkə bilərsiniz, ya da, sadəcə kənd turizmindən zövq ala bilərsiniz.
- Sizdə mədəni irsin qorunması məsələləri necədir?
- Mədəni irsin qorunması Rumıniyanın Mədəniyyət, Dini Məsələlər və Milli Votçina Nazirliyinin ən vacib məsələlərindən biridir. Milli dəyərləri qorumaq və yaymaq, irsin bərpası Rumıniyanın əsas vəzifəsidir. Maliyyə vəziyyəti imkan verdiyi qədər bu işləri həyata keçiririk. Bu istiqamətdə mərkəzi və yerli rəsmilər, mütəxəssisslər və vətəndaşlar, içtimai və özəl sektor arasında güclü əməkdaşlıq hökm sürür və əlbəttə, YUNESCO və digər beynəlxalq təşkilatlarla yaxşı əməkdaşlığımız var. Mədəniyyət, Dini Məsələlər və Milli Votçina Nazirliyindən başqa, Rumın Akademiyası, Rumın Ali Elmi Forumu kimi strukturlar da var. Bu məsələ onların da səlahiyyətindədir. Xüsusilə milli dili və ədəbiyyatı, milli tarixin öyrənilməsinin inkişafı sahəsində əsas elm sahələrində tədqiqatın aparılması və rumın elm, incəsənət və ədəbiyyatında fikirlərin azad kommunikasiyasının demokratik və əxlaqi prinsiplərin təşviq edilməsi də son nəticədə mədəni irsin qorunmasına xidmət edir.
- Sizin
ölkə Avropa ölkəsidir və Azərbaycan turistləri
orada gözlənirmi?
- Əlbəttə ki,
bu dünyada hər bir turist Rumıniyada salamlanır və Azərbaycan
turistləri də istisna olunmur.
- Sizin fikrinizcə,
rumınları Azərbaycan mədəniyyətində nə
maraqlandıra bilər?
- Dünyanın ən qədim
xalqlarından biri - Azərbaycan xalqının öz tarixi,
maddi və mədəni abidələri, ədəbiyyatı,
incəsənəti və musiqi irsi ilə fəxr etməyə
haqqı var. Məncə, sizin gözəl ölkənizə
səfər edən hər bir rumın turisti çox məmnun
olacaq və sizin ənənəvi mətbəxinizdən,
müxtəlif və zəngin Azərbaycan musiqisindən
zövq alacaq, ya da, sadəcə Bakının İçərişəhərində
gəzib, Şərq müdrikliyinin sehrində ilahi bir
rahatlıq tapacaq.
- Rumıniyanın ədəbiyyatında
və incəsənətində sizin sevdikləriniz?
- Mən incəsənətdən
başlamaq istəyirəm. Sadəcə, dünyada
yaxşı tanınmış memar Constantin Brancusi və rəssamlardan
Nicolae Grigoresucu və Stefan Luchianın adlarını çəkəcəm.
Ədəbiyyatda Mirça Eliade və tarixçi Nicolae
İorga. Mən özüm Buxarest Universitetinin tarix üzrə
professoruyam və müasir dövrdə beynəlxalq əlaqələrin
tarixindən dərs deyirəm. Boş vaxtım olanda, tarix
kitablarını oxuyuram.
- Müasir
Rumıniyanın mədəni həyatında nəyi qeyd etmək
istərdiniz?
- Rumıniyada
keçirilən mədəni tədbirlərin sayı son illər
artıb. “2005 Buxarest
İnək Paradı” kimi tədbirlər və festivallar
böyük maraq doğurur. Transilyaniyanın şəhərlərində
orta əsr festivalları çox populyardır. Onlar musiqili
küçə teatrı və döyüşlərin
reproduksiyasını birləşdirərək çox
canlı mühit yaradırlar. Teatrda illik
Milli Festival keçirilir və “The Sibiu Thearte Festival” ən
vacib beynəlxalq teatr tədbirlərindən biridir.
“TİFF” Kino Festivalı, Buxaresdə keçirilən “Dakino”
Kino Festivalı və Danub Deltasında düzənlənən
“Anonymous” Kino Festivalını xüsusilə qeyd etmək istəyirəm.
Musiqidə isə, “George Enescu” Klassik Musiqi
Festivalı ən vacib hadisədir, həmçinin “Jeunesses
Musicales” Beynəlxalq Festivalı və
- Azərbaycana dair ölkənizin bir mədəni və turizm planları varmı?
- Bildiyiniz kimi, bu yaxınlarda, Bakıda mədəniyyətlərarası dialoqda gənclərin rolu mövzusunda keçirilən seminarda rumıniyalı gənclər də iştirak edib. Məncə, belə nümunələr - hansılar ki, mədəniyyət, təhsil sahəsində əməkdaşlığı genişləndirir və mübadilələni təşviq edir - bunlar Avropa İttifaqı və onun qonşu ölkələrində gənclər təşkilatları arasında, çox vacibdir. Əlbəttə ki, Rumıniya və Azərbaycan universitetləri arasında əməkdaşlıqdan başqa proqramlar, tələbələrin mübadiləsi də yaddan çıxarılmamalıdır. Həmçinin ölkələrimizin təhsil, turizm və mədəniyyət nazirlikləri arasındakı yaxşı əməkdaşlığı əlavə etmək istərdim. Bu sahələrdə əməkdaşlığa dair ikitərəfli və hökümətlərarası müqavilələr artıq imzalanıb. Biz Bakıda yerləşən və qeyd olunmuş aspektlərə dair fəaliyyətdə olan “Mihai Eminescu” Rumın-Azərbaycan Mədəni Cəmiyyətini də unutmamalıyıq. Bu sahədə Buxarestdəki Rumin-Azərbaycan Dostluq Cəmiyyəti də çox doluğun fəaliyyət göstərir. Onlar Azərbaycan Respublikasının Rumıniyadakı səfiri cənab Eldar Həsənovla sıx əlaqədə işləyirlər. Onun təşəbbüsü ilə İslamın Müqəddəs kitabı Quran və bir çox azərbaycanlı müəlliflərin kitabları rumın dilinə tərcümə olunub.
- Rumıniyadan turistlər Azərbaycana nə zaman gələcəklər?
- Təəssüf
ki, ümumdünya maliyyə böhranı Rumıniyaya da təsir
etmişdir, ancaq biz ümid edirik ki, o sona çatandan sonra,
rumın turistləri sizin gözəl ölkənizə səfərdən
və zəngin mədəniyyətinizdən zövq alacaqlar.
- Siz artıq Azərbaycanda
uzun müddətdir səfir olaraq
çalışırsınız. Deyə bilərsinizmi ki,
Azərbaycanı və onun mədəniyyətini yaxından
tanıyırsınız?
- Yox. Əfsuslar olsun ki
mənim bunu deməyə haqqım yoxdur. Ölkənizi də,
insanlarını da çox bəyənirəm, mədəniyyətiniz
çox qədim və gözəldir, ondan həzz
alıram. Zənnimcə, mənim həmkarlarım
da bunu təsdiq edə bilər. Lakin bu, bir
dəryadır. Çox arzulayardım ki,
bu məsələlərə daha çox vaxt ayıram, bunu
sizə söz verirəm.
Azər Allahverdiyev
Mədəniyyət.- 2009.- 12 avqust.- S. 3.