Teymur Əmrahdankonsert marofonu

 

O, Gəncədə başladığı solo-konsert proqramını davam etdirəcək

 

Çoxlarının yaddaşında "dərdli müğənni" kimi qalan Teymur Əmrahdan pərəstişkarlarına şad xəbərlər var. Gah küləkli, gah da bürkülü isti yay günlərində Gəncədə nə az, nə çox - düz iki konsert verən müğənni növbəti səfərinə hazırlaşır. Bu dəfə də yolunu Gəncədən salacağını deyən T. Əmrah avqustun 29-da burda burda daha bir konsert vermək niyyətindədir. O, oktyabr ayında isə "konsert marafonunu" Bakıda davam etdirəcək.

 

- Gəncə konsertiniz necə keçdi?

- İyunun 29-da Gəncə Dövlət Dram Teatrında solo-konsertim oldu. Uşaqlığım Gəncədə keçib. Sonralar Bakıya təhsil almağa gəldim. Bu yaxınlarda isə yolum bir vaxtlar oxuduğum Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan 6 saylı kluba düşdü. Orada artıq 40 yaşını haqlayan Gəncə estrada ansamblı fəaliyyət göstərir. Klubun direktoru Kifayət Qafarovanın dəstəyi ilə estrada ansamblını bərpa etdik. Gəncədə iyunun 29-da konsertimizin keçirilməsinin əsas səbəbi məhz bununla əlaqədar idi. Həmin ansamblla iki konsert verdim. Gəncədə növbəti solo-kopnsertim avqustun 29-na planlaşdırılıb.

- Deyilənə görə, konsertiniz pulsuz olub?

- Bəli. Heç bir bilet satılmadı. Bu, sadəcə tamaşaçılarla Teymur Əmrah arasında bir ünsiyyət idi. Hesab edirəm ki, çoxlarımız bu gün bu addımı atmalıyıq. Çünki, görüşümüzə gələn insanların gözündə minnətdarlıq sevinci gördüm. Qərara gəldim ki, belə görüşlərin sayı çox olmalıdır. Bilirsiniz ki, repertuarımın əsasını klassik estarda mahnıları təşkil edir. Tofiq Quliyev, Emin Sabitoğlu, Elza İbrahimova kimi bəstəkarların əsərlərini ifa edirəm. Bu mahnılar əsl sənət nümunəsidir. Konsertimizə gələn insanlar da bu musiqinin hikmətini anlayan dəyər verənləridir. Onu da qeyd edim ki, afişada sırf mənim solo-konsertim haqqında məlumat olsa da, qonaqlarım da oldu. Xalq artisri Flora Kərimova, əməkdar artist Aygün Bəylər şəxsi dəvətimlə proqrama xüsusi bir ab-hava gətirdilər. Bir sözlə, bu konsert yaradıcılığımda unudulmaz xatirəyə çevrildi.

- Qeyd etdiniz ki, oktyabr ayında Bakıda Gənc Tamaşaçılar Teatrında da konsert verəcəksiniz.

- Bəli, oktyabr ayında paytaxtda yeni solo-konsert verəcəyəm. Bu tamaşaçılarla canlı ünsiyyət, canlı konsert olacaq. Gəncə şəhərində keçirdiyimiz konsertdə canlı oxuduq. "Elin gözü tərəzidir" deyiblər. Tamaşaçılar ağı qaradan daha yaxşı seçirlər. Hər zaman tamaşaçıların qarşısına canlı konsertlə çıxıram.

- Adətən müğənniləri konsert öncəsi biletlərin satılıb-satılmayacağı narahat edir. Siz necə?

Azərbaycanda müğənnilər bilet satışı ilə pul qazana bilmirlər. Bizdə belə bir biznes yoxdur. İnsanları indiki vaxtda buna məcbur da etmək olmaz. Ola bilər ki, konsertimə biletlər satılmasın. Heç buna ümidim yoxdur. Mən klassik estarda müğənnisiyəm. Yüngül mahnılar ifaçısı deyiləm. Mənim tamaşaçı auditoriyam elə geniş deyil. Heydər Əliyev Sarayında konsert verib tamaşaçı toplaya bilməyəcəyimi etiraf edirəm. Yalnız kamera səhnəyə tamaşaçı yığa bilərəm.

Nədənsə, çoxları qonşu respublikadan gələn müğənnilərin konsertinə daha çox pul xərcləyirlər. Düzdür, indi onların da konsertinə gedənlər azalıb. Mənim narazılığım əsasən bununla yox, aparatura texniki imkanların zəif olması ilə bağlıdır. Tamaşaçıların konsert zalına az gəlməsinin əsas səbəbi budur.

- Konsertinizin sponsoru olacaqmı?

- Yox! Ümumiyyətlə, sponsor axtarmıram. Buna ehtiyacım da yoxdur. Demək olar ki, sponsor məsələsində bəxtim gətirmir. Ona görə sakitcə öz işlərimlə məşğul oluram. Oktyabrda ürəyi istəyən tamaşaçını Teymur Əmrahın sponsorsuz solo-konsertinə dəvət edirəm. Kimin ürəyi istəsə, gəlib ifamı dinləyə bilər.

- Yeni mahnılar necə, gözlənilirmi?

- Həmişəki kimi, retro və son dövrlərdə oxuduğum "Cavan deyiləm", "O vaxtlar" və digər mahnılar konsert proqramına daxil ediləcək. Repertuarımın yenilənməsində lənglik, indiki zamanda yaxşı mahnıların yazılmaması ilə bağlıdır. İndiki bəstələrin əksəriyyətində bəstəkarlıq dəst-xətti zəifdir.

Şövkət Ələkbərovanın ifasında səslənən mahnılar illər keçdikcə yenə də mükəmməl, müasir olaraq qalacaqdır. Hesab edirəm ki, bu gün əsl sənət nümayiş etdirənlər sırasında Azər Zeynalov mənim adımı çəkmək olar. Bu sözlərim heç kəsin xətrinə dəyməsin, ancaq bunu demək məcburiyyətindəyəm.

- Sonda, isti yay günlərində gərgin rejimindən sonra dincəlmək planınız varmı?

- İşləmək, çətinliklərlə çarpışmaq mənim alın yazımdır. Həyatı dərk etdiyim gündən çalışıram-vuruşuram... Bu gün eyni qayda ilə uzun bir yolda addımlayıram. Bilirsiniz ki, mənim evim yoxdur. Yeni mənzillə bağlı ayda 1500 manat kredit ödəyirəm. Buna görə fasiləsiz işləməliyəm. İsti yay günlərində dincəlmək haqqında, ümumiyyətlə, düşünmürəm.

 

 

Şəmsiyyə

 

Mədəniyyət.- 2009.- 12 avqust.- S. 4.