Biləsuvarda gördüklərim...
Rayondakı oxucuların acınacaqlı
vəziyyəti
Adətən,
şəhər camaatı
isti yay günlərində ya vaxtilə yaşadıqları,
ya da xoşladıqları
əyalətə dincəlməyə
gedirlər. Xırda bir iş
üçün bir neçə günlüyə
Biləsuvar rayonuna getməli oldum. Üç saatlıq yolun uzunluğunu nəzərə alıb yol tədarükümü
qabaqcadan görmüşdüm.
Yemək, içməyə
su və bir neçə qəzet. Yolboyu başım oxumağa qarışdığından bir
o qədər də darıxmadım.
Rayonda işlərimi yoluna qoyduqdan sonra qərara aldım ki, elə gəlmişkən
kitabxanaya, mədəniyyət
evinə dəyib, bir neçə yaradıcı insanla görüşüm. Düzdü, xoşagələn
mənzərə ilə
qarşılaşmasam da,
gördüklərimi yazmaq
məcburiyyətindəyəm. Ən azından biləsuvarlı oxucularımızın
xahişinə və onların ağrılı
vəziyyətlərini gördüyüm
üçün.
İlk olaraq rayonun mərkəzində
yerləşən kitabxanaya
üz tutdum. Qarşılaşdığım mənzərədə nə
oxucu, nə də kitabxana işçilərini ayırd
etmək olmurdu. (Sonra bildim ki, kitabxanada bir mən oxucu
kimi gəlmişdim.
Sən demə, işçilərin
dost-tanışları
onların halını
sormaq üçün
bura üz tuturlar. Əsl qeybət yeri.) Sözüm onda deyil. Özümü oxucu kimi diqqətə
çatdırmaq üçün
oxumağa qəzet istədim. Kimə dedimsə, dedi mən burda işləmirəm. Nə
isə, yaşlı bir qadın üstümə qışqıra-qışqıra qəzeti
axtarmağa başladı.
Kitabxanada olduğum həmin gündən düz bir həftə
öncə çıxmış
qəzeti tapa bilmədilər. Soruşanda
ki, “Xanım, bəs niyə yoxdur?”, cavabında “sənlik deyil, mənə əmr etmə, yəqin, gəlməyib” dedi. Mən də etmə tənbəllik düz üç həftə qabaq çıxmış qəzetin
nüsxəsini istədim.
Kitabxananı ələk-vələk edib əzilmiş bir qəzet gətirdilər. Onu da baxmağa
vermədilər. Dedilər
ki, hələ bu qəzeti qeydiyyata salıb üstünə möhür
vurmamışıq. “Niyə
belə ləng işləyirsiz, bəs bu vaxtacan niyə
qeydiyyat aparmamısız?”
deyəndə az qaldı kitabxanaçı
qızlar məni öldürə. Başımı
tutub qaçdım.
Düzdü,
qabaqcadan oxuculardan bir neçəsi məni xəbərdar etmişdi ki, ora getməyim. Amma mən buna baxmadım. Sonra da üç
saat kitabxananın qapısında gözlədim,
bir nəfər də olsun, oxucu gəlmədi.
Kənd sakini Abbasəli dayı da kitabxanadan şikayətləndi. “Mənim
köhnədənqalma kitablarım
çoxdu. Həm də dostlarımdan kitab alıb oxuyuram. Mənə kitab lazım deyil. Sadəcə bu kitabxanaya gəlirəm ki, qəzet oxuyum. Özüm də vaxtilə qəzetdə işləmişəm. Ona
görə mənə
maraqlıdır. Burada
da qəzet tapmaq çətin məsələ olub” deyir Abbasəli dayı. Onun da qəzet oxumaq
sarıdan problemi var. Tək o
yox, həm də rayon camaatı
əziyyət çəkir.
“Bilirsiz, indiki dövrdə kitabxanaya gəlib qəzet, kitab oxuya bilməyəndə,
adam necə əsəbiləşir. Dövlətimiz
nəfis təribatlı
kitablar nəşr etdirir. Hələ cənab prezidentimizin göstərişi ilə
kitabları tərcümə
də edirlər. Daha bundan artıq
nə olmalıdır
ki?” deyən Abbasəli dayının sözlərindən sonra bildim ki, vəziyyət
acınacaqlıdır.
Mədəniyyət evinin qapısı bağlı idi. Orda da bir adam tapa bilmədik. Daha sonra rayon qəzeti olan “Məhsul”un
redaksiyasına yollandım.
İş vaxtı olmasına baxmayaraq, orda da bir
adam tapa
bilmədik. Rayonda az-çox tanınmış
yazarlar da çox gileyləndilər.
Problemlərinin işıqlandırılmasını
çox istədilər.
Bir sözlə, Biləsuvarda
yaman qanım qaraldı.
Elə şəhərə gəlmək
istəyirdim ki, Biləsuvardan olan şair dostum Əli Aşiq zəng vurdu. Şəhərdə görüşməyimizi istədi. Deyim ki, dostum ədəbi mühitlə
maraqlanmaq üçün
tez-tez Bakıya gəlir. Rayon ədəbi mühiti onu bir o qədər
qane etmir.
Nə isə... Mən də qayıdandan sonra bu yazını
yazmağı özümə
borc bildim.
Elmin Bədəlov
Mədəniyyət.- 2009.- 12 avqust.- S. 7.