Xızı - bir özü, iki gözü, iki
sözü...
Üçüncüdən
başlayaq. Tək elə ona görə yox ki, birinci söz
yaranıb. Həm də bu səbəbdən ki, qalan hər
şeyi ifadə etməyin ayrı-alayı yolu yoxdu.
Özü də bu «iki sözü» ifadəsi iki
sözçüsü kimi də anlaşılmalıdır. Birinci
söz bizim, ikinci söz Xızı rayon Mədəniyyət
və Turizm Şöbəsinin müdiri Sənan
Talıbovundur.
I söz
Oxu, söz!..
Qədim Xızı...
Onun elə bəri başından başlanan ulu dağları,
ürək-göbəyi boyunca çeşməli-sulu
bağları, meşələri, qos-qoca xarakteri, uca mərdliyi,
hər şeydə özəlliyi, gözəlliyi...
Bu yumru Yer
üzünün Xızı ucalığına - Sənan
müəllim demiş - «Xızr peyğəmbər məkanı»na
yollanarkən hamı kimi, təbii, bizi də ulu dağlar
qarşıladı. Ozanların eyzən
tapındığı dağlar. Eynən də aşıqların
aşiq olduğu, ədiblərin əbədi mövzusu
dağlar. Dağlara da ki, təbiət gözüylə baxsan - döşündə cənnət,
qaşında təb, bəsirət gözüylə baxa bilsən
- başından başda Rəbb görərsən. Gözəgörünməz
Tanrını görənə isə yerlər amin olar,
göylər zamin.
Bu fikirləri qəlbimizin
diktəsi ilə yaddaşımıza yazırıq ki,
redaksiyaya qayıdanda «neynim-neceləyim»də qalmayaq. Axı, bəzən «söz
çıxır ceyran belinə» (R.Rza). Ha deginən
«darıxma, a qələm, darılma kədər, o mövzu
doğmadırsa, qayıdıb gələr» (M.Araz). Bir də
ki, axı bəndələriniz sözü
sonalayıb-xanalayan şair ha deyillər. Olayları
halaylayıb yolaylayan, həyatın gündəlik imla-inşa
və digər hərzələrini qələmə alan adicə
mirzələrdi. Odur, bax bu yolun solundakı tənha binada - bu
düzəngah-«ada»dakı odada - Müşfiq muzeyində nə
söz desən tapa bilərsən. Çünki o bina
«Şair yeni-yeni sözlər bulacaq, Kainat olduqca şeir
olacaq!» binövrəsi üstə inşa edilib. O binaya 5-10
millik məsafəmiz, 5-10 minlik söz istəyimiz qalıb. Təəssüf
ki, bazisi yuxarıda dediyimiz yuxarı materialdan olan o binanın
üstqurumu aşağı formadadır. Çox ölkələrdə
sənətkarların abidələri, muzeyləri özlərindən
böyük yapılır. Bizim ölkəmizdə də belələri
az deyil. Ancaq bu yaşca yeniyetmə, eşqcə, od-yaloca, ilham
və təbcə qos-qoca Müşfiqimizin muzeyi heç onun
«Oxu, tar»ının kar siminə dəyməz...
Yolun sağında - dağ döşündəki
tar abidəsi isə ürəyimizin sarı siminə toxunub,
könlümüzü duruldur. O abidənin altındakı «Oxu, tar» sözləri
yazılmasaydı da, burdan keçən hər kəs bilərdi
ki, söhbət Müşfiqdən gedir. Ümumiyyətlə,
harda tar var, orda Müşfiq var. Hətta, belə
bir xalqarası rəy də var ki, ölkə rəhbərinin
sərəncamı ilə paytaxtımızda inşa edilən
əzəmətli «Muğam Mərkəzi»nin tar modelinə bənzədilməsi
həm də Mikayıl Müşfiqin xatirəsinə ehtiram əlamətidir.
Maşından düşüb,
havalı-həyəcanlı addımlarla muzeyə
yaxınlaşırıq. Əvvəlcə Müşfiqin
öz əlləri ilə əkdiyi yeddi çinardan qalanlara,
sonra büstünə salam veririk. Cavab? «Bilməm harda
qaldı, o nazlı durnam?!».
Yazımızın
başlığında dediyimiz Xızının «iki
gözü»ndən biri ilə göz-gözəyik. İçəri daxil oluruq -
Xızının poeziya gözünə. Xızının
dramatik gözü - Cəfər Cabbarlı muzeyi hələ
qarşıdadır. Bu iki nəhəngin yaşını
toplasan, heç orta bir sənətkar ömrü də eləmir.
Amma bu əbədi sağolmuşların hər birinin sənət
yükü çox yaşamış neçə-neçə
«ağolmuşlar»ın dizini yerə gətirərdi!
Bu muzeyin həyəti də
adını daşıdığı nakamın həyatı
kimi qəmli. Binanın
interyeri də, fasadı kimi, cah-cəlaldan kasad... Nə
yaxşı ki, Müşfiqin öz ab-havası, fotolarda
adamı hipnoz edən odlu-yanğılı baxışları,
alovlu misraları varmış. O baxışlar baxanların
gözlərini yaşartdıqca, o misralar bir ipək yaylıq
kimi qurulayır.
Buradakı... Nə deyək, nə
adlandıraq buradakıları? Eksponatlar? İnventarlar? Demək
olmur. Müşfiq kimi həmişəcanlı duyğu hara,
«eksponat» kimi uyğu hara! Yaxşı, bəs, nələr?
Amma o ustad söz kanı, məna kankanı özü
tapıb deyə bilərdi... Ki, buradakılar sənətdən
kamlığın, həyatdan nakamlığın maddi qafiyələridi.
Deyərdi, bax bu sağdakı 39 şəkil həyat eşqli
dəmlərin təcəllası, sol yandakı 40-cı isə
qanlı hakimiyyətin doğurduğu qəmlərin məcəlləsidi...
«Oxu,
söz!» deyə, çox sözlər deyərdi
- sənədcə yeniyetmə, sənətcə baba
Müşfiq! Özü də
bizim kimi uzun-uzadı yox - sözü az, mənanı yüz
deyərdi. Bu «tezbazar» rubrikalı dünyamızda,
vaxtımızın darlığıyla ilgili, sevgili Cəfər
səfəri naminə uğurlar arzulardı bizə...
Bu da Cabbarlı muzeyi. Bu tikili,
maşallah, yaxşıdı. Gözoxşardı, ürəkaçandı.
Ən çoxu da ona görə ki, böyük ədibin
doğulduğu ev-koma da bu sarayın içində olduğu
kimi saxlanıb. Bu dramatik həyat-yaradıcılıqlı
dramaturqun öz dövründəki «ideologiya dili» ilə desək,
«köhnəlik qalığı» koma. Bu köhnə koma
yaraşıqlı bir yeni sarayın ağuşundadır.
Özü də Sovet «yeni»si yox, müstəqillik yenisi
içərisində. «Yaş içində
gülüş»ün əksi. Bu muzeyin içərisində
üç əsr yerləşib. Buranın ab-havasında sənət-sənətkar-zaman
üçbucağı cızılıb. Bu
üçbucağın açması üçün
Oqtay-Almaz-Elxan üçbucağı fəlsəfəsinə
varmaq gərək. Təzadlar çoxdur. Amma sənət həqiqətləri,
sənəkarlıq naxışları, istedad fontanları
onlardan da çoxdur.
Bu muzeyi ata evi, baba yurdu
kimi əziz tutan xanımlar işləyir burada. Əgər Cəfər
sağ olsaydı, onların adına bir «Yurd gəlini»
kitabı bağlayardı...
Biz bu fikir-xəyallardaykən,
bu yurdun ziyalı bir Eloğlusu - Xızı rayon Mədəniyyət
və Turizm Şöbəsinin müdiri Sənan Talıbov gəlib
çıxır. Bizimlə
çox səmimi «xoş-beş» etsə də, bikef
görünür. «Ay Sənan müəllim, biz ki
cağırılmış qonaqlarıq»...
«tikan»-sözümüzü gülnən kəsir: «Mən
bütün redaksiya heyətinizi qonaq
çağırmışdım, sizsə, cəmi-cümlətanı
üç gəlmisiz...»
Bu an bu muzeydə
yadıma ulu Cabbarlının «Sevil»indəki «Ay Allah, bunnan
üş dənə ver, göynən uçan quşdara ver»
oxşaması düşür. Daha heç nə.
Dinib-danışmadan, bir vaxt Cəfəri yırğalayan nənniyə,
iməklədiyi hücrəyə, adaq elədiyi otaqlara,
dünyaya böyük Azərbaycan pəncərəsi
açmaq xəyalı ilə baxdığı əyrim-üyrüm,
bapbalaca pəncərələrə və 14 yaşında
tifil bir uşaq çıxıb, 34-cə yaşında dahi
qayıtdığı yonqar-sığalsız taxta qapıya
baxırıq. Hərdən də
foto-çıqqıltılar eşidirik...
Vəssalam.
Və əleykə-əssalam,
Sənan müəllim, söz Sizindir.
II söz
Mədəniyyət - xalqla ünsiyyət...
Mədəniyyət hər
xalqın ictimai vəziyyətinin göstəricisi, millətin
mənəvi sifətidir. Yaxın keçmişədək əsasən
ədəbiyyatı ilə tanınan Azərbaycan ötən əsrin
son qərinəsində ümummilli liderimiz Heydər Əliyevin,
son illər isə ölkə başçısı İlham
Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, millət
vəkili Mehriban Əliyevanın yorulmaz fəaliyyət və
qayğıları sayəsində həm də böyük mədəniyyət
ölkəsinə çevrilmişdir.
Kəndistan camaatı
üçün çox xoşdur ki, tarixən paytaxtların
bəxtinə yazılan «beşulduzluq» taleyi son illər əyalətlərin,
kənd rayonlarının da üzünə gülür. Artıq
rayon mərkəzləri, kənd-qəsəbələr də
müasir şəhər görkəmi almaqdadır.
Xızı rayon Mədəniyyət
və Turizm Şöbəsi nəzdində 27 müəssisə
var. Bu müəssisələrdə 126 nəfər
çalışır. Mədəniyyət müəssisələrinin
maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə
nazirliyimizin qayğı və diqqətindən əlavə,
şöbəmiz də öz daxili imkanlarından maksimum
istifadə edir. Məsələn, elə təkcə
Mədəniyyət Sarayının istifadəsndə 3 ədəd
«Mitsubishi» markarı kondisioner, 10 ədəd maqnitafon, 2 ədəd
kompyuter, İcra Hakimiyyətinin balansından hədiyyə
edilmiş 60 ədəd yumşaq oturacaq, 8 ədəd elektrik
qızdırıcısı vardır.
Məmnunluq hissi ilə
qeyd edirəm ki, Mədəniyyət və Turizm Nazirliyi öz
işgüzarlığı, yenilik və xidmət
dinamikası ilə bütün respublikamız üzrə necə
seçilirsə, bizim kollektivimiz də rayonumuz üzrə o
imici qazanmağa çalışır. 2009-cu ilin 6 ayı ərzində
çox işlər görmüşük. Rayon İcra
başçısı V.Abdullayevin xüsusi nəzarəti ilə
M.Müşfiq muzeyində, əsasən də Cəfər
Cabbarlı adına parkda və «Xızı-Qala» kompleksində
cari təmir, həyətyanı sahələrdə
abadlaşdırma işləri aparmışıq. Mərkəzləşdirilmiş
Kitabxana Sistemi və digər 12 filial-kitabxananın ümumi
fondu 80 mini ötüb. Respublika prezidentinin «Azərbaycan
dilində latın qrafikası ilə kütləvi nəşrlərin
həyata keçirilməsi haqqında» Sərəncamı ilə
nəşr olunan kitablardan 102 adda kitab
alınmışdır. Şöbə tərəfindən
Respublika Kitabxana Kollektoru ilə xüsusi müqavilə
imzalanmış, yeni kitab və texniki avadanlıqlar
alınmışdır.
Şöbəmizin
tərtib etdiyi tədbirlər planı olduqca zəngindir.
İlin əvvəlində - yanvarın 6-da nakam şairimiz
M.Müşfiqin xatirə gecəsi - Bakı şəhərindən
gələn Müşfiqsevər ziyalılarla birlikdə -
yüksək səviyyədə qeyd edilmişdir. 20 yanvar faciəsinin
19-cu ildönümü ilə əlaqədar, müəssisələrdə
silsilə mərasimlər keçirilmişdir. Rayon
mərkəzində yerləşən «Şəhidlər
kompleksi»ndə ümumrayon tədbiri təşkil edilmiş,
şəhidlərin xatirəsini əks etdirən lövhələr
qarşısına gül dəstələri qoyulmuş,
musiqili-ədəbi çıxışlar olmuşdur. 2 fevral
«Gənclər günü» münasibətilə Mərkəzləşdirilmiş
Kitabxana Sistemində gənc kitabsevərlərlə
oxucu konfransı təşkil edilmiş, bir neçə gənc
yazıçının əsərləri üzrə disput,
müzakirələr və təhlillər olmuşdur. 26 fevral
Xocalı soyqırımı ilə əlaqədar Mədəniyyət
Evi kollektivinin hazırladığı (erməni vəhşiliklərini
əks etdirən) tamaşa göstərilmiş, Mərkəzləşdirilmiş
Kitabxana Sistemi üzvlərinin xüsusi kompozisiyası nümayiş
etdirilmişdir. 1 mart - Mülki-Müdafiə və 8 Mart - Beynəlxalq
Qadınlar günlərinə həsr edilmiş konsert
proqramı yeni Mədəniyyət Sarayında həyata
keçirilmişdir. Azərbaycan Teatr Günü də
maraqlı elementlərlə qeyd olunmuşdur.
Xalqımızın ən əziz milli mərasimi olan Novruz
bayramına həsr edilmiş Bahar şənliyi rayon İcra
Hakimiyyəti başçısı və ictimaiyyətin
iştirakı ilə dağlar qoynunda - Xızı şəhərinin
girəcəyində yerləşən «Xızı-Qala»
kompleksində keçirildi. Mədəniyyət Evi kollektivinin
və «Xızı dağları» ansamblının
hazırladıqları həmin konsert proqramı Bakı şəhərindən
dəvət edilmiş tanınmış musiqiçi və
müğənnilərin ifası ilə daha da maraqlı oldu.
Həmin şənliyə turizm
çalarları da qatılmışdı. Belə ki, rayonun
milli adət-ənənələri, qədim kənd və qəsəbələrə
məxsus ritualları, öz gözəlliyi ilə seçilən
xalçalar, özünəməxsus xonçalar, igidlərin
at yarışları, pəhləvan nömrələri,
xoruz döyüşləri nümayiş etdirildi. Martın 21-də isə görkəmli dramaturq
C.Cabbarlının 110 illiyi münasibətilə ədibin
adını daşıyan ev-muzeyində xatirə gecəsi,
kitablarından ibarət sərgi, foto-stendlər
hazırlandı. Şöbənin nəzdində fəaliyyət
göstərən müəssisələrdə azərbaycanlılara
qarşı törədilmiş (31 mart 1918-ci
il) Soyqırım faktının 91-ci ildönümü ilə
bağlı toplantılar, müzakirələr, Mərkəzləşdirilmiş
Kitabxana Sistemində və filial-kitabxanalarda ədəbi-bədii
gecələr keçirildi. Erməni vəhşiliklərini
əks etdirən tamaşa hazırlanaraq, xalqımızı
bu yolda birliyə çağıran bədii kompozisiya
nümayiş etdirildi.
Aprelin 7-də orduya həqiqi
xidmətə çağırışla əlaqədar,
rayon Hərbi Komissarlığında -
çağırışçılar qarşısında,
habelə rayon ərazisində yerləşən və
şöbəmizin himayəyə götürdüyü N
saylı hərbi hissədə konsert proqramı həyata
keçirildi. Aprelin
21-də isə Dərbənd şəhər Azərbaycan
Dövlət Dram Teatrının kollektivi
tamaşaçılar qarşısında «Qaynana»
tamaşası ilə çıxış etdi. «Beynəlxalq
Abidələr və Tarixi Yerlər» günü münasibətilə
muzeylərdə «Açıq qapı» günləri təşkil
edildi. Sumqayıtda keçirilən Uşaq xor kollektivlərinin
VI respublika müsabiqəsində iştirak edən Musiqi Məktəbinin
şagirdləri nailiyyətlərlə qayıtdılar. Akademik Zərifə xanım Əliyevanın xatirə
günü münasibətilə aprelin 28-də Mədəniyyət
Sarayının konfrans zalında həkimlərlə birlikdə
rayon İcra Hakimiyyəti başçısı və
ictimaiyyətin iştirakı ilə disputlar təşkil
edildi. Ümummilli lider Heydər Əliyevin 86-cı
ildönümü ilə əlaqədar şöbə tərəfindən
müəssisələrdə silsilə tədbirlər və
mayın 5-də yeni Mədəniyyət Sarayında geniş
konsert proqramı həyata keçirildi. Gənc
xanəndələr Ehtram Hüseynov və Arzu Əliyevanın
çıxışı tamaşaçılar tərəfindən
alqışlarla qarşılandı. Mədəniyyət
işçilərinə Mədəniyyət Müəssisələri
Həmkarlar Təşkilatı tərəfindən hədiyyələr
verildi.
Ümummilli liderin
doğum günü ilə əlaqədar Giləzi Regional
Meşəsalma Müəssisəsi ilə şöbə
kollektivi tərəfindən M.Müşfiq muzeyinin həyətində
5 hektar sahədə 5000 ədəd ağac və gül
kolları əkilmişdir. Ümummilli liderin anadan
olmasının 86-cı ildönümü ilə əlaqədar,
mayın 10-da rayon rəhbərliyi və ictimaiyyətinin
iştirakı ilə ulu öndərin adını
daşıyan parkdakı abidəsi önünə əklil və
gül dəstələri qoyulmuşdur.
Muzeylər günü
ilə əlaqədar tədbirlərimiz də maraqla
qarşılandı. Belə ki, mayın 16-da «Muzeylər gecəsi»
təşkil edilərək axşam saatlarına qədər
muzeylərə sərbəst giriş şəraiti
yaradıldı.
1 iyun Uşaqların
Beynəlxalq Müdafiəsi günü münasibətilə
Uşaq Yaradıcılıq Mərkəzinin kollektivi H.Əliyev
adına parkda ümumrayon tədbiri həyata keçirmiş,
tədbirdə həmin məktəb şagirdlərindən
ibarət Uşaq ansamblı öz bacarığını
nümayiş etdirmişdir. İyun ayının 1-də Xaçmaz
şəhərində mədəniyyət və turizm
nazirinin müavini Ə.Vəliyevin və Xaçmaz rayon
İcra Hakimiyyətinin başçısı Şəmsəddin
Xanbabayevin iştirakı ilə nazirliyimizin əmrinə əsasən
keçirilən dekorativ tətbiqi əl sənəti üzrə
respublika müsabiqəsinin zona turunda rayonumuzu 4 nəfər
iştirakçı təmsil etmiş və onların əl
işləri xüsusi yer tutmuşdur. 15 iyun Milli Qurtuluş
günü münasibətilə H.Əliyev adına parkda bir
sıra hörmətli ziyalıların, rayon İcra Hakimiyyəti
başçısının və ictimaiyyətin
iştirakı ilə geniş tədbir oldu. Həmin ayın 20-də nazirlik tərəfindən
Quba rayonunda 7-16 yaş arasında keçirilən «Doğma
diyar uşaqların gözü ilə» adlı foto və rəsm
festivalında rayonumuzu rayon festivalının qalibləri - Hənifə
Mahmudlu və Bəhram Cəfərov 15 rəsm əsəri ilə
təmsil etmişlər.
Qeyd edim ki, şöbəmizin
il ərzində həyata keçirdiyi tədbirlər «Mədəniyyət»
qəzetində, «Mədəni-maarif işi» jurnalında, AzTV,
İctimai, Space, ATV telekanallarında və rayonumuzun mətbu
orqanı olan «Dağlar yurdu» qəzetində
işıqlandırılmışdır. Novruz bayramı münasibətilə
keçirilən tədbir İctimai televiziyada, rayonun qədim
adət-ənənələrinə həsr edilmiş «Yurdumun
dəyərləri» tədbiri ATV telekanalında nümayiş
etdirilmişdir. Space televiziyası
Altıağac qəsəbə sakinləri Mahirə Kərimova
və Mehman Məmmədovun toy mərasimlərini lentə
alaraq nümayiş etdirmiş, mədəniyyət müəssisələrimizin
fəaliyyəti ilə bağlı ciddi məqamları «Mədəniyyət
xəbərləri» verilişində
işıqlandırmışdır.
Maraqlıdır; son
abzasda «işıqlanmış»,
«işıqlandırılmış» ifadələrini
çox işlətdim və bu, mənim özümə də
xoşagəlməz təkrarçılıq təsiri
bağışladı. Amma ardınca fikirləşəndə
ki, bu «işıqlandırmalar» zamanı neçə-neçə
insanın üz-gözü işıqlanıb, o qara təsirin
özü də işıqlandı.
Bəli, mədəniyyət
işıqdır. Mənəvi işıq...
T.Abbaslı,
K.Cəbrayıl
Mədəniyyət.- 2009.- 12 avqust.- S. 8-9.