Siz kitab oxuyursunuzmu?..
“Mədəniyyət” qəzetinin keçirdiyi
sorğu bu suala aydınlıq gətirdi
Yaşadığımız
çağdaş dövrdə az qala hər gün yeni bir dəb,
yeni bir davranış tərzi ilə rastlaşırıq. Dünyanın
müxtəlif qitələrindən, müxtəlif ölkələrindən
gələn, müxtəlif inkişaf səviyyəsinə
malik insanların yaşam tərzini, vərdişlərini, həyata
münasibətini əks etdirən bu yeniliklərin içərisində
bəyəniləsi, təqdir olunası, əxz ediləsi
olduğu kimi, milli özgürlüyümüzə
uyuşmayan, adət-ənənələrimizə
yabançı olan, islami dəyərlərimizlə bir araya
sığmayanları da az deyil. Belə bəyəniləsi adətlərdən
biri də məhz istirahət mədəniyyətidir. Qəzetimizin
əvvəlki saylarında biz bu barədə söhbət
açmış, istirahət mədəniyyətnin nə demək
olduğu, bizim bu mədəniyyətə nə dərəcədə
yiyələnməyimiz və sair məsələlər barədə
müxtəlif fikirdə olan insanlar arasında keçirdiyimiz
rəy sorğusunun nəticələrini
açıqlamışdıq.
Maraqlı cəhət
orasındadır ki, dünyanın inkişaf etmiş əksər
ölkələrində istirahət dedikdə, təkcə gəzib
dolanmaq, xarici səfərlərə, kruizlərə
çıxmaq, yeyib-içmək və sair bi kimi sırf
maddiyyatla bağlı olan nəsnələr başa
düşülmür. Fəal, hərtərəfli istirahət
dedikdə, həm də mənəvi dünyamızla
bağlı sahələr aid edilən vərdişlər, o
cümlədən kitab oxumaq, mütaliə etmək, yeni biliklərə
yiyələnmək, yaradıcılıqla məşğul
olmaq da nəzərə alınır. Bu mənada Avropa və
ABŞ əhalisi xüsusilə fərqlənir. Qonşumuz
Rusiyada da mütaliə bir çoxlarının vərdişinə
çevrilib. Bəs bu sahədə bizdə vəziyyət necədir?
Kitab oxumaq, mütaliə ilə məşğul olmaq istirahət
sayılırmı? Azərbaycan oxucusu bu gün nəyi oxuyur
və necə oxuyur? Gənclərin və yaşlı nəslin
kitaba, mütaliəyə olan münasibətində fərq
varmı?
Bəri başdan deyək
ki, “Mədəniyyət” qəzeti redaksiyası həyata
keçirdiyi yeni layihəyə uyğun olaraq milli mədəniyyətimizin
müxtəlif sahələrinə aid əhali arasında
vaxtaşırı olaraq keçirdiyi sorğuları davam
etdirməkdədir. Qəzetimizin budəfəki sorğusu isə
məhz yuxarıda qeyd olunan məsələyə - istirahət
və mütaliə (kitab oxumaq) probleminə həsr olunub. Paytaxtın
müxtəlif guşələrində - Milli parkda, Heydər Əliyev
Sarayının qarşısında, BDU-nun həyətində,
“28 May” metrostansiyasında, Əzizbəyov dairəsində və
eləcə də Buzovna, Mərdəkan, Bilgəh sakinləri
arasında keçirdiyimiz bu sorğuda yüz nəfər
respondent iştirak edib. Onlara aşağıdakı suallar
verilib:
1. Kitab oxumaq istirahət
sayılırmı?
2. Sonuncu dəfə
hansı kitabı oxumusunuz?
3. Teleseriallar kitaba
marağı azaldıbmı?
4. Dövri mətbuatı
izləyirsinizmi?
5. “İndi heç kəs,
heç kəsin kitabını oxumur” ifadəsi doğrudurmu?
Qəzetimizin
keçirdiyi bu sorğuda rəyi soruşulanların 57 faizi
kitab oxumağın istirahətlə heç bir əlaqəsi
olmadığını bildirib. Ürəyin`istəyən,
maraqlı bir kitabı oxumağın da istirahət demək
oldugu fikri ilə razılaşanlar isə 47 faiz təşkil
edib.
Maraqlı və diqqətçəkən
məqamlardan biri də müxtəlif yaşlı respondentlərin
“sonuncu dəfə hansı kitabı oxumaları” ilə
bağlı suala verdikləri cavablar olub. Nəticələr
bir qədər gözlənilməz olsa da, bir o qədər təəccüblü
görünmür. Çünki, son illər bu problemlə
bağlı bir sıra digər qurum və təşkilatların
apardıqları araşdırmalar da bu sahədə vəziyyətin
ürəkaçan olmadığını göstərir. Belə
ki, rəyi soruşulanların 74 faizi sonuncu dəfə
hansı kitabı oxuduqlarını xatırlaya bilməyiblər.
Respondentlərin 14 faizi müxtəlif tədris
kitablarının adlarını, detektiv janra
üstünlük verdiyini bildirən 12 faiz isə bu sırada
Çingiz Abdullayevin yazdıqlarını oxuduğunu bildirib.
Kitaba olan marağın
azalmasını ən müxtəlif səbəblərlə
izah edənlərin sırasında videotexnikanın, internetin
adlarını çəkənlər olsa da, bu sahədə
teleserialların da neqativ təsirini qeyd edənlər az deyil. “Teleseriallar
kitaba olan marağı azaldırmı” sualına cavab verənlərin
78 faizi məhz bu mövqeyi müdafiə ediblər. Onlar son
zamanlar yağışdan sonra göbələk kimi artan bəzi
teleserialların milli mənəviyyatımızı korlamaqla
yanaşı, həm də yetişməkdə olan gənc nəslin
tərbiyəsinə mənfi təsirini önə çəkmişlər.
Onlar yüksək zövq və bəşəri dəyərlərdən
uzaq olan belə əcnəbi serialların telekanallarda müntəzəm
olaraq nümayiş etdirilməsinə də nəzarətin
vacib olduğunu vurğulayıblar. Sorğumuzun 12 faiz
iştirakçısı isə teleserialların kitaba olan
marağın azalmaması fikrinidə olduqlarını sərgiləyiblər.
Onların qənaətinə görə, kitab oxumaq, mütaliə
ilə məşğul olmaq və teleseriallara tamaşa etmək
bir-birindən tamamilə fərqlənir. Onu da qeyd edək ki,
bu fikirdə olanların arasında orta və yaşlı nəslin
nümayəndələri üstünlük təşkil
ediblər.
Kitab oxumağın,
mütaliə etməyin istirahət
olub-olmadığını aydınlaşdırmaq
üçün respondentlərə
ünvanladığımız sualların içərisindəki
“Dövri mətbuatı izləyirsinizmi?” sualı
çoxları üçün daha gözlənilən oldu. Belə
ki, sorğu iştirakçılarının 63 faizi dövri
mətbuatı bu və ya digər dərəcədə izlədiyini
bildirdi. 17 faiz isə qəzetləri təsadüfdən-təsadüfə
oxuduğunu, 20 faiz isə dövri mətbuatla
maraqlanmadığını bildirdi.
Sorğumuzun sonuncu və
ən maraqlı sualına isə respondentlərin 68 faizindən
təsdiqləyici cavablar aldıq. Onlar indiki zamanda “heç kəs,
heç kəsin kitabını oxumur” deyiminin doğru
olduğunu bildirdilər. Respondentlərin 32 faizi isə bu suala
“hər kəs öz istədiyi adamın kitabını oxuyur”
- şəklində cavab verdi.
Beləliklə, qəzetimizin
keçirdiyi sorğunun nəticələri “bizim az oxuyan, az
mütaliə edən xalq” anlamına gəlməsə də,
müəyyən həqiqətlərin üzərinə
işıq sala bildi...
Cəlal Tağıyev
Mədəniyyət.- 2009.- 12 avqust.- S. 12.