Qəbələdə beynəlxalq musiqi festivalı

 

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qəbələdə keçirilən Beynəlxalq musiqi festivalı çərçivəsində pianoçuların müsabiqəsinin birinci turuna yekun vurulub.

İştirakçılar arasında azərbaycanlı ifaçılar müsabiqənin favoritlərindən sayılır. Müsabiqədə 15 ölkədən 22 ifaçı iştirak edir. Onlardan 4-ü Azərbaycanı təmsil edir. Onlardan 4-ü Azərbaycanı təmsil edir. Müsabiqənin ən gənc ifaçısı Prezident təqaüdçüsü Toğrul Hüseynlidir. Doqquz yaşından beynəlxalq festivallarda iştirak edən və qələbələr qazanan gənc pianoçu bu dəfə də qalib olmağa iddialıdır. Digər azərbaycanlı pianoçu Züleyxa Şıxıyeva da müsabiqənin favoritlərindən sayılır. Amma o, öz ifasından o qədər də razı qalmayıb.

Pianoçuların müsabiqəsinə qatılan ABŞ, Fransa, Bolqarıstan, Rusiya və Çin təmsilçiləri Bax və Şopenin əsərlərini səsləndirmişlər. Münsiflər heyəti müsabiqənin ilk turunu yüksək qiymətləndirib.

Dünya şöhrətli musiqiçilər beynəlxalq festivalı və pianoçuların müsabiqəsini bu ilin mart ayında Azərbaycanda keçirilmiş muğam festivalının davamı adlandırıblar.

Beynəlxalq musiqi festivalı çərçivəsində Azərbaycan, Rusiya və İsrail ifaçılarının klassik musiqidən ibarət konserti olub. Klassik musiqi həvəskarları axşam saatlarında beynəlxalq festivalın keçirildiyi açıq meydançaya toplanıblar. Onlar İsrailin “Ranaana” simfonik orkestrinin müşayiəti ilə dünya şöhrətli solist Oksana Yablonskayanın ifasında, Azərbaycanın xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə möhtəşəm konsert proqramını maraqla qarşılayıblar.

 

 

Mədəniyyət.- 2009.- 19 avqust.- S. 1; 2.