Müslüm Maqomayevin məzarı
ziyarət olundu
Avqustun 17-də məşhur
bəstəkar, müğənni Müslüm Maqomayevin anadan
olmasının 67-ci il dönümü idi. Bu münasibətlə
Mədəniyyət və Turizm Nazirliyinin kollektivi, dövlət
və ictimaiyyət nümayəndələri, görkəmli
mədəniyyət xadimləri Müslüm Maqomayevin məzarını
ziyarət etdilər. Ziyarətdə mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev, Müslüm Maqomayevin həyat
yoldaşı Tamara Sinyavskaya, Moskvada yaşayan azərbaycanlı
biznesmen Emin Ağalarov, Prezident Administrasiyanın humanitar
şöbəsinin müdiri Fatma Abdullazadə, AZAL Dövlət
Konserninin prezidenti Cahangir Əsgərov və çoxsaylı
mədəniyyət və incəsənət ustaları
iştirak etdilər. Qonaqlar M.Maqomoyevin məzarına gül dəstələri
və əklillər qoydular. Ziyarətdən sonra mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə
açıqlamasında M.Maqomayevin ifa etdiyi bütün
mahnılarından ibarət xüsusi toplu
hazırlanacağını bildirdi: “Düzdür, hər
birimizin ürəyinin fəth etmiş M. Maqomayev
dünyasını dəyişib, ancaq biz onun
yaşadığını sanırıq, bizimlə birgə
ürəyini döyündüyünə inanırıq. Müslüm
son dövrlər Bakıda az olmuşdu və biz sanki onun
yoxluğunu o qədər də hiss etmirik. O, sanki bizimlə
yaşayır, onun musiqisi, onun ifası və onun qoyduğu izlər
gündəlik olaraq bizim önümüzə
çıxır. Müslüm Maqomayev hər birimizin ürəyində
silinməz iz qoyub. İlk əvvəl Müslüm Maqomayevin
bütün mahnılarından ibarət xüsusi toplusunun
buraxılmasını nəzərdə tuturuq. Eyni zamanda
hazırda onun haqqında kitablar hazırlanır. Sözsüz
ki, onun vəfatının bir ili ilə əlaqədar silsilə
tədbirlər həyata keçiriləcək. Ən əsası
vəfatının bir ilinin tamamlanması ilə əlaqədar
onun məzarı üstündə heykəli qoyulacaq.
M.Maqomayevin adının
əbədiləşdirilməsi üçün dövlət
başçısı xüsusi bir sərəncam imzalayıb
və həmin sərəncamda göstərilən
tapşırıqlar yaxın vaxtlarda həyata keçiriləcək.
Dövlət başçısının sərəncamında
Bakıda bir küçəyə, eləcə də musiqi məktəblərindən
birinə Müslüm Maqomayevin adının verilməsi
tapşırıq olaraq göstərilib. Biz hazırda bununla
bağlı danışıqlar aparırıq. Hansı musiqi
məktəbləri ki, artıq kiminsə adı altında fəaliyyət
göstərir, onların adının dəyişdirilməsindən
söhbət gedə bilməz. Ancaq heç kimin adını
daşımayan musiqi məktəbləri var, biz onlara baxıb
müəyyənləşdirdikdən sonra sentyabrın sonunda
qərar verəcəyik”.
Məlumat
üçün bildirək ki, Müslüm Məhəmməd
oğlu Moqamayev 1942-ci il avqustun 17-də Bakı şəhərində
anadan olub. Məşhur Azərbaycan bəstəkarı Əbdülmüslüm
Məhəmməd oğlu Maqomayevin nəvəsidir.
O, bir neçə beynəlxalq
mahnı müsabiqəsində Azərbaycanı təmsil edərək,
1-ci yerə və "Qızıl Val" mükafatına
layiq görülüb. Rəhbəri olduğu simfonik orkestrlə
birgə həm Sovet İttifaqının şəhərlərində,
həm də Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanada,
İranda konsertlər verib.
M.Maqomayev 1964-cü ildə
Azərbaycanın SSR əməkdar artisti, 1971-ci ildə Azərbaycan
SSR xalq artisti, 1973-cü ildə SSR xalq artisti, 1980-ci ildə
"Xalqlar dostluğu" , 1997-ci ildə "Şöhrət",
2002-ci ildə isə "İstiqlal" Ordeni ilə təltif
olunub.
Bəstəkar 2008-ci il
oktyabrın 25-də vəfat edib.
Mədəniyyət.- 2009.- 19 avqust.- S. 2.