Yeni kulturoloji
layihə hazırlanır
Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının maliyyə
yardımı ilə Yeni Yazarlar və Sənətçilər
Qurumu (YYSQ) yeni bir kulturoloji layihə həyata keçirir. "Uşaq
və yeniyetmələr üçün İnternetdə
Virtual Kitabxananın, eləcə də İnnovativ Şəbəkə
Resursunun yaradılması" adlı kulturoloji layihə yeni nəsilə
ünvanlanmış klassik, dünya, həmçinin milli ədəbiyyat
və kitabların, əsərlərin təbliği,
onların İnternet resursunda - Milli Virtual Kitabxanada yerləşdirilməsi
yönündə fəaliyyət göstərəcək.
Kulturoloji layihənin maraqlı tərəfləri
hansıdır? Statistik
məlumatlara görə,
Azərbaycanda yaşayan
əhalinin yarısından
çoxunu, dünyada
yaşayan soydaşlarımızın
böyük əksəriyyətini
yeni nəslin nümayəndələri - uşaq,
yeniyetmə və gənclər təşkil
edir. Millət olaraq mədəniyyətimiz,
psixologiyamız, milli-mənəvi dəyərlərimiz,
etnik şüur, mentalitet, həyat və davranış tərzimiz bir olsa da, qloballaşmanın
dağıdıcı və
sürətli həmlələri,
eləcə də xalqların son illərdəki sıx inteqrasiyası nəticəsində
millətimizin idenfikasiya
kodları dəyişikliklərə
məruz qalır, milli sivilizasiyamızın
özünəməxsusluqları unudulmaqdadır. Elektron KİV, yeni telekommunikasiya
vasitələri, xüsusən
də İnternetin mənfi təsirinə daha çox gənc nəslin nümayəndələri - uşaq,
yeniyetmə və gənclər məruz qalır, onlar ictimai-mədəni varlıq olaraq azərbaycanlı kimi özünüdərk proseslərindən
kənarlaşırlar. Azərbaycan daxilində yeniyetmə və gənclər tərəfindən anadilli
ciddi ədəbi-bədii, elmi-intellektual kitab və əsərləri
oxumaq, fərqli - yeni mütaliə mədəniyyətini qavramaq,
yeni oxu vərdişlərinə yiyələnmək
məsələsində böyük
problemlər hiss olunur. Xaricdə yaşayan soydaşlarımız
isə milli-mənəvi dəyərlərdən,
azərbaycandilli kitab və ədəbiyyatdan kənar qalırlar. Araşdırmalar göstərir ki,
Azərbaycanda yeni nəslin nümayəndələri
arasında bir qism gənclər kompyuter və İnternet bilgilərinə
yiyələnsə də,
milli İnternet - qlobal və lokal informasiya-şəbəkə resurslarımızın
azlığı, Azərbaycan
dilində gənclərə,
yeniyetmələrə ünvanlanmış
İnternet saytlarının,
ciddi, intellektual portalların məhdud sayda fəaliyyət göstərməsi
və zəif inkişaf etməsi, eləcə də elektron - virtual kitabxanaların, pulsuz bloq - sayt imkanlarının
yoxluğu, onların maraq dairəsini təmin edəcək şəbəkə imkanlarının
yox dərəcəsində
olması, milli kompyuter oyunlarının hazırlanmaması
ona gətirib çıxarıb ki, yeni nəslin nümayəndələri İnternetdən
yalnız əyləncə
vasitəsi, çox hallarda isə erotik, bəzən isə pornoqrafiya, zorakılığı təbliğ
edən materialları
asanca əldə etmək imkanı kimi yararlanırlar...
İlk addımlardan biri
kimi gənc nəslin intellektual, mütaliə və ünsiyyət
tələbatlarına cavab verən, dünya gəncləri
arasında innovativ-şəbəkə rabitə vasitəsinə
çevrilə biləcək bir İnternet resursunun -
"Uşaq və yeniyetmələr üçün
İnternetdə Virtual Kitabxananın, eləcə də
İnnovativ Şəbəkə Resursunun
yaradılması" Kulturoloji - İnnovativ layihənin həyata
keçirilməsi sadalanan problemin həllində ciddi
addımlardan biri olacaq.
Virtual Elektron Kitabxanadan
1,5 il ərzində bir milyona yaxın İnternet istifadəçilərinin
şərhləri, müraciətləri əsasında müəyyənləşdirmişik
ki, yeniyetmə və gənclər yazını, kitabı, mətni,
bilgini daha çox innovativ saydıqları İnternet
resurslarından - Elektron Kitabxanadan almaq istəyir. Bir
kitabın tirajı 1000 ədədi keçmədiyi bir zəmanədə
saysız-hesabsız insanın yararlana biləcəyi e-kitablar
məcmusu kimi gördüyümüz İnternetdə Milli
Virtual Kitabxananın dəyərini izah etməyə əslində
ehtiyac yoxdur.
Elmin Bədəlov
Mədəniyyət.- 2009.- 19 avqust.- S. 3.