Ömürdən uzun film

 

Gülcahan Mirməmməd

 

A priori + a posteriori

 

İyirmi beş il əvvəl nəinki dünyada, hətta Amerikada da bilmirdilər ki, bəşəriyyət nəyin astanasındadır. Sadəcə, orta statistik amerikalıların çoxu həftənin müəyyən günləri konkret saatlarda televizorun qarşısında əyləşib "NBC" kanalını izləyirdi. Niyə? Çünki onları Kempvell ailəsinin macəraları, problemləri yaman maraqlandırırdı.

Siz xatırladınız? Bəli, bəli, düz 25 il əvvəl, 1984-cü il iyul ayının 30-da ABŞ-da əfsanəvi "Santa-Barbara" serialının ilk bölümü göstərildi. Tam 9 il sürəcək bir teleopepeyanın təməli qoyuldu. Cəmi 2137 seriya göstərildi.

Amerikalıları deyə bilmərəm, amma biz hələ hamılıqla Moskva televiziyasına baxdığımız zamanlardan dilimizə bir ifadə düşdü. Sonu görünməyən məntiqsiz çəkişmələr, acı bağırsaq kimi uzanıb mənasını itirən olaylara Kaliforniyadakı şəhərin adını verdik: "Santa-Barbara". Qəribədir ki, həmin seriala mənim kimi üst-üstə 25 dəqiqə baxmayan da, həftəiçi həyat proqramını serialın nümayiş vaxtına görə nizamlayan da həmin ifadəni bəyənirdi.

Maraq naminə 1984-cü ilə qayıdaq. O zaman SSRİ- belə demək mümkünsə, durğunluğun çiçəklənmə dövrü idi. Bizdə çox şey yox idi, o cümlədən pəmbə dizilər . Amma insafən, çoxseriyalı filmlər var idi. Məsələn, Aleksey Tolstoyun eyniadlı romanı əsasında çəkilmiş "Əzablı yollarla" 13 seriyalı idi. Təxminən on ilə 13 seriyalı "Əbədi çağırış" çəkilmişdi. Bütün xalqın sevimlisi olan Ştirlist barədə vur-tut 12 seriyalıq telefilm ekrana çıxmışdı.

, yeri gəlmişkən, o illərin diqqətli teleseyrçisi deyə bilər ki, "İstintaqı bilicilər aparır" da yaman uzun idi. Əslində 20 il ərzində xeyli yaşlaşan aktyorlar cəmi 22 seriya oynamışdılar. Yəni "Santa-Barbara"dan yüz dəfə az. Üstəlik, "İstintaqı bilicilər aparır" telefilm yox, teletamaşa idi.

Təbii ki, bu faktlar indiki Rusiya televiziya məkanının nailiyyətləri sayılır. Bəs bizdə, Azərbaycanda serial baxımından var idi? Yəqin ki, biz elə zənn edirdik ki, nəinki uzun maraqlı serial çəkə bilmərik, hətta bundan ötrü bizim ədəbi materialımız da yoxdur. Odur ki, ötən əsrin 70-ci illərinin sonunda səhv etmirəmsə, geoloqların həyatından bəhs edən üçseriyalı "Vulkana doğru" adlı bir telefilm çəkilmişdi. Düzü, uşaqkən cəmi bir kərə baxdığım həmin bədii lent barədə təkcə yaşlı həmkarlarımın tərifli, pafoslu rəyləri, bir baş rolda Rasim Balayevin çəkildiyi yadımda qalıb, vəssalam. Amma həmin tərifli filmi indiki 7 milli telekanaldan heç olmasa, birində niyə göstərmirlər, bilmirəm.

Adına ruslar kimi "sabun operası", ya da türklər kimi "pəmbə dizi" deməyindən asılı olmayaraq, serial elə acı bağırsaqdır. Onda hadisələr filmdəki kimi cərəyan etmir, özündən ağır evciyi belində daşıyan ilbiz kimi sürünür. Təsəvvür edin, baş qəhrəman çiçək alıb sevgilisinə evlənmək təklif etmək həvəsilə maşına minəndə siz məzuniyyətə çıxırsınız. Üç həftədən sonra qaydıb seriala baxanda görürsünüz ki, həmin oğlan əlində həmin çiçəklər maşından düşür. Bu üç həftədə nələr baş verib, - özünüz tapın.

Qayıdaq yubilyara. "Santa-Barbara" SSRİ dağılan kimi ekranlarımızı fəth etdi. Qəribədir ki, onu postməkanında əvvəldən yox, 217-ci seriyadan göstərməyə başlamışdılar, hərçənd bundan duyuq düşən olmadı. Amma sən demə, bizi bezdirən "Santa-Barbara" heç ən uzun serial sayılmır. Özükimilər arasında o, yalnız 10-cu yerdədir. Birincilik isə hələ 1937-ci ildə ABŞ-da radioda başlamış, 1952-ci ildən televiziyada göstərilən "Bələdçi işıq"dır. Bu günədək 15 500-dən çox bölümü çəkilib. "Bəs biz seriala niyə baxırıq, onları niyə çəkirlər, biz niyə çəkə bilmirik" kimi sualların cavabı qalsın gələn dəfəyə.

Qorxmayın, bu mövzu "Santa-Barbara" kimi uzun olmayacaq, bəlkə heç "Əzablı yollar" qədər uzanmadı.

 

 

Mədəniyyət.- 2009.- 19 avqust.- S. 6.