İyirmi beş ilin sınağı
"Sənətkar portretinə ştrixlər" silsiləsindən
“Bir də
görürdüm, gecə telefon zəng çalır: mən
ölüm, "şef" (o mənə belə müraciət
etməyi xoşlayardı), dur gəl bizə. Deyirdim, ay Niyazi, heç bilirsən,
saat neçədi? Üç! Deyirdi, eybi yoxdur, indi
maşın göndərirəm. Gəl, bir az oturaq. Bəli,
gedərdim. Görərdim Həcər xanımla oturub gözləyir.
Stolun da üstü dolu naz-nemətlə. Yuxusu yox idi.
Oturardıq səhərəcən. Deyərdi, darıxma, o
dünyada yatmağa vaxt qalacaq. Hes kimin də yadına
düşməyəcəyik. Deyirdim, ay Niyazi, sən nə
danışırsan? Sənin kimi sənətkarı necə
unutmaq olar? Səni unutmaq böyük xəyanətdi. Həcərə
tərəf dönüb, "gördün?" deyirdi. Bax,
günlərimiz beləcə keçərdi. "Qaragilə"
xalq mahnısını mənimçün işləmişdi.
Simfonik orkestrin ifasında lentə yazdırmışdım. Hər
dəfə o lent yazısını eşidəndə, onun
mehriban çöhrəsi, dirijor pultu arxasındakı əzəmətli
görkəmi gəlib durur gözərim önündə".
Nə acı ki, bu xatirəni söyləyən
Şövkət xanımın özü illərdir həyatda
yoxdur.
Nə yaxşı ki, Şövkət xanımın
ömrünün son vaxtlarında söylədiyi bu xatirə
yazısını kəsib arxivimdə saxlamışam.
Nə acı ki, Şövkət xanımdan həmin
müsahibəni mən almamışdım. Elə olsaydı, həmin müsahibəyə
düşməyən bəzi başqa xatirələrim də
olardı indi.
Nə yaxşı ki, Niyazinin Şövkət
xanımla bölüşdüyü unudulmaq gümanları
düz çıxmadı. Böyük müğənninin gələcəklə
bağlı işıqlı proqnozu gerçək oldu.
***
Niyazi bizim sənət tariximizdə "birinci"
olan digər böyük soydaşlarımız kimi, xalq, vətən
qarşısında bir insan ömrünə sığmayacaq
missiyanı yerinə yetirdi. Ömrünün sonuna qədər
"yoruldum" demədən Azərbaycan musiqisinin yolunda Fərhad
kimi külüng çaldı, neçə nəslin həm
peşəkar musiqiçi kimi yetişməyində, həm də
musiqi zövqunun formalaşmasında misilsiz rol oynadı.…
Çoxumuz Niyazini ilk professional azərbaycanlı
dirijor kimi tanıyırıq. Amma o,
Hacıbəyli soyadından irsən keçən musiqi
istedadını bəstəkarlığa yönəltmək
istəyirdi. Çalışırdı,
konservatoriyada dərs alırdı, əsərlər bəstələyirdi.
Amma günlərin birində konservatoriyanın müəllimi,
milliyyətcə alman olan Ştrasser küçədə
rastlaşdığı Həcər xanıma deyir: "Madam,
sizdən çox xahiş edirəm, ərinizi dilə tutun ki,
mənim dirijorluq sinfimə keçsin. Mən əminəm
ki, onun əlləri qeyri-adidir, əgər məşğul
olsa, məşhur dirijor olacaq". Həcər professorun
dediklərini Niyaziyə çatdıranda, ərindən
eşitdiyi bu olur: "Ştrasser şişirdir".
Amma nə
yaxşı ki, Niyazi "şişirdən" Ştrasserin,
ola bilsin ki, başqalarının da
sözünə baxdı və dirijorluğu seçdi.
Çox sonralar Niyazi Türkiyədə Adnan Sayqunun
"Koroğlu" əsərinin tamaşaya qoyulmasında əvəzsiz
xidmətlər göstərərkən, onun pult
arxasındakı çalışmalarına, orkestri
anlayıb mükəmməl idarəçiliyinə heyran kəsildilər
və qəzetlərdə yazdılar ki, Niyazi əlləriylə
güləbətin toxuyur. Onun musiqiyə qəti
və düzgün münasibəti, bəstəkarı tam
anlaması, orkestrdəki bütün ifaçıları
öz cazibəsinin altına salıb zabitəsindən
çıxmağa imkan verməməsi təbii ki, dinləyicilər
üçün ikinci planda idi. Hər kəsin
duyduğu orkestin nizamlı və ilhamlı
çalğısı, gördüyü isə dirijorun həyat
eşqi qaynayan gözlərinin qartal baxışı,
üzünün musiqinin taktına uyğun dəyişən
ifadələri, bir də ən müxtəlif alətlərdən
çıxan səslərin qulaq cırmaqlamayan
polifoniyasını idarə edən incə barmaqları idi.
***
Elə Niyazinin sağlığında da Azərbaycan
musiqi mıühitində belə bir fikir dolaşırdı
ki, maestro qısqanc adamdır, gənclərin özünü
göstərməyinə imkan vermir, onları
sıxışdırır. Xəyalən milli musiqi
tariximizi vərəqləyirəm, gəncliyi 25 il öncə dünyasını dəyişmiş
Niyazinin yetkin çağlarına düşmüş sənətçilərimizi
bir-bir yadıma salıram. Aralarında
dirijor da var, musiqiçi də, bəstəkar da,
vokalçı da. Amma yalnız onların Niyazinin Azərbaycan
simfonik musiqisinin bayraqdarı olduğu illərdə bizə məlum
olan uğurları yadıma düşür. Hətta
vasvası musiqişünasların da Niyazinin
"sığalından keçmiş"lərin nə
ifasında, nə də əsərlərinin səslənişində
yanlışlığa dair bircə qeydinə rast gəldiyimi
də xatırlamıram. Deməli, Niyazinin hər kəsin
çata bilməyəcəyi sənət səddini
aşanlar yalnız əsl və zəhmətkeş
istedadlardı. Niyazi bütün həyatını həsr
etdiyi musiqini naşılara, kəmqabiliyyətlərə, tənbəllərə
qısqanırmış, onları sənətə yox, vəssalam.
***
"18 yaşım vardı. Bir gün
maestrogildə olanda qəfildən mənə dedi:
"Pasportunu mənə ver". Onun bu sözləri mənə
qəribə gəlsə də, pasportumu cibimdən
çıxarıb ona verdim. Sənədimi alıb dedi: "Vəssalam,
bu gündən olursan mənim oğlum". Maestroya nə deyə
bilərdim? Çaşqınlıq içində evə gəldim.
Əhvalatı çəkinə-çəkinə anama
danışdım. Pah, anam elə hisrləndi ki! Telefonu əlinə
alıb Niyazigilə zəng vurdu: "Niyazi! Mənim oğlum
nə vaxtdan sənin oğlun olub?! Uşağın pasportunu
qaytar!" Aradan bir az keçəndən sonra Həcər
xanım pasportumu gətirdi". Bu əhvalatı bəstəkar,
xalq artisti Azər Rzayev danışıb mənə. Əslində
Azər müəllim bu xatirəni anası, Azərbaycan milli
operasının ilk professional qadın müğənnisi Həqiqət
Rzayevanın xarakterini açan bir ştrix kimi yada
salmışdı. Amma bu gün həmin xatirədə mənimçün
diqqətçəkən məqam müasirlərinin "səhnəmizin
Vassa Jeleznovası" adlandırdığı Həqiqət
xanımın ötkəmliyi yox, övlad nisgilli Niyazinin
kövrəkliyi, istedadlı, tərbiyəli, vicdanlı
övlad sahibi olmaq istəyidir.
Allah bir qadının bir kişiyə bəxş
edə biləcəyi ən böyük xoşbəxtliyi
Niyazidən əsirgəməmişdi. 19 yaşındaykən
sevdiyi Həcər eşq yolunda doğmalarından, təhsilindən,
hətta vətənindən keçmişdi,
kasıblığa, Niyazinin sənət mühitindən,
işdən evə gətirdiyi gərginliklərə
dözmüşdü, onu vərəmin ağuşundan
qoparmışdı, acı dilinə
tablaşmışdı, əvvəli-sonu bilinməyən
qonaqlıqlarının əziyyətini çəkmişdü.
Düz, 51 il bir-birilərindən ayrılmamışdılar,
sevginin şirinliyini ömürlük qorumuşdular. Amma məhəbbət
bu cütlüyə "qanı - qanımdan, canı -
canımdan" deyə biləcəyi övlad verməmişdi.
Olsun ki, Niyazinin istedadlı gənclərə atalıq qayğısının,
onlardan daha yaxşı çıxış, daha mükəmməl
ifa tələb etməyinin, sənət uğurlarına
doğma ata kimi fərəhlənməsinin bir səbəbi də
bu idi.
Bəlkə maestro da, xanımı da həmin
cavanların onlara bəslədiyi adekvat məhəbbətlə
kifayətlənməliydilər. Bəlkə də, o zaman
aradan illər keçəndən sonra Həcər
xanımın ömrünün Niyazisiz illəri elə faciə
ilə bitməzdi. Bəlkələr çox, onlara cavab isə
yox...…
***
Sabah maestro Niyazinin doğum
günüdür. 1912-ci ilin avqustun 20-də dünyaya gəlmişdi,
1984-cü il avqustun 2-də, 72 yaşında
dünyasını dəyişdi. Azərbaycan musiqisi düz
25 ildir ki, Niyazisizdi... Əsrin bir çərəyi qədər
sürən bu illərdə maestronu şəxsən
tanıyanların, onu dinləyənlərin, çörəyini
kəsənlərin, öyüdünü eşidənlərin
də çoxu haqq dünyasına köçüb. İllər
ötdükcə onların sayı yenə azalacaq. Amma Niyazi
heç vaxt unudulmayacaq.
Mədəniyyət.- 2009.- 19 avqust.- S. 6.