Dünyada bir Mircavad vardı...

 

Görkəmli fırça ustasının ölümündən on yeddi il keçir

 

Sovet dönəmində Bakıda sənət dünyası nağıl və bayatılarımız, muğam və xalçalarımız qədər mənalı, sirli-soraqlı, bir qədər də müəmmalı olan bir rəssam yaşayırdı. Hələ sağlığında haqqında əfsanələr gəzən bu rəssamın üzünə sərgi salonları uzun müddət bağlanmışdı. Görmədiklərimizi görməyə, qəbul etməyə hazır olmadığımızın nəticəsi idi bu… O vaxtlar Azərbaycan Rəssamlar İttifaqına rəhbərlik edən, sənətin zirvəsinə "kəsmə yollarla" yüksələn, xalqın tanımadığı "xalq rəssamları" dünyanın yarısından çoxunu gəzib saysız-hesabsız əsl sənət möcüzələri gördükləri halda, hər gün təmasda olduqları soydaşlarının əsərlərindəki qeyri-adiliyi qəbul etmək istəmirdilər. Çünki o, özümüzünkü idi.

Dolanışığını təmin etmək üçün müqavilə ilə işlədiyi əsərləri bədii şuranı razı salandan sonra belə sərgi ekspozisiyalarından çıxarılırdı. Çəkdikləri sosialist realizminin "ümumi çərçivəsi"nə sığışmadığına görə… Elə olmuşdu ki, ona avansı verilmiş müqaviləni belə iş tamamlanandan sonra ləğv etmişdilər. Beləcə, sıxıntılı illər bir-birini əvəz etmişdi. O isə sadiq qalmışdı həyat idealına, sənət prinsiplərinə. Həmin rəssam bu gün hamının yaddaşına sənət fədaisi kimi həkk olunmuş Mircavad Mircavadov (1923-1992) idi…

 

Başlanğıc

 

50-60-cı illərdə vahid sovet məkanında yaşamağa məhkum olan əksər xalqlarda yuxarıdan göstəriş kimi təbliğ olunan sosializm ideyalarından doyanlar, hətta ona etiraz edənlər sırasında Azərbaycan yaradıcıları da vardı. Azərbaycanda ilk "dissident" rəssam Mircavad idi. Hələ Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil aldığı illərdə o, təsadüfən bu gün adı dünya rəssamlığının qızıl kitabına yazılmış fransız Pol Sezanın postimprsionist cərəyana aid edilən əsərlərinin reproduksiyası ilə tanış olur. Əsərlərdə həyat hadisələrinə münasibətin bu qədər fərqliliyi onu çox heyrətləndirir və ona hər gün məktəbdə təlqin olunan "sosialist realizmi"nin analitik rəssamlığın yanında çox sönük olduğunu dərk edir. Hətta təhsilini bir müddət yarımçıq qoyub, reproduksiyalara öz imkanı daxilində nəzirələr də çəkir, Azərbaycanı fransız gözü ilə "təhlil" edir. Sonralar valideynlərinin və müəllimlərinin təkidi ilə məktəbi diplom almaq naminə bitirsə də, az sonra yaşıdları ilə Sankt-Peterburqa təhsil almağa gedəndə elə şəhərə çatar-çatmaz fikrini dəyişir. İ.Y.Repin adına Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda da sovet gerçəklyində mövcud olan Bakıdakı ideoloji təhsilin davamını görəcəyini ehtimal edən Mircavad yoldaşlarından ayrılmağa qərar verir. Dünyanın şöhrətli muzeylərdən sayılan Dövlət Ermitajına gedir - Pol Sezannı öyrənməyə... O vaxtlar ideoloji fərqə görə təbii ki, bu rəssamın əsərlərinə muzeyin çox geniş ekspozisiyasında yer ayrılmamışdı. Mircavad həmin əsərlərlə çox çətinliklə fondlarda tanış olur. Muzeyin direktoruna müraciəti də xahişdən daha çox, ultimatuma bənzəyir: "Ya siz mənə Sezannı göstərəcəksiniz, ya da mən sizi öldürəcəyəm!" Qarşısındakı gəncin yaşantılarını dərindən hiss edən muzey direktoru ona fondlarda Sezannın və mütərəqqi cərəyanların nümayəndələrinin əsərləri ilə tanış olmağa, hətta surətlərini çıxarmağa imkan verir. Amma bu, gənc rəssamı nə qədər sevindirsə də, daxilən rahatlanmır. Burada keçirdiyi illəri itirilmiş saymasa da, axtardığını hələ tapa bilmədiyindən vətənə qayıtmağa qərar verir. Geri qayıdan rəssam özünə Bakıda da yer tapa bilmir, tanışlarından birinin Buzovna qəsəbəsindəki bağ evində 10 ilə yaxın yaşayır, müxtəlif eksperimentlər aparır, daha çox mücərrəd sənətin tələblərinə cavab verən kompozisiyalar yaradır. Onun məkana və zamana uyğun gəlməyən "yenilikləri"nin sorağı bütün Bakıya, xüsusilə də ideoloji dairəyə yayılır. Həmin bağ evinin sahibi - ali məktəblərin birində "Sovet İttifaqı Kommunist Partiyasının tarixi" fənnini tədris edən professor da gənc rəssamın bədii axtarışlarını bir çoxları kimi "antisovet addım" sayaraq ondan bağı boşaltmağı xahiş edir. Rəssamın gərgin yaşantılarının üzərinə daha bir sıxıntı əlavə olunur. 37 yaşında onun Qobustana getməsi və oradakı qaya rəsmləri ilə tanışlığı, az sonra milli miniatürlərimizi dərk etməsi, mifologiya və xalq sənəti ənənələrini öyrənməsi onu bir rəssam kimi yetkinləşdirir. Dünyada orijinal baxışın mümkünlüyü başqalarına da yaradıcı impuls verir və 60-cı illər rəngkarlığımızda rəssamın qardaşı Tofiq Cavadovun, eləcə də Əşrəf Muradoğlunun, Qorxmaz Əfəndiyevin, Müslüm Abbasovun və sonralar üslubunu dəyişən Rasim Babayevin donuq ənənədən çıxan əsərləri yaranır. Nə etdiklərini bilən bu rəssamlar əslində o vaxtlar çəkdiklərinə görə təqdir olunacaqlarına heç ümid də bəsləmirdilər.

 

Dönüş anı

 

Mircavadın davamlı şəkil alan maddi-mənəvi sıxıntıları səksəninci illərin ortalarına kimi davam etdi. Xoş bir təsadüf hər şeyi dəyişdi. Zəmanəmizin görkəmli yazıçısı Çingiz Aytmatov 1985-ci ilin payızında sənət dostu Bəxtiyar Vahabzadənin yubiley təntənəsinə gələndə rəssamın emalatxanasında da oldu. Burada o, əsərləri ilə tanış olduqdan sonra rəy kitabına bu sözləri yazdı: “Açığını deyim ki, fəciliyi və iblisanəliyi fırça vasitəsilə belə ifadə etmək ustalığına indiyədək rast gəlməmişəm. Tablolar bir an belə göz önündən getmir. Görəsən, biz onları qiymətləndirə biləcəyikmi?"

Çingiz Aytmatovun işə qarışmasından sonra Bakıda 64 yaşlı rəssamın ilk fərdi sərgisi açıldı. İki sənətkarın təsadüfi tanışlığı sonradan dostluğa çevrildi. Yeri gəlmişkən, qeyd edək ki, Mircavadın ilk Bakı sərgisinə həsr olunmuş kataloqun giriş məqaləsini bu sətirlərin müəllfi yazmışdı. Təəssüflər ki, belə ki, o vaxt titullu adlı-sanlı sənətşünaslarımız müxtəlif səbəblər ucbatından bu işi görmək istəməmişdilər.

 

Onun sənət dünyası

 

Mircavad əsərlərindəki kökəqayıtma meylinin qabarıqlığını, onun əski milli qaynaqlarımızı müasir biçimdə təqdim etmək istəyini görkəmli musiqiçimiz Vaqif Mustafazadənin muğam mövzusundakı improvizələri ilə müqayisə etmək olar. Bu isə çox çətinliklə, olub-keçənlərə qeyri-adi yaradıcı münasibətin nəticəsində, fərdi iç dünyanın açımı ilə yaranır. Bu mənada Mircavadın əsərlərinin onun Şərq rəssamlağının və Azərbaycan mənəvi dəyərlərinin bədii-estetik prinsiplərinə özünəməxsus münasibəti hesab etmək olar.

Rəssam folklordan əxz olunan motivləri, milli adət-ənənələri, dünyamızın başının üstünü alan müharibə təhlükəsinə biganəliyə etirazını əsərlərində özünəməxsus duyumla, rənglər selinin işığında tamaşaçıya təqdim etmişdir. Odur ki, istər Şərq rəssamlığı prinsiplərindən qaynaqlanan "Rənglərin işığında", "Süsən", "Bürc", "Şərq miniatürləri mövzusunda improvizələr" lövhələri, istərsə də problemlərə münasibətini ifadə edən "Sovqat", "Müdaxilə", "Şeytan sirki", "Ümid işığı" tabloları cəlbedici və düşündürücüdür.

Hiss olunur ki, rəssamın gözündə al da, yaşıl da, sarı da, qara da çoxdan adi rəngliyindən çıxıb, Rəsul Rzanın "Ağrının, sevincin, ümidin də rəngi var" misralarını rəssam əsərlərində əyaniləşdirib desək, səhv etmərik. Müxtəlif mövzuları əhatə edən, ölçüyəsığmaz ehtirasla yaradılmış irili-xırdalı əsərlərini keşməkeşli əsrimizə verilən suallar toplusu adlandırmaq daha düzgün olardı. Fəlsəfi düşüncə və qrotesk, nağılvari görüm və reallıq, muğam və xalça açımı ilə səsləşən obrazlı hikmət rəssamın zamanla apardığı qeyri-adi müsahibənin məna-yuk daşıyıcısıdır. Yox, bu tablolarda dünyamız heç də öz real görkəmini itirməyib. Reallığın daha dərin qatlarını, indiyə qədər rastlaşmadığımız analitik sənətikar nüfuzunun rəng plastikasında şərhini görürük.…

Mircavad üçün xeyir-şər anlayışındakı acını şirindən ayıran sədd tam aydındır və özünün sənətkar borcunu da bu səddin pozulmasına yol verməməkdə görür. "Şeytan", "Çağırılmamışlar", "Meydan və Mafiyaçılar" lövhələrindəki fantasmaqorik obrazlar rəssamın qarşılaşdığı biganələri, laqeydləri və zalımları bütün açıqlığı ilə ifşa edən bədii vasitədir. Mircavadın əsərlərini əsl sənət xiridarları həmişə arayıb-axtarmış, onlar haqqında öz fikirlərini söyləmişlər.

Məşhur sənət tarixçisi, sənətşünaslıq doktoru M.Alpatovun "Onun əsərlərində sarsılmaz xarakterin çoşqun ehtirası vardır", xalqımızın yaxın dostu, qazax şairi Oljes Süleymenovun "Asiya ruhu bu əsərlərdə nə qədər güclüdür. Fikrimi ifadə etməkdə çətinlik çəkirəm!" sözləri taleyi sınağa çəkilmiş Mircavadın bənzərsizliyini bir daha təsdiqləyən ifadələrdir. Həmin illərdə Azərbaycan təsviri sənətinin tarixini yazan bizim sənətşünaslar isə sanki respublikada belə bir rəssamın mövcudluğunu görməzliyə vurur, adını nəinki monoqrafiyalara, hətta adicə məqalələrdə belə yazmağa ehtiyat edirdilər. Milli rəssamlığımıza gətirilən "Mircavad görümü"nü layiqincə dəyərləndirə bilməyən bir sənətşünaslıq doktoru isə "Gənclik" jurnalında çap etdirdiyi məqalədə tam ciddi şəkildə "6-7 yaşlı uşağın çəkdikləri Mircavad Mircavadovun tablolarından qat-qat yaxşıdır" sözlərini yazmışdı...…

 

Gecikmiş etiraf

 

Mircavadın ilk fərdi sərgisi açılanda elə düşünürdüm ki, uzun illər ona qarşı davam edən laqeydlik buzu birdəfəlik sındı. Sən demə, belə deyilmiş. Yaddan çıxarmışdım ki, rəssamın sərgisinin təşkilinin təşəbbüsçüsü biz yox, qırğız yazıçısı olmuşdur. Bu sərgi özümüzün Mircavadın sənəti qarşısında etirafımız deyildi. Onun dünyanı dolaşan sonrakı sərgiləri də salonlara qeyri-rəsmi yol tapmışdı.…

Sərgi salonları üzünə açılandan sonra sorağı dünyanın neçə-neçə ölkəsindən gəldi. Danimarkada "Mircavad fondu" yaradıldı. Ona çoxdan layiq olduğu fəxri adı da ("Azərbaycanın əməkdar incəsənət xadimi") verdilər. Haqqında sənədli film də çəkildi. Düzdür, hələ sovet gerçəkliyində yaşadığına görə sosialist rəssamlığının azərbaycanlı islahatçısına dövlət mükafatı verməyə cəsarət etmədilər, sadəcə rəsmlər-yaşlı nəsil onu lap əvvəlki illərdə olduğu kimi "görməməzliyə" vurdular. Onu dəyərləndirənlər isə Rəssamlar İttifaqının rəhbərliyinə seçilmiş gənclər idi?.…

 

Rənglər patriarxının payızı, yarpaq tökümü...

 

Cəmisi 69 il yaşadı. Bilmirik, 69 yaşa cəmisi demək olarmı? Rafaeli, Van Qoqu, Puşkini, Lermontovu, Müşfiqi, Asəf Zeynallını xatırlayanda bu yaş lap çox görünür. Amma bu da həqiqətdir ki, yaratmaq eşqiylə yaşayan hər kəs üçün ömür həmişə yarımçıq qalır. Elə Mircavad üçün də belə oldu, çünki gerçəkləşdirməli arzuları çoxdu. Ömrünün son dörd-beş ilində olum, ya ölüm sualına cavab axtardığı mənə də bəlli idi. Ancaq mən çox vaxt bunu uzaqdan-uzağa eşidib görürdüm. Bir nəfər isə bütün ağrıları onunla yaşayır, yarı bölürdü. Onu bir az da yaşatmaq, ömrünü uzatmaq üçün bütün çətinliklərə dözürdü. Bu onun ömür-gün yoldaşı Rübabə xanım idi. Elə rəssam bioqrafiyasının başqalarına məlum olmayan məqamlarını da ondan eşitmişəm.…

Mircavadın rənglər dünyasından ayrıldığı gün çox uzaqda qalsa da, o hadisəni Rübaba xanım üçün xatırlamaq yenə də çətindir. Sənəti və sənətkarlığı həyat yoldaşından öyrənən, çoxdan yaradıcıya çevrilən bir insan üçün o gün nələri itirdiyini görmək və dərk etmək çox ağır idi.

Mən bu dramatik əhvalatı eşitmişdim, amma yenə də eşitmək istəyirdim. Bir az təfərrüatı ilə, bir daha onu xatırlamağın xatirinə. Axı ölümündən sonra, deyəsən, qıraqda elə xatırlayanı da qalmamışdı. Düzdür, bir neçə il əvvəl, gec də olsa yaşadığı binaya xatirə lövhəsi də vurulub, amma milli rəssamlığımızın müasir islahatçısının gördükləri qarşısında bu, çox azdır. Bu məqamda xəyalən oxucuları rəssam üçün fiziki mənada çox çətin olan 80-ci illərin sonuna qaytarmaq istərdik. O vaxt uzaq Avstriyanın Vyana şəhərində Mircavad ağır yaşantılarının fiziki ifadəsi olan xəstəliklə mübarizə aparırdı, xanımı Rübabəylə birlikdə. Getmədikləri yer qalmamışdı, Bakıdakı evlərini lap unutmuşdular, desək, yalan olmaz. O, daim Moskva həkimlərinin nəzarətində idi, maddi durumu yaxşılaşanda ara-sıra Avropa ölkələrinə də üz tuturdular. Birlikdə ölümlə mübarizə aparırdılar. Çox ağır dərdə mübtəla olmuşdu Mircavad: beyninin yarısı çürümüşdü. Yarı beyinlə rəngi rəngə calayır, heyrət mücəssəməsi yaradırdı. Ölüm qaçılmaz idi, Rübabə də bunu bilirdi.

1990-cı ilin yanvarı idi. Mircavad Moskvadaydı, "Nasional" hotelində... Dava-dərman dalınca Avstriyaya getməyə hazırlaşırdılar. 20 Yanvar hadisəsi barədə xəbəri də Moskvada eşitdi. Rəssamın həmin anlarda nümayiş etdirdiyi etiraza, kommunist rejimini ifşa edən sözlərinə tanınmış hoteldə məskunlaşan yüzlərlə xarici ölkə vətəndaşı şahidlik etdi. Gücü sözə və rəngə çatan xəstə sənətkar bundan artıq nə edə bilərdi? Elə bir neçə gün sonra Vyanaya da çox incik getdi: Bakıda çoxlarından nigaran idi. Bir sözlə, dərd üstə dərd qalanmaqdaydı. Rübabə də belə məqamda onu mühitdən uzaqlaşdırmaq istəyirdi, bütün vasitələrlə qəm pəncərəsini onun üzünə bağlamağa çalışırdı. Onlar Vyanaya bir imkanlı tanışın dəvəti ilə gedirdilər, tanışlarının qədim bir qəsrində yaşayırdılar. Amma şəhərə yetişəndə Mircavad nədənsə fikrini dəyişdi, hoteldə qalmağa üstünlük verdi. Şəhərdə münasib hotel axtarışı uzun çəkmədi. Zahiri xoş təsir bağışlayan bir hotel gözünü yaman tutdu, xanımından adını soruşdu. Cavabında "Bethoven" sözünü eşidəndə "Burda qalacağıq!" dedi. Hotelin Opera Teatrının qonşuluğunda yerləşməsi də rəssamın ürəyincə idi. Yerbəyer olandan sonra xanımından ona işləmək üçün şərait yaratmağı xahiş etdi. Vyana kimi şəhərdə bu asan bir işdi. Bir azdan hotelin ikinci mərtəbəsindəki geniş otaqda iri çərçivəyə çəkilmiş üç kətan, palitra, rəng və s. hazır idi. Qüvvəsi tükənməkdə olan rəssam xanımından kətanlardan birinin səthini qara rənglə örtməyi xahiş etdi. İşi tezləşdirmək üçün tez quruyan akvarel boyalarından istifadə etmək lazım gəldi. Bundan sonra rəssam yaşantılarını gerçəkləşdirməyə başladı. Gah bütövləşən, gah da qırılan işıqlı, haradasa, tikanlı məftilləri xatırladan şaquli xətləri kətan boyu yayıldıqca əsərin dramatizmi güclənirdi. Kompozisiyanın kulminasiya nöqtəsi kətanın ortasında yaşıl, qırmızı və bozumtul rənglərin qarışığından yaranan çox müəmmalı, hardasa dağılmış beyni xatırladan bir mənzərə-atributu idi… Beyninin yarısı artıq çürüyən para beyinlə varlığını öz yaradanına xatırlatmaq istəyən rəssam, görəsən, bununla daha nə demək istəyirdi? Bir neçə günün ağrılı yaşantıları bahasına üç kətandan ikisi öz ağlığını tamam itirdi. Amma son əsərdə rəssam nə qədər çalışırdısa da, işi tamamlaya bilmirdi; rəngi rəngin yanına qoysa da, onların qovuşuğunu əldə elə bilmirdi. Günah barmaqlarda yox, beyində idi. Artıq əllə baş arasında əlaqəli ritm pozulmuşdu. Rənglərin əlaqəsini yarada bilməyəcəyinə əmin olanda rəssam xanımını köməyə çağırdı. Xahiş etdi ki, kətanı aclıqdan çıxarsın. Rübabə artıq rəssam kimi fəaliyyət göstərsə də, eləyəcəklərinin Mircavad dühasına yamaq olacağından qorxdu: "Yox Cavad, mən bacarmaram, mən sən ola bilmərəm". Ancaq rəssam fikrində israrlı idi: “Bacararsan, bu müddətdə öyrəndiklərin kifayət edər" deyib "Baxın oğlunun kor atasının musiqisinə həyat verdiyini unutmusan?" soruşdu.

10-15 il əvvəlin sözü idi. Bəstəkar İ.S.Baxın həyatından bəhs edən filmə baxırdılar. Musiqiçi gözünün nurunu itirdiyindən notları oğlu səsləndirirdi. Rəssamın "Mən kor olsam, sən də dediklərimi, bax, bu cür yerinə yetirə bilərsənmi?" sualı o vaxt da Rübabəni çətinə salmışdı. Onda da "yox" demişdi, indi də. Çünki Mircavad olmaq qeyri-mümkündü. İlk dəfə həmin an rəssam özünün gücsüzlüyünü duydu. Bildi ki, artıq istədiyini edə bilmir və bir daha eləyə bilməyəcək. Gücü yalnız dünyada özünə həmdəm bildiyi fırçasına çatdı, onları ayaqları altına atıb tapdalamağa başladı. Mircavad rənglər dünyasına açılan qapını birdəfəlik kilidləyirdi. Rənglər patriarxının payızı, yarpaq tökümü idi.

İlyarım sonra - 1992-ci ilin isti iyun günündə rəssam Kopenhagen - Moskva qatarındakı dar kupedə dünyasını dəyişdi. O vaxt Rübabəylə Danimarkada yaşayan oğlu Xəzri ilə görüşdən qayıdırdılar. Həmin an həyatda özünə sarban saydığı Mircavadın gözlərini əbədi yumması və bundan sonra rastlaşdığı hadisələr Rübabə üçün o qədər gözlənilməz oldu ki, o, nə edəcəyini artıq bilmirdi… Hər şey meyitin məcburən Brestdə qatardan düşürülməsindən sonra başladı. Belə ki, onu meyitxanaya aparandan sonra yandırmağa hazırlaşırdılar. O isə həkimlərin qarşısında bacardığı və bacara bilməyəcəyi vədləri dilə gətirərək ərinin meyitinin yandırılmasının qarşısını almağa çalışırdı, onun müsəlman olduğunu, şəriətə uyğun dəfn olunması barədə vəsiyyətini arqument kimi tez-tez bu an asılı olduğu adamlara xatırladırdı. Ərinin meyitini Bakıya aparmaq üçün sink tabut hazırlanması məsləhət görülürdü. Buna razılıq alınanda isə məlum oldu ki, bunun üçün nə Rübabə xanımın kifayət qədər pulu, nə də tabutu hazırlayacaq usta var. Moskvadakı bankların birində Mircavadovların pulunun olması problemin yarısını həll edirdisə, ustanın olmaması hər şeyin üstündən xətt çəkirdi. Son anda məlum olur ki, şəhərdə vaxtilə belə bir usta olub, ancaq çoxdan ona ehtiyac olmadığından bu işdən uzaqlaşıb və harada yaşadığı da məlum deyil. Gərgin axtarışlardan sonra həmin qoca ustanın ucqar bir kənddə yaşadığı bəlli oldu. Onunla əlaqə yaradıldı və o, bu işə çətinliklə də olsa razı salındı. Bundan sonra Rübabə pul ardınca qatarla Moskvaya gedib-qayıdır və usta işə başlayır. Qoca belorus sənətkarının gün ərzində hazırladığı sink tabutu Bakıya uçan təyyarədə tək müşayiət edən Rübabənin sevimli ərini köhnə Yasamal qəbiristanlığında torpağa tapşıranda da yanında cəmisi 3-4 nəfər vardı. Çünki Mircavad özü dəfninin hay-küylü olmasını istəməmişdi. Dost-tanışlarının hamısı da hadisədən ancaq dəfndən sonra xəbər tutmuşdular.

O vaxtdan 17 il keçib. Etiraf edək ki, ona və onun bədii irsinə münasibət arzulanan səviyyədə olmayıb. Onun əsərlərinin əksəriyyəti Azərbaycandan çox, xarici ölkələrdədir. Başqa sözlə desək, mədəni irsimizə soyuq münasibət ənənəsi kimlər tərəfindənsə hələ də davam etdirilməkdədir. 

 

 

Ziyadxan Əliyev,

əməkdar incəsənət xadimi

 

Mədəniyyət.- 2009.- 19 avqust.- S. 8-9.