Fransız kinematoqrafçıları
ilə birgə çəkilən ilk tammetrajlı ekran əsəri
“Kabusun gözü ilə” adlı filmin çəkilişləri
aparılır
Bakıda Azərbaycan və
Fransanın birgə istehsalı olan “Kabusun gözü ilə”
adlı filmin çəkilişinin ikinci mərhələsinə
başlanılıb. Filmin ssenari müəllifi və rejissoru,
məşhur azərbaycanlı dramaturq Rüstəm
İbrahimbəyovdur.
Filmin çəkilişləri
iyulun 21-də Marseldə başlayıb. Fransada işlər
başa çatdırıldıqdan sonra filmin baş rol
ifaçısı, Marselin “Turski” teatrının məşhur
aktyor və rejissoru Rişar Marten də Bakıya gəlib. R.Martendən
başqa, filmdə bolqar Georgi Branev, həmçinin Teymur Bədəlbəyli,
Fatimə İbrahimbəyova, Şükufə Yusupova, Mələk
Abbaszadə, Gülzar Qurbanova və başqaları da rol
alacaqlar.
Filmdə hadisələr
fransız aktyor R.Marten ətrafında cərəyan edir. O,
1990-cı ilin yanvarında gənc Azərbaycan dövlətinin
müstəqillik uğrunda mübarizəsini dəstəkləmək
üçün Bakıya gəlir və burada özündən
20 yaş kiçik aktrisaya vurulur.
Azərbaycan və
Fransanın birgə layihəsi olan film “İbrus” kinoşirkəti
tərəfindən Mədəniyyət və Turizm Nazirliyinin
sifarişi ilə həyata keçirilir. Filmin büdcəsi 1
milyon manat təşkil edir. Bunun 200 min manatını Fransa,
qalan hissəsini isə Azərbaycan tərəfi ödəyəcək.
Ekran əsəri həyat
və psixoloji dram janrı kimi səciyyələndirilir. R.İbrahimbəyovun
mətbuata verdiyi məlumata görə, çəkilişlər
bu ilin sonuna kimi başa çatacaq. Filmin təqdimat mərasimi
əvvəlcə Bakıda, 2010-cu ilin martında isə Marseldə
olacaq.
İntiqam
Mədəniyyət.- 2009.- 19 avqust.- S. 10.