Papaqçılıq yarımçıqlıq sevmir
«O vaxt sevindiyimizdən papağı göyə elə
tullamışıq ki, hələ də
qayıtmayıb»
(C.Məmmədquluzadə)
Yazımı bu sözlərlə
başlamağım səbəbsiz deyil. Səbəbkar isə
papaqçı Lüdmila xanımdır. Əvvəlcə
diqqətinizi bir məsələyə yönəltmək istəyirəm.
Söhbət açacağım bu papaq emalatxanası
paytaxtımızın günbəgün gözəlləşən,
müasirləşən hündür binaları, müasir
standartlara cavab vərən obyektləri ilə göz
oxşayan məkanlarının birində yerləşir.
İlk baxışdan o qədər də diqqət çəkməyən
emalatxana müasirliyin içində nəinki itməyib, əksinə,
uzun illərdi fəaliyyətini davam etdirir.
Mən emalatxanaya daxil
olanda Lüdmila xanım iş başında idi. Məni
mehribanlıqla qarşıladı. Etiraf edim ki, gördüklərim
məni təəccübləndirdiyi qədər də maraq
doğurdu. Axı biz papaqçının kişi olmasına
öyrəşmişik. Məhz bu səbəbdən də
Lüdmila xanımla müsahib olmaq qərarına gəldim.
Söhbət əsnasında
məlum oldu ki, xanım tanınmış papaqçı
Mustafa Cavanşirovun həyat yoldaşıdır. Elə bu sənəti
də ondan öyrənib. Mustafa kişi ilə 35 il bu
emalatxanada işləyib. İndi də onun sənətini davam
etdirir. Qeyd edək ki, Mustafa Cavanşirov məşhur
Qarabağlar nəslindən olub. Təqiblərdən
yaxasını qurtarmaq üçün 30 il Özbəkistanda
yaşayıb. Lüdmila xanımla da elə orada ailə qurub.
1989 -cu ildə isə doğma vətəninə
qayıdıb.
Bu söhbətdən
sonra məni emalatxana ilə tanış etdi. Emalatxana iki
kiçik otaqdan ibarətdir. Lakin emalatxananın divarları zəngin
muzeyi xatırladır. Burada bir çox xalqların milli
papaqları ilə tanış oldum. Üzərində Allah
sözü yazılmış xüsusi papaq və üzərində
saat quraşdırılmış papaq diqqəti uzaqdan cəlb
edir. Buradan papaq almış Azərbaycanın və
tanınmış simalarının yer aldığı şəkil
albomuna da maraqla baxdım. Qısa ekskursiya zamanı Lüdmila
xanım suallarımı cavablandırdı.
- Papaqçılıq
kişi sənəti sayılır. Bir qadın olaraq sizə
çətin deyil?
- Xeyr. Əsas odur ki, sənətini
sevəsən. Mənə elə gəlir ki, mən bu sənət
üçün doğulmuşam. Nə yaxşı ki, belə
bir sənətim var. Düzdür, elə bir vaxt olub ki, mən
hər şeyi atıb getmək istəmişəm. Sonra fikirləşmişəm
ki, onsuz da papaqçılıqla məşğul olan adamlar
barmaqla sayılacaq qədər az qalıb. Bu sənəti
kimsə yaşatmalı, gələcək nəsillərə
ötürməlidir. Axı papaq bizim milli dəyərlərimizdən
biridir. Onu qorumaq lazımdır. Tikdiyim papaqlar mənim deyil,
millətimin papağıdır. Bütün xalqların
öz milli papaqları var. Ancaq iki millətdən başqa.
Rusiya qaraçıları və ermənilərin özlərinə
məxsus olan papaqları yoxdur. Bunun nə demək olduğu
başa düşüləndir.
- Siz həm
kişi, həm də qadın papaqları tikirsiniz. Maraqlıdır,
kim sizə daha çox müraciət edir: kişilər, yoxsa
qadınlar?
- Ən
çox kişilər müraciət edirlər. Papaq onlar
üçün daha böyük məna kəsb edir.
Qadınlardan isə adətən yaşlı nəslin
nümayəndələri papaq tikdirməyə gəlir.
- Azərbaycanın
milli papaqları başqa xalqların papaqlarından nə ilə
seçilir?
- Bu məni
həmişə narahat edən məsələlərdən
biri olub. Bu gün papaqlarımızı digər xalqların
papaqlarından ayıra bilmirik. Hətta milli papaq kimi uzun illərdi
başqa xalqların papaqlarından istifadə olunur. Bunun nəticəsi
olaraq tez-tez telekanallarda “Tərəkəmə” rəqsi
oynayanların başlarında türkmən papaqlarını
görmək olar. Etiraz etdikdə isə məlum olur ki, bundan
onların xəbərləri yoxdur. Bundan basqa, din xadimlərimizin,
xüsusi ilə mollaların istifadə etdikləri papaqlar
bizimki deyil. Onlar rus papaqlarıdır. Əsl Azərbaycan milli
papaqları 12 sm olur. Ölçü dəyişdikdə, məsələn
16 sm olduqda Dağıstan, 18 sm olanda isə Türkmənistan
papağına çevrilir. Bunlara mütləq diqqət etmək
lazımdır.
-
Papağın hazırlanma prosesi necədir?
- Ən
yaxşı papaq mələməmiş quzu dərisindən
hazırlanır və 4 qatdan ibarət olur. Hazırlanma
müddəti 3-4 gün çəkir.
-
Kişinin neçə papağı olmalıdır?
- Necə
ki, qadınların 3 - qara , qırmızı, ag rəngdə
yaylıqlarının olması mütləq sayılır, eləcə
də hər bir kişinin qara (qaragül),
gümüşü, qızılı və ya
şabalıdı rəngdə papağı olmalıdır.
-
Bunların hansı mənaları var?
- Hər mərasimin
ayrı-ayrı papaqları olur. Qara rəng papaqdan yas mərasimlərdə,
gümüşünü gündəlik,
qızılını isə toy mərasimlərində istifadə
edirlər.
-
Papağı harda saxlamaq lazımdır?
- Mənim
üçün Qurandan sonra papaq qədər müqəddəs
heç nə yoxdur. Ona görə də papağı təmiz
və layiqli yerdə saxlamaq lazımdır.
- Hər
adam papaq qoya bilər?
- Ancaq
layiqlilər.
-
Qadınlar papaq qoymalıdırlar?
- Ta qədimdən
Azərbaycan qadınları tirmə, şal örtmüşlər.
Belə davam etsə, daha yaxşı olar.
- Hansı
məşhurlara papaq tikmisiniz?
- Çox
olub. Vaqif Səmədoğlu, Adil Abdullayev, Tahir Salahov və b.
Tahir Salahova tikdiyimiz papağı hələ ona təqdim etməmişik.
Keçən il Novruz bayramında isə İlham Əliyev cənablarına
milli papaq tikib hədiyyə etdik.
- Deyəsən,
davamçılarınız yoxdur?
Hələlik
bir davamçım var... Öyrənmək istəyən
yoxdur.
Bu sənətə
biganəlik elə ən böyük
narahatçılığımdır. Onsuz da ermənilər
hər şeyi özününküləşdirirlər.
Milli xörəklərimizi, musiqimizi, geyimlərimizi... Qorxuram
papağımıza da göz dikələr. İstərdim ki,
milli papaqlarımız yetərincə təbliğ olunsun, gənclərimizə
tanıdılsın. Bir də papaq muzeyinin olmasını istərdim.
Hazırda müxtəlif papaq formaları və onlar haqda məlumatların
əks olundugu kitabça hazırlayıram.
Lüdmila xanım
üzərində işlədiyi kitabça və gələcək
planları haqda ürək dolusu danışdı. Elə
söhbətimizi də bu nikbin notlar üzərində
yekunlaşdırdıq.
Sevinc Asifqızı
Mədəniyyət.- 2009.- 19 avqust.- S. 12.