Naxçıvan şəhərində şahmat məktəbi istifadəyə verilib
Naxçıvan şəhərində
özülü 2007-ci ilin sentyabrında qoyulmuş şahmat məktəbinin
yeni binası istifadəyə verilmişdir. Məktəbin ümumi sahəsi 1,2 hektar, binanın sahəsi 4234 kvadratmetrdir. Müasir tələblərə cavab
verən mərkəzdə
192 və 54 tamaşaçı
yeri olan iki beynəlxalq yarış salonu, 9 sinif otağı, kompyuter otağı vardır. Böyük yarış salonunda kompyuterlərin 12-si internetə
qoşulmuşdur. Salonda
quraşdırılan monitorlar
vasitəsilə beynəlxalq
yarışların videoyazısını
izləmək olur.
Mərkəzdə 600 şagird
şahmatın sirlərinə
yiyələnir. Onların
təlimi ilə 15 müəllim məşğul
olur. Şahmat məktəbi 1982-ci ildə
yaradılmışdır. Naxçıvan şahmat məktəbinin yeni binası dərslərin daha mükəmməl formada təşkilinə imkan yaradacaqdır. Məktəbin şahmatçıları dəfələrlə respublika
və beynəlxalq səviyyəli yarışlarda
uğurlar qazanıb.
2002-ci ildə Bakıda
və Batumidə keçirilən yarışlarda,
2003-cü ildə isə
20 yaşlı şahmatçılar
arasında keçirilən
dünya çempionatında
məktəbin iki şahmatçısı iştirak
etmişdir. Avropa
məktəblilərinin Kiprdə
keçirilən şahmat
festivalında məktəbin
komandası baş mükafatın sahibi olmuşdur. Mərkəzin
Culfa və Şərur rayonunda filialları yaradılmışdır.
Şahmat məktəbinin
ətrafı abadlaşdırılmış və müasir
işıqlandırma sistemi
quraşdırılmışdır.
Hüseyn Əliyev,
Naxçıvan
Mədəniyyət.- 2009.- 19 avqust.- S. 12.