Mənim qiymətim
Vüsal Nuru
Bir şair dostumla ilk əvvəl
adını unutduğum mətbəədən qayıdanda
avtobusda rastlaşdıq. Əlində iki ədəd
kitab var idi. Adətim üzrə maraqlandım. Kitabın üstünə
iri həriflərlə
adı yazılmışdı:
Dünya sevgidən doğulub. Müəllifin
imzasını çox
eşitsəm də, bir misrasını da oxumamışdım. Yol boyu dostumla
birlikdə kitabı vərəqlədik. Çox
səmimi, içdən,
ruhdan süzülərək
yazılmış şeirlərlə
rastlaşdım. (Dostum
məndən əvvəl
tanış idi). Kitabda yalnız müəllifin sevgi şeirləri toplanmışdı.
Sevgi dolu misralar ürəkdən su içdiyi üçün ürəyimi
riqqətə gətirirdi.
Düzdü, şeirlərin
hamısını bəyəndiyimi
desəm, qeyri-səmimi olar. Elə şeirlər var idi ki,
səhifəni ötürürdük.
Amma bu o
demək deyil ki, onlar yaxşı
şeirlər deyil. Sadəcə,hər şeirin öz oxucusu var. Ötürdüyümüz
səhifələrdəki şeirlərin
hissini yaşamadığım
üçün öz
oxucusuna saxladım.
İki il
bundan əvvəlin söhbəti
Kitabın birini mənə
verməsini xahiş eləsəm də, dostum ona məxsus
olmadığını bildirdi. Onda xahiş elədim ki, məni Musa Ələkbərli ilə
şəxsən tanış
eləsin. Həm də onlar bir
rayondan - Gədəbəydə
idilər.
O söz verdi. Hətta dedi ki, Musa
Ələkbərli onun
kitabını havayı
çıxardıb. Musa
Ələkbərlinin bu
xeyirxahlığı onun
bir kişi kimi gözümdə ucaltdı. Bu ucalıqda Musa Ələkbərliyə qanım
qaynadı.
Təəssüf ki,
dostum məsuliyyətsiz və laqeyd olduğundan Musa Ələkbərli
ilə şəxsi tanışlıq o illərdə mənə
qismət olmadı.
Bir il
bundan əvvəl olmuşları
Bir qızın
kitabını yığmışdım.
İşi mənə
Nəcibə İlkin
vermişdi. Elektron variantı diskdə olan kitaba münasib
mətbəə axtarırdıq.
Bu işdə bizə Telman Dəmirin köməyi dəydi. (Sağ olsun!) Bir mətbəənin
ünvanını vermişdi.
(Kimin olduğunu bircə mən bilmirdim) Biz Şur adlı mətbəəyə gələndə
kimi görsəm yaxşıdır? Musa Ələkbərlini. Ay Allah, necə sevindim!
O, incə sevgi şeirlərini
yazan şair dostumun kitabını bu bahalıq vaxtda havayı
çıxardan xeyriyyəçi kişi qarşımda idi. Görüşdük, salamlaşdıq,
tanış olduq.
Mən onunla çox danışmaq istəmirdim. İstəyirdim
onu kənardan seyr edim. İlk
gördüyüm adamın
üzünü oxumağı
sevirəm. Musa Ələkbərlinin şeirləri
kimi də səsi var idi.
Astadan, təmkinlə
mehriban, bir az da ləngərli
danışırdı. Əlbəttə,
kitabın qiymətini
«bazarlıq» edirdik. Biz ərkəsöyün
nəvə kimi danışırdıq. Musa
Ələkbərli də
hövsələli baba
kimi razılaşırdı.
Ortaq qiymətə gəldik və kitabın sifarişini verdik.
Onu da deyim ki, məni gənc
şair kimi Musa Ələkbərliyə təqdim eləmişdilər.
Səhəri gün kitabla əlaqədar yenə gələsi oldum. Yaxından tanış olmağın
əsl məqamı idi. Məni yaxından tanımaq üçün şeir deməyimi istədi. Həyəcanlı olsam da, bir neçəsini
dedim. Xoşuna gəldi. Sonra o da bir
neçə şeir oxudu. Elə bil deyilmiş şeirlər aramızda uçulmaz körpü saldı. O körpüdə
bir-birimizə olan hörmət və məhəbbətimiz
ata-oğul kimi görüşdülər. Demək
olar ki, hər gün Musa Ələkbərli ilə görüşürdüm.
Onun gənclik illəri haqqında çox şey öyrəndim. Xarakterinə
yaxından bələd
oldum. O, ürəyini
sinəsinin üstündə
gəzdirən bir adamdı. Onunla tanış olandan sonra yapon yazıçısı
Rünoske Akutakavanın
sözlərinin səmimiyyətinə
inandım. Şair ürəyini hamıya açan adamdı. Onun ürəyi həmişə hər kəsə açıqdı.
Musa Ələkbərlinin
ürəyi xatirələrlə
doludur. Həyatda olan, olmayan yaşlı
şairlər, yazıçılar
haqqında xatirə dinləməyin dəlisiyəm.
Musa Ələkbərli bunu bildiyi üçün həmişə görüşəndə
mütləq yadına
düşən bir xatirəni danışır.
Ən çox Səməd Vurğunun hamıya qarşı ürəyi açıqlığından,
xeyriyyəçiliyindən, gənclərə dayaq olmağından eşitdiyi
xatirələri danışırıq.
Uzun illər Gənclik nəşriyyatında
işlədiyindən, demək
olar ki, əksəriyyət həmyaşıdları
və yaşlılarla
yaxın münasibətdə,
isti təmasda olub. Odur ki,
sinəsi xatirələrlə
doludur. Hətta hər dəfə ondan xahiş edirəm ki, bu xatirələri bir yerə yığım
kitab çıxartsın.
Amma hələ də yubanır. Mən Musa Ələkbərlinin
Dünya sevgidən doğulur adlı kitabını özündən
aldım. Özü də bal kimi
avtoqrafla. Hətta içində sırf mənim xarakterimə uyğun Tufan şeirini də tapıb əzbərlədim.
Həmişə darıxanda Musa Ələkbərlinin yanına gedirəm. Dərdləşirik, şeirləşirik,
bir neçə saatlıq şair ömrümüzü yaşayırıq.
Yay aylarında başım bir az qarışıq olduğundan ya gec-gec görüşürük,
ya da zəngləşirik.
Bu yaxınlarda şairlə yenidən görüşdük.
Oturub bir az dərdləşəndən
sonra bir kitab çıxartdı. Sevincək soruşdum və bildiyim cavabı aldım. İçinə yenə də bal kimi
bir avtoqraf yazdı. Təbrik eləyib üzündən
öpdüm.
Kitab nəfis tərtibatdadır. Musa Ələkbərlinin yaradıcılıq
qaynağını özündə
ehtiva edən bir adı var
kitabın: Tanrı mənə söyləməsə
yazmaram. Bəlkə də şeir kitabı üçün
bir az uzun
addır. Amma bu ad şair
Musa Ələkbərli
ruhunun hakimini göstərir. Özü
də dəqiqliklə.
Bu kitab Musa Ələkbərlinin yaradıcılıq toplusudur.
Əkrəm Əylislinin
yaxşı bir sözü var, deyir: Dünyada elə şeylər
var ki, onları yalnız şeirlə demək olur.
Musa Ələkbərlinin
bu toplum kitabında məhz şeirlə deyilə biləcək
şeylərin poetik lövhələri verilib.
İsti-isti dilimin əzbəri olan bir şeirindən deyim:
Özləri sığışmaz vaxta, vədəyə,
Təkcə şeirləri vaxtına düşər.
Nədənsə, qızların ən insafsızı
Elə şairlərin baxtına düşər.
Belə yerdə izaha, şərhə nə ehtiyac?!
Kitabdan belə misalları çox gətirə bilərəm. Amma özünüz tapıb oxusanız daha yaxşı olar.
Bu məqamda yazımı Nikolay Vasilyeviç Qoqolun bir sözü tamamlamaq istədim: Şairin, yazıçının bir müəllimi var, o da oxucularıdır. Odur ki, bu kitabı özünüz tapıb oxuyun və qiymət verin!
Mədəniyyət.- 2009.- 19 avqust.- S. 13.