Bakıda Abidələr
Xiyabanı yaradılacaq
Bakı şəhərinin
kənarında Azərbaycan ərazisində sökülən
abidələrdən ibarət xiyaban yaradılacaq. Bu barədə
Prezident Administrasiyasından məlumat verilib.
Abidələr
xiyabanının yaradılması prezident İlham Əliyevin təsdiq
etdiyi “Azərbaycan Respublikası ərazisində yerləşən
monumental heykəltəraşlıq abidələri, xatirə-memorial
və memarlıq komplekslərinin ümumi görkəminin
qorunub-saxlanılması və ətrafının
abadlaşdırılmasına dair tədbirlər planı”nda
nəzərdə tutulub.
Sərəncamda
“Bakı Şəhər İcra Hakimiyyəti və yerli icra
hakimiyyəti orqanları, Dövlət Şəhərsalma və
Memarlıq Komitəsi, Milli Elmlər Akademiyası, Rəssamlar
İttifaqı və Memarlar İttifaqının təklifləri
nəzərə alınmaqla, bədii əhəmiyyət
daşıyan, demontaj edilməli heykəltəraşlıq
abidələrinin saxlanılması üçün Bakı
şəhəri ətrafında ləğv edilmiş və
rekultivasiya olunacaq sənaye zonaları sahələrində
regional heykəllər xiyabanının yaradılacağı
müvafiq əraziləri müəyyənləşdirməli
və təklifləri hazırlamalıdır” deyə qeyd
olunur.
Tədbirlər
planına əsasən Mədəniyyət və Turizm
Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və
digər müvafiq yerli icra hakimiyyəti orqanları ilə
birlikdə Azərbaycan ərazisindəki monumental heykəltəraşlıq
abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin
dövlət reyestrini tərtib etməlidir.
Eləcə də Mədəniyyət
və Turizm Nazirliyi, Dövlət Şəhərsalma və
Memarlıq Komitəsi, Milli Elmlər Akademiyası, Rəssamlar
İttifaqı və Memarlar İttifaqının təklifləri
nəzərə alınmaqla ilin sonunadək ekspert komissiyasının
fəaliyyətini təşkil etməlidirlər.
Bundan əlavə, Mədəniyyət
və Turizm Nazirliyi Dövlət Şəhərsalma və
Memarlıq Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti
və icra hakimiyyətinin yerli orqanları ilə birgə ilin
sonunadək təmir-bərpa işlərinin aparılmasının
tələb olunduğu monumental heykəltəraşlıq,
xatirə-memorial və memarlıq abidələri komplekslərini
müəyyən etməli və onlarla bağlı təkliflər
hazırlamalıdırlar.
Öz növbəsində
Dövlət Şəhərsalma və Memarlıq Komitəsi,
Bakı Şəhər İcra Hakimiyyəti və icra hakimiyyətinin
yerli orqanlarına isə 2009-2010-cu illərdə təmir və
bərpa işlərini aparılması
tapşırılıb.
Mədəniyyət və
Turizm Nazirliyi, Dövlət Şəhərsalma və
Memarlıq Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti
və icra hakimiyyətinin yerli orqanlarına azərbaycançılıq
məfkurəsinə uyğun ucaldılacaq monumental heykəltaraşlıq,
xatirə-memorial və memarlıq abidələri komplekslərinin
eskizlərini və layihə-smeta sənədlərini
hazırlamaq tapşırılıb.
Mədəniyyət.- 2009.- 21 avqust.- S. 1; 2.