Usta Cabirin sənət dünyası

 

Ordubad rayonunun Minkəs məhəlləsinin Ümmül-Leyla küçəsində yaşayır Cabir usta. Səhərdən axşamacan evinin zirzəmisindəki emalatxanasında ağac üzərində oyma dekorativ-tətbiqi sənəti ilə məşğul olaraq müxtəlif məişət əşyaları, musiqi alətləri və bu qəbildən olan sənət nümunələri düzəldən Cabir ustanın qonağı olduq.

Maraqlı, söhbətcil və həyat dolu olan bu ustayla söhbət zamanı öyrəndik ki, Cabir Cabbarov Ordubad şəhərində doğulub. 1968-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-E.Y.) şərqşünaslıq fakültəsinin fars dili şöbəsini bitirib. SSRİ dönəmində Əfqanıstanda tərcüməçi işləyib, sonra vətənə qayıdıb. Əvvəlcə, Naxçıvan şəhərindəki fars dili təmayüllü 1 saylı orta məktəbdə Naxçıvan Dövlət Universitetində fars dilini tədris edib.

Onunla söhbətimizi sizə təqdim edirik.

 

- Universitetdən sonra Ordubada göndərildim. O zamanlar Ordubadda Azərbaycan Milli Elmlər Akademiyasının materialşünaslıq üzrə xüsusi konstruksiya şöbəsi fəaliyyət göstərirdi. 5 il orada işlədim. Eləcə rayondakı Gənc Texniklər Mərkəzində işə başladım. …

Bu yerdə bir az fikrə gedir Cabir usta. Əlindəki işini yarımçıq qoyub bir az daxili dünyasına çəkilir. Mən yaradıcı bir adamın dünyasına müdaxilə etmək istəmirəm. Bir neçə dəqiqədən sonra sözünə davam edir...

- 1988-ci ildə muxtar respublika rəhbərliyindən Gənc Texniklər Mərkəzinə yoxlama gəlmişdi. Orada boş vaxtlarımda düzəltdiyim əl işlərimi gördükdən sonra təəccüblərini gizlədə bilmədilər. Maraqlandılar ağac üzərində oyma dekorativ-tətbiqi sənət dərnəyi açılmasına qərar verdilər. Həmin vaxtdan indiyə kimi o dərnəkdə fəaliyyət göstərirəm. Həm evimdəki emalatxanamda ömrümü həsr etdiyim bu sənəti yaşatmağa çalışıram.

- Usta, maraqlıdır, bu sənətə marağınız vaxtdan yaranıb?

- Uşaqlıq illərimdən məşğul olurdum. O zaman bu sahə çox az yayılmışdı. Heç öyrədilmirdi . Ona görə müstəqil şəkildə çalışırdım. Dekorativ-tətbiqi sənət sahəsinə aid kitab jurnallar əldə edir, yeni formalar axtarıb tapır öyrənirdim. Ümumiyyətlə, qədimdə Azərbaycanda bu sahə ilə əlaqəli olan memarlıq, şəbəkəçilik, fiquryonma s. sənətlər olub. Amma mən bunların hamısından sintez şəklində istifadə edərək yeni formalar yaratmışam.

- Bəs nəslinizdə necə, bu sənətlə az-çox məşğul olanlar varmı?

- Xeyr. Yalnız uzaq qohumlarımdam birinin buna bənzər fəaliyyəti olub. Tanınmış yazıçı İmran Qasımov bizim nəslin nümayəndəsidi. Onun atası Hacı İmran Qasımov XX əsrin əvvəllərində Bakıda tikilən bir neçə memarlıq abidəsinin -İsmailiyyə(İndiki AMEA-nın Əlyazmalar İnstitutu-E.Y.), Səadət sarayı(indiki Memarlar İttifaqı-E.Y.) sair görkəmli binaların heykəltəraşlıq, bədii tərtibatı dekorativ formalarının işlənməsində yaxından iştirak edib.

- Usta, söhbətimiz boyu, diqqət edirəm, demək olar ki, bütün əsərlərinizin üzərində müxtəlif naxışlar var. İşlədiyiniz sənət əsərlərinin üzərinə naxışlar salmaq necə, çətin deyil ki?

- Bəzi naxış formaları var ki, onlar irihəcmli qablar üzərində daha yaraşıqlı görünür. Məsələn, dolçada islimi buta naxışlarını işlətmək yerinə düşür. Bir sözlə, hər material, hər əşya özünə uyğun naxış forması işləmə qaydası tələb edir. Buna görə hər əşyaya özünə uyğun naxış salıram. Sualınıza konkret olaraq belə cavab verim: əgər bir işi ürəkdən görürsənsə, o işə canını, yağını əridirsənsə, çətin olmur. Hətta deyərdim ki, zövq verir.

- Söhbətimizin əvvəlində dekorativ-tətbiqi sənət növünün memarlıqla əlaqəsindən danışdınız. Maraqlıdır, memarlıq sahəsinə müraciət etmisinizmi?

- Ötən il Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinin qarşısında ucaldılacaq bir abidənin layihəsini vermişəm. İndi Bakı şəhərində hazırlanır. Əsasını məhəccər fiqurlar sütunların təşkil etdiyi bu memarlıq nümunəsindən dünyada yalnız Ermitajda Drezdendə var. Bundan sonra Ordubadda da olacaq. Rayonumuzun Heydər Əliyev prospektindəki XVII əsrə aid Cümə məscidinin qarşısında məhəccər fiqurların təmiri mənə tapşırılmışdı. Onları da yenidən işləmişəm.

- Bildiyimizə görə, orijinal tarixi əsərlərin surətlərini yaradırsınız...

- Elədir. Naxçıvanlı Osmanlı Salmanoğlu tərəfindən 1190-cı ildə bürüncdən düzəldilmiş dolçanın surətini yaratmışam. Həmin dolçanın orijinalı isə hazırda Almaniyanın Drezden muzeyində saxlanılır, üzərində miniatür təsvirlər-müxtəlif quş ağac şəkilləri əks olunub. Mən həmin dolçanı necədirsə, elə yaratmışam.

- Yaradıcılığınızda oyma dekorativ-tətbiqi yazılar da xüsusi yer tutur...

- Yazıları şəbəkə formasında verməkdən xüsusi zövq alıram. Məsələn, qoşa minarələrdən ibarət şəbəkədəLailəhailləllahyazılıb. Eyni zamanda, gülab üzərində tuğra yazı üslubunda İslimi şəbəkə növündəNəqşi Cabir Ordubadiyazmışam. Bundan başqa Mömünə Xatun məqbərəsi üzərindəki medalyonlarda Əcəmi Naxçıvani tərəfindən yazılan yazılardan dekorativ-tətbiqi sənət nümunələrimdə istifadə etmişəm. Müşəccər, sünbülə, Münəvvəri xətt növlərindən istifadə etməklə, yeni şəbəkə formaları düzəltməyə isə bi-iki ildi başlamışam.

- Cabir usta, daha hansı yenilikləri tətbiq etmək fikriniz var?

- Rəngarəng şəbəkə növləri hazırlamaq istəyirəm. İndiyədək düzəltdiyim şəbəkələr Əcəmi Əbubəkir oğlunun Yusif İbn-Küseyr, Mömünə Xatun türbələrində işlətdiyi həndəsi şəbəkə növləridir. Lakin digər şəbəkə növləri var ki, onlardan qədim Şərqdə istifadə ediblər, indi isə Avropada daha geniş yayılıb. Onlardan da faydalanmaq niyyətindəyəm.

- Bəs əsərləriniz satılırmı?

Dərin bir ah çəkən Cabir usta həzin bir səslə cavab verir:

- Satılmağa qaldıqda, yaxşı satılır. Daha çox xaricdən gələn turistlər alıb aparır. Yaxın ölkələrdə yüzlərlə əl işim var. Amma bir şeyə təəssüflənirəm. Hər bir əsərimi can qoyub hazırlayıram, düzəldirəm. Satılanda isə elə bilirəm ki, bir övladımı kiməsə qul kimi satmışam. Bu mənə çox ağır gəlir. Əslində, bu təbii haldı, neyləyim ki, mən bununla heç cür barışa bilmirəm.

- Onu da deyim ki, düzəltdiyi ən balaca əşyalardan birini - gülabdanı puluyla almağı da söhbətin başından planlaşdırmışdım. Amma onun son sözlərindən sonra fikrimdən daşındım. Onsuz da Cabir usta kövrəlmişdi, lap kövrəltmək istəmədim. Onunla sağollaşıb ayrıldım.

 

 

Elxan Yurdoğlu,

Naxçıvan

 

Mədəniyyət.- 2009.- 21 avqust.- S. 4.