Şükranlıq, səbir, zəhmət
Ömər Eldarov: "Bunlar həyatda kimin
üçün hər şeyin mayasıdırsa, o, uğur
qazanacaq"
Ömər Eldarov heykəltəraş
olaraq kimliyini çoxdan təsdiq edib. Parlaq istedadı,
maraqlı yaradıcılığıyla. Onu tanımayan,
haqqında eşitməyən azdı desəm, yəqin
yanılmaram. Natəvanın, Füzulinin, Səttar Bəhlulzadənin
heykəllərini, Üzeyir bəy, Rəşid Behbudov,
Süleyman Rüstəm, Şəmsi Bədəlbəyli və
başqa məşhurların qəbirüstü abidələrini
yaradan Ömər müəllim xalq rəssamı fəxri
adını, akademikliyi nahaqdan qazanmadığını
mübahisəiz-filansız sübuta yetirib. Son on ildəsə
Ö.Eldarov akademik Zərifə Əliyevanın və ulu
öndərimiz Heydər Əliyevin qəbirüstü abidələrinin
müəllifi kimi bir daha özünün əvəzolunmaz
heykəltəraşlıq dəst-xəttini bir daha təsdiqlədi.
Bugünlərdə
onunla həmsöhbət oldum. Ömər müəllim
söhbətə keçmişdən başladı.
- Əslimiz
Dağıstandandı. Bizdən başqa orada Eldarov soyadı
yoxdu. Mən Dərbənddə doğulsam da, uşaqlıqdan
Bakıda böyümüşəm. Rəssamlıq Texnikumunu
burada bitirmişəm. Ali təhsili isə Leninqradda -
Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq
Akademiyasında almışam. Əlli ildən çoxdu bu sənətdə
çalışıram.
-İllərdən,
tarixdən söz düşmüşkən, səksəni
keçmisiz, göz dəyməsin, enerjiniz tükənməyib.
Bəlkə bu, yaşadığınız həyat,
qazandığınız nailiyyətlərlə
bağlıdı?
- Tam və birmənalı
cavab vermək çətindi. Əlbəttə, həyatımdan
gileyli deyiləm. Qəti qənaətim belədi ki, zəhmət
insanı ucaltmaqla yanaşı, onu həmişə
işgüzar formada saxlayır. İstəyirsən əkinçi,
neftçi ol, istəyirsən də müəllim, həkim, sənət
adamı - fərqi yoxdu, çalışmaq, özü də
gördüyün işdən zövq almaq üçün
daim formada qalmağın birinci şərtdir. Bizim nəsildə
mənə qədər rəssam, heykəltəraş
olmayıb. Allahın qisməti beləymiş ki, bu sənəti
seçmişəm. Və əgər könüllü olaraq
taleyimi heykəltəraşlığa bağlamışamsa,
demək, bütün əziyyətlərə, gərginliyə
də dözməliyəm. Bilirsiz, çox adam bizim məşhurluğumuza
baxıb "nə qayğısı var?" fikirləşir.
Əslində belə deyil. Hamı kimi mən də, digər
şöhrətli insanlar da bəzən ən adi
qayğılarla üzləşirik. Unutmaq olmaz, eyni ölkədə
və eyni dünyada yaşayırıq. Bir qədər absurd
görünsə belə, bu, hamımızı birləşdirən
ümumi cəhətlərdi. Kimin üçün
şükranlıq, səbir, zəhmət həyatda hər
şeyin mayasıdırsa, o, uğur qazanacaq, xoşbəxtliyi
dadacaq. Yox, əgər bunlara barmaqarası baxırsa, tənbəldisə,
yaxud Allah eləməmiş, bədxahdırsa, onun
axırı yoxdu. Yaşadığım ömür ərzində
kimsəyə pislik, paxıllıq, riyakarlıq etmək
haqqında heç düşünməmişəm də. Mənə
elə gəlir ki, dediyiniz nailiyyətlərin, enerjili
görünməyimin bir səbəbi də ürəyimi belə
gərəksiz şeylərlə doldurmamağımdı...
Əliyevlər ailəsiylə
tanışlığım sovet dövründən
başlayır. Rəhmətlik Zərifə Əliyeva xəstə
yatanda onu yoluxmuşam. Az-az da olsa, Heydər Əliyevlə
görüşər, söhbətlər edərdik. Onun həm
rahat vaxt tapa bilməməsinə, həm də xarakterinə
görə həmin bu azsaylı görüşlər
iş-güc, sənət barədə olardı. Ümumiyyətlə,
Heydər müəllim pərdə saxlayan, hər kəsi
yaxınına buraxmayan insan idi. Deyim ki, sadəliyi özüm
üçün şüar etsəm belə, mən də
münasibətlərdə aradan pərdənin
götürülməməsinə çalışanam. Gümanımca,
belə yaxşıdır. Baxın, mənəvi mühitimizdə
nələr baş verir? Səbəb nədi? Çoxlarının
öz yerlərini bilməməsi, əxlaqi pozuntular,
nadanlıq. Bu mənada H.Əliyevlə görüşəndə
onun həmsöhbətinə hörmət hissi diqqətimdən
yayınmırdı. Sənəti yaradıcı adamları
yüksək qiymətləndirirdi.
- Gərək ki, Siz Heydər
Əliyevin bir neçə heykəlini yaratmısız...
- Dünyada bir əsərin
bir neçə surətini çıxarmaqla tarixdə qalan rəssamlar
var. Yaxud məşhur bir sənətkarın əsərinin
surətini ustalıqla yaradan rəssamlar olub. Üzeyir bəyin
Vyanada qoyulmuş heykəlinin müəllifi də mənəm.
Halbuki vaxtilə Bakıda Üzeyir bəyin qəbirüstü
abidəsini yaratmışam.
- Akademiyadakı vəziyyət
barədə nə deyərdiz?
- Cəmi 8 yaşı
olan tədris müəssisəsinin vəziyyəti necə ola
bilər? Çox şeyin bünövrəsi qoyulur.
Çalışırıq işimiz yaxşı
alınsın. Elədiklərimizi saymağa başlasam, qeyri-təvazökarlıq
olar. Bu isə mədəni adama yaraşan iş deil.
Qısası, biznən təmasda olanlar burdakı vəziyyətdən
yaxşı xəbərdardırlar. Geniş, ağızdolusu
danışmaq üçünsə illər və bundan sonra
görəcəyimiz işlər gərəkdi…
Seymur Elsevər
Mədəniyyət.- 2009.- 21 avqust.- S. 5.